BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib
Respublika mətbuatı Qazax haqqında
Qazaxda dahi Azərbaycan
yazıçısı İsmayıl Şıxlının yubileyinin keçirilməsi davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı
Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai
xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr
olunmuş elmi-praktik konfrans keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Xalq
yazıçısının övladları, Ayna.az saytının və Ayna tv-nin təsisçisi Elçin Şıxlı,
rəssam, jurnalist, "Ayna"- "Zerkalo" qəzetlərinin məsul
katibi Fərrux Şıxlı, filologiya elmləri doktoru, professor Rüstəm Kamal,
filialın direktoru, dosent Arif Rüstəmov və müəllim-tələbə kollektivi, idarə,
müəssisə və təşkilat rəhbərləri, görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik
yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması məqsədilə rayon rəhbərinin
müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupunun üzvləri, ziyalılar,
ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə filialın foyesində Xalq yazıçısının həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
Sonra qonaqlara və konfrans iştirakçılarına Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub.
BDU Qazax filialının
direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və konfrans
iştirakçılarını salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində
keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar
2019-cu il tarixli sərəncamı qazaxlı ziyalılara, xüsusilə də ədəbiyyat
sahəsində olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bu tarixi
əhəmiyyətli sərəncamın imzalanmasına görə rayon ziyalıları, eləcə də konfrans
iştirakçıları adından minnətdarlığını çatdırıb. Azərbaycan mədəniyyətinin dünya
çapında tanınmasında, təbliğ olunmasında misilsiz xidmətləri olan Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin
təşəkkürlərini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək
bildirib ki, ölkə başçısı İlham Əliyevin İsmayıl Şıxlı yaradıcılığına böyük
qiymət verməsi, Xalq yazıçısının 100 illik yubileyinin qeyd olunması ilə bağlı
imzaladığı sərəncam bu gün bütün qazaxlılar tərəfindən böyük rəğbət və sevinc
hissi ilə qarşılanır. Azərbaycan təhsilinin inkişafında xüsusi yeri olan Qazax
müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması
ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamdan sonra Xalq yazıçısının 100
illik yubileyi ilə əlaqədar növbəti dəyərli sərəncamın imzalanmasına görə
Respublika Prezidenti İlham Əliyevə bütün rayon ictimaiyyəti və ziyalılar
adından bir daha öz dərin minnətdarlığını çatdırıb.
Rayon rəhbəri yubileylə bağlı həyata keçirilən tədbirlərin silsiləli şəkildə
davam etdiyini bildirərək görülməsi nəzərdə tutulan işlərdən də danışıb. Xalq
yazıçısı haqqında film çəkilməsini, rəsm və məqalə müsabiqələrinin
keçirilməsini, görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta
məktəbin qarşısında büstünün qoyulmasını, eləcə də digər tədbirlərin həyata
keçirilməsini bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi kimi
dəyərləndirib.
Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, əsərlərini özündə əks etdirən slayd nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal "Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” adlı məruzə ilə çıxış edərək görkəmli şəxsiyyətin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb. Xalq yazıçısı ilə bağlı xatirələrindən danışıb.
Filologiya elmləri doktoru,
professor Rüstəm Kamal "İsmayil Şıxlı nəsrinin poetikası” mövzusunda çıxış
edərək əsərlərində, xüsusilə də "Dəli Kür” romanında olan obrazların
ətraflı şəkildə izahını verərək konfrans iştirakçılarına yazıçının nə demək
istədiklərini çatdırıb.
Filialın dillər, ədəbiyyat və onların tədrisi
metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova
"İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyəti”, kafedranın müəllimi Türkan
Məmmədova "İsmayıl Şıxlının "Öləm dünyam” əsərində mənəviyyat
məsələləri”, AYB-nin üzvü, şair Mustafa Rasimoğlu və digər çıxış edənlər Xalq
yazıçısının əsərlərini, eləcə də əsərlərdəki obrazları əhatəli şəkildə izah
edərək ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız töhfələrdən danışıblar.
Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək atasının 100 illik yubiley
tədbirinin belə yüksək səviyyədə keçirilməsi üçün imzaladığı sərəncama görə
ölkə prezidenti İlham Əliyevə ailəsi adından minnətdarlığını çatdırıb. Atasının
doğulduğu doğma Qazax yurdunda yubiley tədbirinə xüsusi hazırlıq işlərinin
aparılmasına, belə yüksək səviyyəli tədbirlərin, konfrasın keçirilməsinə görə
rayon rəhbərliyinə, BDU Qazax filialının kollektivinə təşəkkürlərini çatdırıb.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
2 may 2019-cu il
Facebook-da paylaş