“Bir müəllimin manifesti” Vaşinqtonda
"Bir müəllimin manifesti” proqramı 3
komponentindən ikisini Qazaxda və ADA Universitetində geridə qoyub, indi isə
artıq növbəti tərkib hissəsi ilə yanvar ayının 17-dən etibarən ADA
Universitetinin ABŞ-dakı Mərkəzində, Vaşinqtondadır. Ötən ilin
oktyabr ayının 1-dən fəaliyyətinə start verilən "Bir müəllimin manifesti” adlı
təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa
olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər
Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs
yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli
tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır. Bu fikirlər ADA
Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdalın "Bir müəllimin
manifesti” Vaşinqtonda” məqaləsində yer alıb. AZƏRTAC məqaləni
təqdim edir. "Azərbaycan”
qəzetinin tam kolleksiyasının ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya
transliterasiyası və nəşr edilməsi, Azərbaycanda ilk əsaslı dərs vəsaitinin ‒
"Vətən dili” kitabının yenidən nəşr olunması, akademik Kamal Abdullanın ADA
Universitetində keçdiyi Azərbaycanşünaslıq fənninin mühazirələri əsasında
"Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabının tərtib edilməsi və 2020-ci
ildə nəşr olunması ADA Universitetinin rektorunun azərbaycançılıq məfkurəsinin
gücləndirilməsi yolunda atdığı əsaslı addımların bariz nümunələrindəndir və
eyni zamanda minlərlə gəncə əsl vətənpərvərlik dərsidir. Proqramımıza
20 ucqar rayon məktəblərindən seçilən 24 müəllim və 14 nəfər direktordan ibarət
heyətin təşkil etdiyi 38 iştirakçı ilə başladıq. Onlar özlərini hər fürsətdə
təsəvvür edilə bilməyəcək qürurla Qazax Müəllimlər Seminariyasının ilk
müəllim-tələbələri kimi təqdim edirlər. Mərhələli
şəkildə hər bir qrupun Vaşinqton səfəri təşkil ediləcək. Lakin ilk olaraq 16
nəfərlik qrupla birlikdə 8 həftəlik proqram üçün okeanın o biri tərəfini kəşf
etməyə gəldik. "Bir müəllimin manifesti” təhsil proqramı adlansa da, ADA
Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti və eyni zamanda, ADA
Universitetinin qurulmasında və strateji inkişafında, eləcə də Qazax Müəllimlər
Seminariyasının bərpasında əvəzsiz xidmətlər göstərən şəxslərdən biri olan
Qalib Məmməd bu proqramı bir missiya və vətəndaşlıq məsuliyyəti kimi görür. O,
Qazax Müəllimlər Seminariyası və "Bir müəllimin manifesti” proqramının məramını
Çernyayevskinin kəndbəkənd gəzərək gənc, istedadlı müəllimləri kəşf etməsi,
onları yetişdirməsi və milli təhsilimizə qazandırmasına bənzədir. Proqram
iştirakçıları ilə yaxından tanış olduqda belə məlum olur ki, onlardan bir
neçəsi müəllimlik peşəsindən uzaqlaşmaq istəyirmişlər, lakin bu proqramda
iştirakdan sonra müəllimlik sənətinə böyük həvəs, sevgi, yeni məqsəd və
ambisiyalarla geri qayıtdıqlarını bildirirlər. Bunlardan biri - Vəfa Fərəcli
Yevlax rayonu Rüstəmli kənd tam orta məktəbinin ingilis dili müəllimidir. Bir
müddət bundan əvvəl başqa iş imkanları axtaran Vəfa müəllim indi artıq
özünəinamı sayəsində ADA-da bu ildən Azərbaycan dilində tədris olunacaq
"Təhsilin idarə edilməsi” və "Müasir təlim və tədrisin təşkili və metodikası”
üzrə magistr proqramlarının birində, daha sonra isə Amerikada doktorantura
