• Təqvim

  • Maraq



Yetmişi keçirdin yüzə nə qaldı?


Prof.Dr. Ali Kafkasyalı

Bu başlıq qəlbi türk dünyasına sığmayan Qazax elinin iftixarı Professor Ali Kafkasyalıya aiddir. 34 yaşında tanış olmuşduq. Bakıda şair-alimimiz rəhmətlik Mustafa İsgəndərzadənin ocağında. Çinar adlı göz nuruna saz öyrətdiyim 1987-ci ilin bir bahar günlərində. Yaxşı xatırlayıram ki, tanınmış tədqiqatçı-şairimiz Məmməd Aslanın qonağı olduğu bir mübarək gündə. “Ərzurumun Gədiyinə Varanda” adlı kitabını yazmaq üçün Türkiyədə olduğu zaman qardaşlıq, dostluq ünsiyyəti qurmuşdular. Kitab nəşr olunandan sonra sovetlər dönəmində oxuyub Ərzurum vasitəsilə Anadolumuzu da öyrənə bildik. Bir çox türk alimlərimizi, şairlərimizi məhz bu tütyə kimi əl-əl gəzən, maraqlı bilgilərlə zəngin kitabla bəzi mətləbləri öyrənə bildik şükürlər olsun ki. 

Ali Kafkasyalının “Odlar diyarımıza” təşrif buyurmasının iki ana hədəfi var idi. İlk araşdırması o dönəmdə bir əsrə yaxın Qazax məkanından bir çox siyasi olaylar səbəbi ilə köç etmək məcburiyyətində qalmış atasının qohum əqrəbalarını, yurd yuvalarını gizli də olsa ziyarət edib mənəvi borcunu yerinə yetirməklə daxilindəki boşluğu bir qədər də olsa doldura bilmək məramı. İkinci isə Türkiyədə sözləri ilə ün salmış, qüdrətli aşığımız Aşıq Mikayıl Azaflı ilə tanış olmaqla bu ustad haqda onun yaradıcılığı, sənəti barədə məqalələr və ən əsası isə elmi iş-disertasiya yazmaq idi. Mustafa bəyin evindəki bu tanışlığımız əbədi ünsiyyətimizin, dostluğumuzun bəlgəsi kimi saz adlı möhürlə İsgəndərzadə ocağında 10 yaşlı böyük oğlu Savaşın (hal-hazırda Kırıkkale Universitetinin Professordur İ.İ.) şahidliyi ilə o mübarək gecədə təsdiqlənmiş oldu. Bu gəlişindəki arzularını şükürlər olsun ki, yerinə yetirib qohum əqrəbalarını ziyarət edərək Qazax-Ərzurum yolundakı həssas incə cığırında ot, çayır bitməsinə, qohum əqrəbalardan ayrılıqda qalmamasına, bu həsrətə, mənəvi niskilliyə son vermiş oldu. Elmi işlə bağlı tədqiqat səbəbi ilə də üzbəüz işgüzar görüşlər əsasında lazımi dəyərli məlumatları ustad Mikayıl Azaflıdan aldıqdan sonra Türkiyədə silsilə məqalələr yazıb ustad aşığımızı - Mikayıl Azaflımızı Anadolu torpaqlarında geniş miqyasda ədəbi-mədəni cameədə tanıda bildi. Qısa bir vaxt zaman dilimində isə bir daha Azərbaycanımıza varid olduğu zaman artıq “Mikayıl Azaflının yaradıcılıq yolu” adlı dissertasiyasının müdafiəsinə gəlmişdi. Filologiya Elmləri Doktorları Professorlar, Azad Nəbiyev və Əzizə Cəfərzadənin rəhbərliyi ilə uğurla nəticələnən namizədlik işindən bir müddət, Azərbaycan Respublikası Ali Attestasiya qurumundan da sertifikasını aldıqdan sonra Anadolunun elm aləmində tədqiqatçı alim olaraq, bilik bacarığını yazdığı onlarla kitablarında, müntəzəm yayınlatdığı elmi araşdırma əhəmiyyətindəki aktual mövzudakı məqalələrlə isbat etmiş oldu. Bütün bu yazdıqlarım Ali Kafkasyalını yaxından tanıyan, yaradıcılığına və uğurlarına sevinən insan kimi fantastik fəaliyyəti sayəsində xoş sədalarını, uğurlarını simpoziumlardan, hətta, Türk dünyasında sədasını duymaqla iftixar etməkdəyəm bu gün belə. Çünki elm aləmində “Ağır samballı alimlər”imiz sırasında yer alır Ali bəy Kafkasyalı. Necə ki, mənim nəzərimdə İraq-kərkük mədəniyyətini, folklorunu Azərbaycanda tanıdan professor Qəzənfər müəllim Paşayev kimi, Azərbaycan musiqi-estetika elmini 25 il sərasər Türkiyədə propoqanda etmiş, türk tələbələrinə dərslər verərək 700 elmi məqalələr, 53 kitab yazmış Fəlsəfə Elmlər Doktoru, professor Babək Osmanoğlu Qurbanov kimi. 

