Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasbətilə İkinci Şıxlı kəndində bağ salınıb

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasbətilə İkinci Şıxlı kəndində bağ salınıb


15-04-2019, 14:55

Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən qazaxlılar əlamətdar bir hadisənin sevincini yaşayır. Bəli, bu əlamətdar hadisə isə Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış sərəncamla bağlıdır. Bu gün hər bir qazaxlı həmin sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır. Ölkə başçısının öz ziyalısına, görkəmli şəxsiyyətlərinə, ən əsası da biz qazaxlılara verilən yüksək dəyər kimi qiymətləndirir.

Bu gün həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral, 13 mart və 8 aprel 2019-cu il tarixlərində rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bu gün isə tədbirlər planına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən meyvə bağı salınıb. İkinci Şıxlı kəndində "Ağalıq düzü” deyilən və Xalq yazıçısının babalarının yurd yeri olan ərazidə alma və ərik ağacları əkilib. Salınan bu bağ İkinci Şıxlıların, eləcə də rayon sakinlərinin görkəmli şəxsiyyətə verdiyi böyük dəyərdir. Bu gün hər bir qazaxlı Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı ölkə başçısının onlara yaratdığı imkanı geniş dəyərləndirir və öz töhfəsini verməyə çalışır. Rayon rəhbərliyi tərəfindən salınan və ziyalıların minnətdarlıq hissi ilə qarşıladığı bu bağ dediklərimizin əyani sübutudur. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da bu möhtəşəm tədbirdə iştirak etmək üçün İkinci Şıxlı kəndinə gəlib.

Tədbirdə Bakı Dövlət Universitetinin direktoru Arif Rüstəmov, qonaqlardan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ali və orta ixtisas müəssisələrinin tələbələri, məktəb direktorları, müəllimlər, məktəblilər, gənclər, ağsaqqallar, ziyalılar, 100 illik yubiley tədbirinin təşkili ilə bağlı yaradılmış işçi qrupunun üzvləri də yeni bağın salınmasında böyük sevinc hissi ilə iştirak ediblər.

Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına nəzər salınıb, xatirələr danışılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar, xüsusilə də şıxlılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, 2018-ci ilin axırı Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamın verilməsi ilə əlamətdar idisə, 2019-cu ilin əvvəli Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi üçün imzalanan sərəncamla yaddaqalan oldu. Bu iki sərəncam elmə, təhsilə, ədəbiyyat sahəsinə verilən dəyərlə yanaşı, həm də qazaxlı ziyalılara olan böyük hörmət və ehtiramın ən ali göstəricisidir.

Rayon rəhbəri qeyd edib ki, bu gün hər bir qazaxlı fəxr edir ki, ulu öndər Heydər Əliyevin qiymət verdiyi, ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansı var və bu şansı bizlərə ölkə başçısı öz sərəncamı ilə bəxş edib.

İcra başçısı vurğulayıb ki, dövlət başçısının İsmayıl Şıxlı şəxsiyyətinə və yaradıcılığına verdiyi dəyər imzaladığı sərəncamda da öz əksini tapır. Sərəncamda qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Rayon rəhbəri yubiley tədbirinin Qazaxda yüksək səviyyədə qeyd olunması üçün lazımi hazırlıq tədbirlərinin görüldüyünü, tədbirlər planının hazırlandığını və bu gün salınan bağın da həmin tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdırıb. Yubileylə bağlı keçirilən silsilə tədbirləri yüksək qiymətləndirən şair başda ölkə başçısı olmaqla, rayon rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını bildirib. Qazaxda ziyalılara, saz, söz adamlarına rayon rəhbərliyi  tərəfindən hər zaman xüsusi qayğı ilə yanaşıldığını diqqətə çatdırıb.

Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri Xalq yazıçısına həsr olunmuş şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları meyvə bağına əkiləcək tingləri basdırıblar. Bağı əbədiləşdirən löhvə önündə xatirə şəkli çəkdiriblər. 






















GOYEZEN.AZ


Geri qayıt