səviyyəsi üzrə təhsilini davam etdirməyi hədəfləyir. Belə ki, proqramın amalı
yerli təhsil mühitinə həm yeni müəllimlər qazandırmaq, həm də müəllimlik
peşəsinə yeni bir ruh və həvəslə qayıdışa təkan verməkdir. Vaşinqton
proqramının məqsədi ümumi proqramın məqsədindən fərqlənmir. Burada ali məqsəd
müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini
artırmaq və müəllimlərimizin özünə olan inamını gücləndirməkdir. Bunun üçün
müəllimlərimizlə təhsil sahəsində ən son tendensiya və təcrübələri paylaşmalı,
onların təşəbbüskarlıq ruhunu artırmalı, müasir təhsildə tələb olunan tədqiqat
əsaslı və problemi həll etməyə yönəlmiş idarəetmə (sinif və ya məktəb)
bacarıqlarını inkişaf etdirməli və əməkdaşlıq mədəniyyətini gücləndirməliyik. Vaşinqton
proqramı məqsədinə görə ümumi proqramın məqsədilə eyni və məzmununa görə bundan
əvvəl gələn komponentlərin davamıdır. Proqramın başlıca tərkib hissələrindən
biri təhsil məqsədləri üçün ingilis dili proqramının təqdim edilməsidir.
Proqram iştirakçıları Vaşinqtona getməzdən əvvəl üç ay intensiv şəkildə ADA
Universitetinin müəllimləri tərəfindən tədris edilən ümumi ingilis dili
dərslərinə qoşulub, dil səviyyələrini artırıblar. Burada ingilis dili
vasitəsilə müəllimlər müxtəlif pedaqoji yanaşmalar və təhsil standartlarını
təhlil edir, öyrəndiklərini tədris etdikləri fənlərə tətbiq edərək tədris
proqramının tərtibi üzərində işləyirlər. Bu dərsin son məhsulu müasir tələblərə
cavab verən tədris proqramının tərtibi (sillabus) olacaq. Müəllimlər həm
ingilis dili səviyyələrini elmi məqsədlər üçün təkmilləşdirir, həm də müasir
təlim və tədrisin təşkili üzrə bilik və təcrübələrini inkişaf etdirirlər. Bu
hissə ilə yanaşı, müəllimlər qlobal məsələlər və onların təhsilə təsiri adı
altında mühazirələr və müzakirələrdə iştirak edirlər. Bu mühazirələr tanınmış
siyasətçilər, təhsil ekspertləri, mədəniyyətşünaslar və amerikan müəllimlər
tərəfindən təqdim olunur. Bu mühazirələr silsiləsi onlara bundan əvvəl
keçirilən Müəllim liderliyi fənninin praktiki və beynəlxalq davamıdır. Əlbəttə
ki, Amerika təhsil sistemi və Amerika mədəniyyəti ilə tanışlıq proqramın həm
maraqlı, həm də mühüm bir hissəsidir. Bu komponent çərçivəsində iştirakçılar
Vaşinqtonun zəngin muzey imkanlarından faydalanaraq onları ziyarət edir, daha
sonra topladıqları məlumatlar əsasında müzakirələr təşkil edir, dərslərdə fikir
mübadiləsi aparırlar. Onu da
vurğulamaq istərdim ki, proqram iştirakçıları düşdükləri mühitin təsirindən
qaynaqlanaraq hər anlarını dəyərləndirir, asudə vaxtlarını müstəqil şəkildə
tədqiqatçılıq fəaliyyətinə həsr edərək araşdırmalar aparırlar. Müxtəlif
ölkələrin təhsil sahəsindəki fəaliyyətlərinin oxşar və fərqli cəhətlərini
müqayisə edir, fikir və təkliflər irəli sürürlər. Vaşinqton
komponentinin iştirakçıların öz tədqiqat layihələrinin təqdimi ilə yekunlaşması
bu proqramın bir daha tətbiq xarakterli olduğuna dəlalət edir. Bu tədqiqat
layihələri bundan əvvəlki 3 modulda tədris olunan Təhsildə tədqiqat metodları
fənninin davamıdır. Layihədə iştirakçılar öz sahələrinə uyğun olaraq 4 qrupa
bölünüblər: təbiət elmləri, riyaziyyat, dil və incəsənət, tarix və coğrafiya.