Ali Kafkasyalının Azərbaycana növbəti təşrifi zamanı üçüncü görüşümüzü şairimiz Məmməd Aslan gerçəkləşdirdi. Məmməd müəllim xahiş etdi ki, “Sazını da götür gəl sənin çalğını kameraya yazdıracağam”. Bu işə qəlbən razı oldum. (Çünki hörmətli şairimizin xətir hörməti vardı. 1963-cü ildə Kəlbəcərdə Dədə Şəmşirin 70-ci il yubileyində atam Cəmil Əkbər çıxış etdiyi zaman tanış olmuşdular). Bu səbəblə də dediyi ünvana gəldiyimdə Ali Kafkasyalının qohumu Söhrabın evində görüşmək şərəfinə nail oldum. Mən sazda klassik saz havalarımızdan nümunələr “Ürfani”, “Yanıq Kərəm”, “Baş Sarıtel” və s. çaldıqca, Məmməd Aslan da kamerayla Ali bəyin çəkimini seyr edirdi kənardan. Çünki bu ifaları əbədiləşdirməyin xoş halında yaratdığı məmnun ovqatı çöhrəsində, üz-gözündə müşahidə edib daha da həvəslə, coşğu ilə xidmətimi göstərməyə çalışırdım. Nəhayət Məmməd bəyin ricası ilə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”sını çalmağımı xahiş edəndə sözünü yerə salmaq heç xəyalımdan keçərdimi? Çünki arif, zövqlü bir insan, şairlikdə şeiriyyətin “cikini-bikini”, incəliklərini misralardakı melodiyanı duyan, ahəngi anlayan, çox həssas qəlbə malik, olğun, dolğun, dili-dilçəyi olan, sözünü üzə deyə bilən məğrur təbiətli şair-musiqiçi idi həm də. “Uvertüra”nı xüsusi bir köklə nizamlayıb sazın tellər arasındakı münasibətdəki müvazinətinə, tarazlığına nail olduqdan sonra çalıb ilk dəfə Ali Kafkasyalını heyran edə bildim. Təəccübünü saxlaya bilməyib etiraf etdi ki, “Bu musiqini heç kimdən duymamışam. İlk dəfədir ki, şahidi oluram ki, əcəba bu musiqini heç çalmaq olarmı? Xəyalımdan keçirə bilmirəm bu müşahidə etdiklərimə heç cür inana bilmirəm”. Ali bəyin bu səmimi etiraflarını heç vaxt unuda bilmirəm. Çünki xoş xatirəli gündən ömrümə yazıldı bu ifadələr. Onu da dedi ki, “Ərzurum universitetində çalışacağam ki, tənəffüslər arasında bu sazda indi çaldığın, mənim lentin yaddaşına aldığım qeydlər orada səsləndirilsin”. Bu hadisə 1988-ci ilə təsadüf edir. Sonradan öyrəndim ki, Ali bəy dediyi sözü tutmuş, arzusunu yerinə yetirmiş və hər tənəffüs arası Azərbaycan aşıq sazında çaldığım uvertür bir müddət davamlı səsləndirilmişdir. Bu əhvalatdan anladım ki, Ali bəy verdiyi sözü tutan bir şəxsdir. Türkiyədə söz verib sözünü yerinə gətirən şəxslərə “Əmin adam” deyildiyini də oxucularımla paylaşmaq istərdim.

