Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı hazırlanacaq tədbirlər planında əksini tapan təklif və məsələlər müzakirə olunub
Bu gün hər kəsə yaxşı məlumdur ki, ötən il Qazax rayonu və qazaxlılar üçün bir əlamətdar hadisə ilə yadda qaldı. Ölkə başçısı İlham Əliyev Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncam imzaladı. Bu xəbər bütün rayon ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılandı. Qazaxlı ziyalılar bu sərəncamı təkcə seminariyaya deyil, bütövlükdə təhsil sahəsinə verilən yüksək qiymət kimi dəyərləndirdilər və buna görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Bəli, bu sərəncam bir daha onu sübut etdi ki, ölkəmizdə təhsil sahəsinə nə qədər yüksək diqqət və qayğı ilə yanaşılır. Qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti bu gün də ölkə rəhbərinə öz dərin təşəkkürlərini çatdırırlar. Çünki ölkə başçısı ötən il olduğu kimi, bu il də daha bir sərəncamı ilə biz qazaxlıları sevindirdi, qürurlandırdı. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən 28 yanvar 2019-cu il tarixli sərəncamın imzalanması hər bir qazaxlının ürəyincə oldu. Bu sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayan qazaxlılar, eləcə də bütün ictimaiyyət nümayəndələri bir daha şahidi oldu ki, ölkə başçısı, dövlətimiz öz ziyalısına, görkəmli şəxsiyyətlərinə həmişə yüksək dəyər verib və bu, bundan sonra da belə olacaqdır.
Bəli, bu gün həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral və 13 mart 2019-cu il tarixlərdə rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Həmin sərəncama əsasən qeyd olunan məsələlərdən biri də yubileylə bağlı tədbirlər planının hazırlanmasıdır. Bu gün tədbirlər planında əksini tapan təklif və məsələlər müzakirə olunub. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon ziyalıları, ağsaqqallar, işçi qrupunun üzvləri, Ədəbiyyat müəllimləri, gənclər, Xalq yazıçısının yaxınları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib.
İcra başçısı qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Çünki biz keçirilən həmin tədbirlərlə həm də Qazaxı təqdim etmiş oluruq. Odur ki, hər bir tədbir öz əhəmiyyətinə görə böyük məna daşıyır.
İcra başçısı bildirib ki, bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz sərəncamı ilə bəxş edib.
Rayon rəhbəri vurğulayıb ki, istər fevral, istər mart aylarıında geniş tərkibdə keçirilən müşavirələr, müxtəlif vaxtlarda dəfələrlə olan görüşlər, eləcə də bugünkü növbəti tədbirin keçirilməsində əsas məqsəd yubiley tədbirinin respublika səviyyəsində təntənəli şəkildə təşkil olunmasını, təklif və istəklərimizi bir daha gözdən keçirmək və tədbirlər planında öz əksini tapması üçün müzakirə etməkdir. Var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu kimi təqdim edə bilək. Ən əsası bizlər də çalışmalıyıq ki, ölkə başçısının qazaxlılara, qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə keçirməklə qiymətləndirək.
Sonra tədbirlər planında qeyd olunacaq təkliflər işçi qrupunun üzvləri və rayon ziyalıları tərəfindən müzakirə olunub. Səsləndirilən digər əlavə təkliflər də qeyd olunaraq tədbirlər planının hazırlanması hamılıqla qəbul olunub.
Həmin tədbirlər planında öz əksini tapan ən başlıca məsələlərdən biri görkəmli yazıçının həyat və fəaliyyətini, keçdiyi böyük yaradıcılıq yolunu işıqlandırmaq, onunla bağlı xatirələri geniş tamaşaçı kütləsinə çatdırmaq məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Əbədiyyət heykəli” adlı sənədli filmin çəkilməsidir. Bundan əlavə, İsmayıl Şıxlı yaradıcılığına, şəxsiyyətinə dəyər verən tanınmış insanların xatirələrinin yer aldığı "İsmayıl Şıxlı xatirələrdə” adlı kitabın çap olunmasıdır. Həmçinin, 100 illik yubileylə bağlı rəsm və məqalə müsabiqələrinin, bilik yarışlarının, ədəbi gecə və konfransların keçirilməsi və s. da bu istiqamətdə görülən işlərdəndir.
Ziyalılardan Bakı Dövlət Universiteti Qazax filialının direktoru Arif Rüstəmov, rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, işçi qrupunun üzvlərindən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, RİHB-nin Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Mübariz Abdullayev, "Göyəzən” qəzetinin baş redaktoru Elçin Məmmədov, ağsaqqallardan Cavanşir Rüstəmov, Rəhim Rəhimov, şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi Tahirə Xasməmmədova və başqaları çıxış edərək öncə yubiley tədbirinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə ölkə başçısına böyük minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.
İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki, o, nəinki eli, obası, eləcə də bütöv Azərbaycan üçün dəyərli insan idi. O, Azərbaycanın ziyalısı idi. O, təkcə Qazaxın deyil, bütün Azərbaycanın İsmayıl Şıxlısı idi. Uşaqla uşaq, böyüklə böyük olan o görkəmli şəxsiyyət bu gün də əbədi olaraq qəlblərdə yaşayır. Hər kəsin qəlbində, xatirələrində özünəməxsus xüsusiyyətləri ilə dərin bir iz qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbirlər planında əksini tapacaq təkliflər və məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş