• Təqvim

  • Maraq



Bu gün Türkiyədə yaşayan dəyərli ziyalımız professor Ali Kafkasyalının doğum günüdür


Doğma Azərbaycanımızın Qərb qapısı kimi tanınan Qazax eli hər zaman sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Bu yurd həm də yetirdiyi tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri, dövlətinə, xalqına, millətinə cani könüldən bağlı olan oğulları ilə də səs salıb dörd bir yana. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda sayılıb-seçilən ziyalılarımız çoxdur. Hətta, ölkəmizdən kənarda yaşayan ziyalılarımız belə Azərbaycanın adını hər zaman uca tuturlar.

Yaradıcılığı və əhatəli şəkildə apardığı araşdırmaları ilə ədəbiyyatımıza öz töhfəsini verən ziyalılarımızdan biri də həmyerlimiz, Türkiyədə yaşayan, Ərzincan Binəli Yıldırım Universitetinin Professoru, doktor Ali Kafkasyalıdır. Ömrünü Azərbaycandan uzaqda, qardaş Türkiyədə yaşamasına baxmayaraq Onun ürəyi hər zaman doğma el-obası ilə döyünüb. Qələmə aldığı elmi əsərlərində, məqalələrində, araşdırmalarında bunu aydın şəkildə göstərib. Ədəbiyyatımıza, poeziyamıza saysız-hesabsız elmi məqalələr, nəşrlər, kitablar bəxş edib. Bu gün əminliklə deyə bilərik ki, dəyərli ziyalımızın qələmə aldığı Xalq şairi Səməd Vurğuna həsr olunmuş “Səməd Vurğun Milli şairə dair” adlı kitab Səməd Vurğun sevərlərə ən böyük hədiyyədir.

Bu gün, yanvarın 23-ü dəyərli ziyalımızın 71 yaşı tamam olur. Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi, yazarlarımızı, ziyalılarımızı daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb dəyərli ziyalımızı təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov Prof.Dr. Ali Kafkasyalını doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Ürəyi Qazaxla döyünən dəyərli eloğlumuza yeni yaradıcılıq uğurları arzulayıb.

Prof. Dr. Ali KAFKASYALI Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professorudur. Daha əvvəl Atatürk Universiteti. Giresun Universiteti, Qazaxıstan Hoca Ahmet Yesevi Beynəlxalq Türk – Qazax Universitetlərində məsul vəzifələrdə çalışıb. Universitetə başlamazdan əvvəl 6 ili Fransada olmaqla, 15 il Türkiyənin müxtəlif şəhərlərində müəllim və idarəçi vəzifələrində çalışıb. 

1987-ci ildən Türkiyə xaricindəki türk və digər türk xalqlarının dili, ədəbiyyatı, tarixi və folkloru üzərində araşdırma apararaq bir çox mühüm əsərlər yazmışdır. 

Elmi kitablarının bir neçəsi: 

“İran Türk ədəbiyyatı antologiyası”, Atatürk Universiteti nəşriyyatı, 2002 (6 cild, 3490 səhifə).

“İran türkləri aşıq mühiti”, Ərzurum 2006 (318 səhifə).

“İran türk aşiqləri və milli kimlik”, Ərzurum 2007 (326 səhifə).

“İran türkləri”, Bilgeoguz nəşriyyatı, İstanbul, 2009 (972 səhifə).

“İran coğrafiyasında türklər”, Bilgeoguz nəşriyyatı, İstanbul, 2010 (332 səhifə).

“Sürgündə aşıq ənənəsi - Orta Asiyaya sürgün edilən Axıska-Axılkələk aşıq ənənəsi və aşıqlar”, Qazaxıstan-Almata, 2013 (350 səhifə).

“Səməd Vurğun – Bir milli şair haqqında”, Bengü nəşriyyatı, Ankara, 2022 (377 səhifə).     

Romanları:

“Qafqaz qoçaqları”, Karınca nəşriyyatı, 2018, Ankara.

(Fars, Rus, Qazax və Azərbaycan türkcəsinə tərcümə edilmişdir)

“Qartallar sınır tanımaz”, Karınca nəşriyyatı, 2020, Ankara.

(Fars, Rus, Qazax və Azərbaycan türkcəsinə tərcümə edilmişdir)

Hekayələri:

“Topal Əsgər”, Karınca nəşriyyatı, 2019, Ankara.



Facebook-da paylaş