Ali bəy çox çalışqan, zəhmətkeş, elmi araşdırmalardan yorulmayan, usanmayan, elmi tədqiqat yolunda gördüyü müqəddəs işlərdən feyz almağı bacaran, fanatik həvəsə malik bir elm xadimi kimi gözümdə yüksəldikcə hey yüksəldi. Bu yüksəlmələr alimin davamlı konqreslərdəki elmi çıxışları, dərs prosesində tələbələrinə elmi məlumatlarla zəngin bilgilər söylədiyi nitqlərdə, fərqli mövzulardakı elmi əsərlərdə, elm cameəsinə təqdim etdiyi çox sayda bilimsəl kitablarda görünməkdədir. Bu arada mənim tələbələrimə bir kəlamım ağlıma gəldi. Deyirəm ki, “Sənin sözün yayınladığın, kitablar, elmi məqalələrdir”. Bu kəlamımı sanki Ali bəy üçün nəzərdə tutub demişəm. Əlbəttə ki, bu kəlamım Ali bəyin şəninə çox yaraşır. Nə iş görürsə min dəfə götür-qoy edər. Xoş məramla təməlini atdığı işə başlamadan hərtərəfli düşünüb ölçüb-biçər, nəhayət fəaliyyətinə başlayıb onu uğurlu sonluqla nəticələndirər. Ali bəyi hər zaman belə müşahidə etdm. 6 cildlik “İran Türk Ədəbiyyatı Antologiyası”nı yazıb bir araya gətirərkən gecə-gündüz demədən çalışdığının bilavasitə şahidiyəm əziz oxucularım. Türk dünyası ədəbiyyatı dərslərini də verən Ali bəy gənc tələbələrinə Orta Asya xalqlarının məşhur şair və yazıçılarının yaradıcılığı barədə, tanınmış ədəbiyyatşünas alimlərin əsərləri haqda mütəmadi olaraq maraqlı bilgilərlə tələbələrində Türkçülük həvəsinin közünü qəlbində yerləşdirirdi. Bu məramla da bir müddət özü də Qazaxıstanın (2011-2013-cü illər arasında Qazaxıstan Xoca Əhməd Yəsəvi Uluslararası Türk – Kazax Universitetinin Filoloji fakültəsi İ.İ.) universitetində dərs deməyə bir neçə il ezam olundu, oğlu Prof.Dr. Savaş Kafkasyalı ilə birlikdə. 

