Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasbətilə İkinci Şıxlı kəndində bağ salınıb
Bu gün hər kəsə yaxşı
məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli
sərəncamına əsasən qazaxlılar əlamətdar bir hadisənin sevincini yaşayır. Bəli, bu
əlamətdar hadisə isə Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan
olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış
sərəncamla bağlıdır. Bu gün hər bir qazaxlı həmin sərəncamı sonsuz minnətdarlıq
hissi ilə qarşılayır. Ölkə başçısının öz ziyalısına, görkəmli şəxsiyyətlərinə,
ən əsası da biz qazaxlılara verilən yüksək dəyər kimi qiymətləndirir.
Bu gün həmin ali sərəncama
əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley
tədbirinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi hazırlıq işləri görülür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli
şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil
olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın
imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət
işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin,
yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral, 13 mart və 8
aprel 2019-cu il tarixlərində rayon ziyalılarının, ağsaqqallarının, Xalq
yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi
bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Bu gün isə tədbirlər
planına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən meyvə bağı salınıb. İkinci Şıxlı
kəndində "Ağalıq düzü” deyilən və Xalq yazıçısının babalarının yurd yeri olan
ərazidə alma və ərik ağacları əkilib. Salınan bu bağ İkinci Şıxlıların, eləcə
də rayon sakinlərinin görkəmli şəxsiyyətə verdiyi böyük dəyərdir. Bu gün hər
bir qazaxlı Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı ölkə başçısının
onlara yaratdığı imkanı geniş dəyərləndirir və öz töhfəsini verməyə çalışır.
Rayon rəhbərliyi tərəfindən salınan və ziyalıların minnətdarlıq hissi ilə
qarşıladığı bu bağ dediklərimizin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov da bu möhtəşəm tədbirdə iştirak etmək üçün
İkinci Şıxlı kəndinə gəlib.
Tədbirdə Bakı Dövlət
Universitetinin direktoru Arif Rüstəmov, qonaqlardan Ağstafa Regional Mədəniyyət
İdarəsinin rəisi Vüqar Qədirov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və
təşkilat rəhbərləri, ali və orta ixtisas müəssisələrinin tələbələri, məktəb
direktorları, müəllimlər, məktəblilər, gənclər, ağsaqqallar, ziyalılar, 100
illik yubiley tədbirinin təşkili ilə bağlı yaradılmış işçi qrupunun üzvləri də
yeni bağın salınmasında böyük sevinc hissi ilə iştirak ediblər.
Birinci
Şıxlı kənd tam orta məktəbin şagirdləri Azərbaycan Respublikasının Dövlət Himnini
oxuduqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına nəzər salınıb,
xatirələr danışılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına
böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı
Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar, xüsusilə də
şıxlılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, 2018-ci
ilin axırı Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax müəllimlər seminariyasının
100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci
il tarixli sərəncamın verilməsi ilə əlamətdar idisə, 2019-cu ilin əvvəli Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində
keçirilməsi üçün imzalanan sərəncamla yaddaqalan oldu. Bu iki sərəncam elmə,
təhsilə, ədəbiyyat sahəsinə verilən dəyərlə yanaşı, həm də qazaxlı ziyalılara
olan böyük hörmət və ehtiramın ən ali göstəricisidir.
Rayon rəhbəri qeyd edib ki,
bu gün hər bir qazaxlı fəxr edir ki, ulu öndər Heydər Əliyevin qiymət verdiyi,
ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq
kimi bir şansı var və bu şansı bizlərə ölkə başçısı öz sərəncamı ilə bəxş edib.
İcra başçısı vurğulayıb ki,
dövlət başçısının İsmayıl Şıxlı şəxsiyyətinə və yaradıcılığına verdiyi dəyər
imzaladığı sərəncamda da öz əksini tapır. Sərəncamda qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək
mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan
xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır.
Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol
açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik
irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə
meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini
tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin
təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi
cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi
nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq
məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Rayon rəhbəri yubiley
tədbirinin Qazaxda yüksək səviyyədə qeyd olunması üçün lazımi hazırlıq tədbirlərinin
görüldüyünü, tədbirlər planının hazırlandığını və bu gün salınan bağın da həmin
tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar
Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal
çıxış edərək Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai
xadim İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdırıb.
Yubileylə bağlı keçirilən silsilə tədbirləri yüksək qiymətləndirən şair başda
ölkə başçısı olmaqla, rayon rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını
bildirib. Qazaxda ziyalılara, saz, söz adamlarına rayon rəhbərliyi tərəfindən hər zaman xüsusi qayğı ilə
yanaşıldığını diqqətə çatdırıb.
Birinci
Şıxlı kənd tam orta məktəbin şagirdləri Xalq yazıçısına həsr olunmuş şeirlər
səsləndiriblər.
Sonra
tədbir iştirakçıları meyvə bağına əkiləcək tingləri basdırıblar. Bağı
əbədiləşdirən löhvə önündə xatirə şəkli çəkdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş