Əsas Səhifə > Ədəbiyyat > Xalq yazıçısı İsmayıl Şıxlı xatirələrdə
Xalq yazıçısı İsmayıl Şıxlı xatirələrdə14-05-2019, 10:17 |
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən qazaxlılar əlamətdar bir hadisənin sevincini yaşamaqdadır. Bəli, bu əlamətdar hadisə isə Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış Sərəncamla bağlıdır. Bu gün hər bir qazaxlı həmin Sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır. Ölkə başçısının ziyalılara, görkəmli şəxsiyyətlərə, ən əsası da biz qazaxlılara verdiyi yüksək dəyər kimi qiymətləndirir. Həmin Sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncamın imzalanması, həmin Sərəncamla "Tədbirlər Planı”nın hazırlanması, rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması və silsilə tədbirlərin keçirilməsi bu dediklərimizin bariz nümunəsidir. "Tədbirlər Planı”nda Xalq yazıçısı haqqında olan xatirələrin işıqlandırılması da yer alıb. Bu gün görkəmli şəxsiyyətlə bağlı daha bir neçə xatirəni təqdim edirik. 1974-cü ilin mart ayı idi. Onda mən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin I kursunda təhsil alırdım. Bizimlə bir qrupda təhsil alan tələbələrdən birinin qış imtahan sessiyasından kəsiri olduğu üçün təqaüd almırdı. Ailəsi kasıb olduğu üçün çox çətin dolanırdılar. Onun həmin təqaüdə böyük ehtiyacı vardı. Məsləhətləşib, həmin vaxt xarici ölkələr ədəbiyyatından bizə dərs deyən böyük yazıçımız, hamımızın böyük hörmət bəslədiyi İsmayıl Şıxlıya müraciət etdik. Xahiş etdik ki, həmin tələbəyə təqaüd verilməsi üçün institutun rektoru, professor Həşim Ağayevə xahiş etsin. İsmayıl müəllim bizi diqqətlə dinlədikdən sonra dedi ki, mən rektordan xahiş edərəm, yəqin ki, sözümü yerə salmaz. Aradan bir neçə gün keçdi. Bir gün mühazirədən sonra İsmayıl müəllim mənə dedi ki, komsomol, (mən həmin vaxt fakültə komsomol komitəsinin katibi idim) dərsdən sonra yanıma gəl. Dərsdən sonra İsmayıl müəllimlə görüşdüm. Mənə dedi ki, rektorla danışmışam, hər ay təqaüd vaxtı həmin tələbə gedib institutun mühasibatlığından təqaüdünü ala bilər. Elə də oldu. Həmin tələbə hər ay institutun mühasibatlığından təqaüdünü (40 manat) alırdı. Bir dəfə biz hamımız təqaüdü aldıq, həmin tələbə isə təqaüdünü ala bilmədi. Mühasibatlıqda ona deyiblər ki, sənin təqaüdün hələ köçürülməyib. İsmayıl müəllim ezamiyyətdə olduğu üçün onu gözləməli olduq. İsmayıl müəllim ezamiyyətdən qayıdanda məsələni ona dedik. Yaranmış problem bir günə həll edildi. Sonralar institutun mühasibatlığında işləyən Teymur adlı şəxs mənə dedi ki, həmin tələbənin təqaüdünü İsmayıl müəllim öz şəxsi vəsaitindən verirmiş və bu qaydada təqaüd alan tələbələr də az deyilmiş. Bir tikə dağ aşırar 1988-ci ilin may ayı idi. Mən onda Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsi yanında Partiya Nəzarət Komissiyasının sədri işləyirdim. Səhər saat təxminən 10 radələrində daxili telefon zəng çaldı. Rayon Partiya Komitəsinin birinci katibi yanına gəlməyimi xahiş etdi. Mən birinci katibin kabinetinə daxil olanda əziz müəllimim İsmayıl Şıxlını orada gördüm. Mehribanlıqla görüşdük. Məlum oldu ki, İsmayıl müəllim 3 günlüyə rayonumuza ezamiyyətə gəlib. Bir neçə yerdə olmaq istəyir. Birinci katibin göstərişi ilə bir "Niva" markalı minik avtomobili ayırdılar. İsmayıl müəllimin arzusu ilə mən də onun bələdçisi oldum. 3 gün İsmayıl müəllimlə rayonumuzun bir çox kəndlərində olduq. Qaymaqlı kəndində olanda İsmayıl müəllim köhnə məktəb binasının qarşısında uzun müddət fikirli dayandı. Sonra öz uşaqlıq xatirələrindən bir neçə epizod danışdı. İsmayıl müəllimin atası Qəhrəman müəllim bu məktəbdə müəllim işləyibmiş. Ailəsi də həmin məktəbin otaqlarından birində qalırmış. Həmin otağa daxil olduq. İsmayıl müəllim uzun müddət kövrək baxışlarla otağın hər bir küncünə nəzər saldı, xeyli fikrə daldı. Həmin günlərin birində Birinci Şıxlı kəndinin ərazisindəki "Gəmi qaya"ya qalxdıq. Günorta vaxtları idi. Kənd haqqında, Kürün o biri sahilindəki Qarayazı meşələri haqqında, həmin qaya barədə İsmayıl müəllim çox maraqlı söhbətlər etdi. Geri dönəndə mən sürücüdən sağa dönməsini xahiş etdim. "Sınıq körpü"nün yanındakı "Koroğlu" restoranında dadlı yeməklər verirdilər. Fikrim İsmayıl müəllimlə birlikdə orada nahar etmək idi. Lakin İsmayıl müəllim etiraz edərək təkidlə şəhərə dönməyimizi xahiş etdi. Sürücü də təbii ki, İsmayıl müəllimin arzusunu yerinə yetirdi. İsmayıl müəllim qabaqda sürücünün yanında, mən isə arxada oturmuşdum. İncik şəkildə dedim ki, axı, günorta yeməyinin vaxtı idi. İsmayıl Şıxlı geri döndü, özünəməxsus tərzdə gülümsəyərək mənə və sürücüyə bir neçə peçenye uzadaraq dedi: "A komsomol, atalar deyib ki, bir tikə dağ aşırar, yoxlayaq görək düzmü deyirlər". Şəhərə gələndə bildim ki, İsmayıl Şıxlının vacib görüşü varıymış, ağsaqqallarla görüşməli imiş. Ona görə tələsirmiş. Fariz VƏLİYEV, "Tərəqqi” medallı, təqaüddə olan dövlət qulluqçusu veteranı Geri qayıt |