Bu çalışmalardan əlavə Ali bəyi həm də bir təcrübəli təşkilatçı kimi də tanımış oldum. 2002-ci ildə Novruz bayramı ərəfəsində bu tədbiri keçirmək üçün Ali bəyi Atatürk Universitetinin rəhbərliyi münasib hesab etdi. 2 ay öncə məşqlərə başladıq. Musiqi və şeir repertuarı üzərində necə dəqiq, hətta, çox ciddi çalışdığımız zaman elmi fantaziyasını və pratik təcrübəyə sahib bir şəxsiyyət olduğu ilə də qürur hssi duydum. Anladım ki, bir zaman (1990-1993) “Yurddışı öyrətmənlik imtahanı”nı Türkiyə birincisi kimi qazanaraq Fransada müəllimlik fəaliyyətinə başladığı illərdə Novruz bayramı ilə bahəm digər tədbirlərin də təşkilində canı-dildən fəaliyyətini də göstərmişdir. 2002-ci ildəki Novruz tədbirlərinin məşqlərində türk dünyasından fərqli musiqi ilə çalınmasının uyğun hesab etməsi niyyəti ilə bu musiqiləri tarımda və sazımda səsləndirməmi də istədi. Bununla belə türk dünyasından seçmə şeirlərin söylənilməsi üçün tələbələrinə poetik nümunələrini öyrətməklə bahəm şivələrdə və tələffüzlərdəki nöqsanların olmaması üçün saatlarla məşqlərdən əl çəkmirdi. Çünki əsas məqsədi bu mərasimin ən yüksək səviyyədə Ərzurum Atatürk Universitetinin kampüsündə bayram şöləni şəklində qurumun müəllim və tələbələrindən ibarət seyrcilərin önündə uğurla nümayiş etdirmək idi. Bilavasitə bu şənliyin iştirakçısı kimi tədbirin musiqi şeir qisminin tələbələrdən sənətçilərin türk dünyasının milli geyimləri ilə yanaşı, hətta, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkiyə bayraqları ilə bəzədilməsini də diqqətdə saxladı. Bütün bu rəngli geyimlər, əlvan bayraqlar, fərqli şeirlər və çox çeşid türk cümhuriyyətlərinin musiqiləri təbii ki, bir kompozisiya kimi Dədə Qorqud geyimi ilə yanaşı, bahar qızın qiyafəti də möhtəşəm tədbirin keçiriləcəyinin xəbərçisi idi. Tədbir 21 martda gerçəkləşdirildiyi zaman Ərzurum Valisinin, Böyükşəhər Bələdiyyə başkanlarının, Ərzurumun 9-cu kolordu hərbi komutanlarının, Atatürk Universitetinin rəhbərliyinin birlikdə seyr etdiyi məqamda qarşılarındakı masalarda səməni, boyalı yumurtalar, Azərbaycan paxlavası, müxtəlif şirniyyatlar da yer alırdı. Bu paxlavanın olması üçün xanımım Şəkər və Ali bəyin ömür-gün yoldaşı Rahifə xanım (bu yaxınlarda aramızdan ayrıldı. Məkanı cənnət olsun İ.İ.) da çox zəhmət çəkmişdilər. Bu xatirəmi söyləməkdə Ali bəyin necə bir bacarıqlı olduğunu Qazax elinin vətənpərvər oğlu kimi xalqımıza çatdırmaqdır. Bir təşkilati məsələni də oxucularımla paylaşmaq istərdim. Ərzincan Universitetində çalışdığı zaman bir neçə ay əvvəl telefon etdi ki, “9-12 oktyabr 2022-ci il tarixində “Uluslararası Türk Dünyası Simpozyumu” olacaq. Sənin bu tədbirdə iştirak etməni uyğun görürəm. Sazda Üzeyir Hacıbəylinin yazdığı Koroğlunun “Uvertür”ünü, Azərbaycanın və Türkiyənin himnini də çalmaq bu elmi tədbir üçün sürpriz olar”. Mən imkan tapıb həm çıxış mətnimi hazırladım və sazımda da hər gün məşqlər edirdim. Dediyi tarixdə simpoziuma getdiyimdə heyrət etdim. Etiraf edirəm ki, çox sayda simpoziumda iştirak etsəm də bu simpozium kimi möhtəşəm olanını ilk dəfə seyr edirdim. Təbii ki, bu tədbirin təşkilati işin başçısı olaraq Ali bəyi seçmişdilər. Türkiyə başda olmaqla, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan,   Qaqauzyadan, İrakdan, Suriyadan, Azərbaycandan, İrandan, Gürcüstandan, Guzey Kıprıs Türk Cümhuriyyətindən 800-dən artıq elm adamlarının dəvət olunmasında, texniki işlərə nəzarət edib yardımçıları ilə birlikdə dəvət edilməsi, qalacaq yerləri gəliş-dönüş biletlərinin nizamlanması  kimi hər incə detayların axsamaması üçün çox ciddi çalışdığını bir daha isbat etdi. Yeri gəlmişkən bu möhtəşəm tədbirdə Guzey Kıprıs Türk Cümhuriyyətinin başçısı Ersin Tatar, Türk Dövlətləri Təşkilatı Ağsaqqalar konseyinin başqanı Binəli Yıldırım, Azərbaycan Ağsaqqallar Şurasının başçısı Həsən Həsənov, Türkiyə Yazarlar Birliyinin başçısı Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin başçısı Anar Rzayev və çox sayda tanınmış elm xadimləri də iştirak edirdi. Bütün bu tədbirin uğurlu keçməsinə görə Ali bəyin uğurlu işlərini də oxucularımla paylaşmaq istərdim. Bu tədbirdən sonra Ali bəy mənə yaxınlaşıb dedi ki, “Bir millət, iki dövlət” bu tədbirdən sonra “Bir millət yeddi dövlət oldu”. Buna görə də Azərbaycan sazında Azərbaycan və Türkiyə himninin sayını artıraraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan dövlətlərinin himnini də lentə yazdırmamı tövsiyə etdi. Keçən müddət ərzində Ali bəyin tövsiyəsi ilə yeddi Türk cümhuriyyətlərinin “İstiqlal marşı”nı (himn İ.İ.) çalıb Qaziantep Universitetində çalışan Ayhan Kılıncın kamera çəkimi ilə “Youtube”yə yerləşdirmiş olduq.


Türk Dövlətləri Təşkilatı Ağsaqqallar konseyinin başqanı Binəli Yıldırım və Prof.Dr. Ali Kafkasyalı

Hörmətli professorumuzun bu gün - 23 yanvar 2024-cü ildə 71 yaşı tamam olub səksənə doğru səfərdədir. Qəlbi Türk dünyasına sığmayan, bəşəri amalla yaşayan eloğlumuz, iftixarımız, qürurumuz, fəxrimiz olan Ali bəyi ad günü münasibətilə Qazax elinin mübarək oğlu, Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin bir bəndi ilə təbrik edirəm.

Heç əlinə alma əsa,

Yetmişində batma yasa.

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir.


İLQAR CƏMİLOĞLU İMAMVERDİYEV,

Gaizantep Universiteti 

Türk Musiqisi Dövlət Konservatoriyasının Professoru, 

Türk Xalq Musiqisinə Xidmət mükafatçısı

21.01.2024-cü il, saat 16:23.



Facebook-da paylaş