Hər qrup proqram çərçivəsində əldə etdiyi bilik və bacarıqlara əsaslanaraq
təhsildə və xüsusi olaraq onların öz ixtisas sahələrində mövcud olan bir
problemi araşdırıb onun həlli yollarını təklif etməlidir. Qayıdaq yenə
də niyə məhz Azərbaycandan kənarda belə bir komponentin təşkilinin mahiyyətinə.
Bu gün Azərbaycan müəllimi öz məktəbindən, kəndindən çıxmadan yenilikçi ruhunu
tam şəkildə inkişaf etdirə bilməz. Sərhədləri aşaraq o, dünya təcrübəsini
məktəbinə, məktəbini isə dünyaya yaxınlaşdıracaq. Məhz buna görə "Bir müəllimin
manifesti”nin coğrafi marşrutu Qazax-Bakı-Vaşinqtondur. Bu olduqca maraqlı və
yeni bir yanaşmadır. Qlobal təhsil proqramları (hər semestr bir ölkədə) ali
təhsil sahəsində ən son tendensiyalardandır. Amma bu proqramın unikallığı onun
həm lokal (regionlararası), həm də qlobal (ölkələrarası) olmasıdr. Bu yanaşmada
biz nəinki regionlarımıza dünya qapılarını açırıq, eyni zamanda, ADA-nın da
qapılarını region müəllimlərinin üzünə daha geniş açırıq. Bizim professor
heyəti bu proqram çərçivəsində iştirakçılar üçün dərslərin təşkili və həyata
keçirilməsində bilavasitə iştirak edir, regionlarda təhsillə bağlı məsələlərlə
yaxından tanış olur və onun inkişafına yönəlik verdikləri töhfələri yalnız "Bir
müəllimin manifesti” proqramı çərçivəsi ilə məhdudlaşdırmır, proqramdan kənarda
da fəaliyyətlərini uğurla davam etdirirlər. Amerika
Birləşmiş Ştatlarında belə bir təcrübə keçmək, demək olar ki, iştirakçıların
hər biri üçün əlçatmaz arzu idi. Onlar inanmırdılar ki, bu arzu nə vaxtsa
reallaşa bilər. Görünür, ADA-nı yaxından tanımırmışlar. ADA hər zaman olduğu
kimi bu dəfə də sözünün arxasında durdu. Əlçatmaz görünən arzular bir-bir
reallaşmağa başladı. Arzularının həyata keçməsi ilə iştirakçıların özlərinə
inamı artdı. Bu artıq sabah yüzlərcə şagirdin xəyal qurması, onun həyata
keçməsi üçün çalışması və ona doğru inamla addımlaması deməkdir. Bu
iştirakçıların hər biri öz məktəbinə qayıdanda bir nümunə olacaq – "Mənim bir
xəyalım var!” nümunəsi. Xəyaldan bəhs
etmişkən, Vaşinqtondakı proqram ayın 17-si başlamalı idi. Gözəl açılış proqramı
hazırlamışdıq. Ayın 17-si Amerika Birləşmiş Ştatlarında qeyri-iş günü ‒ Martin
Lüter Kinq günü idi. Biz isə onun məşhur "I have a dream” (Mənim bir arzum
var!) nitqi ilə bağlı düşüncələrimizi məzarı üzərində səsləndirməyi
planlaşdırmışdıq. Hətta müəllimlər arasında bu nitqi paylaşıb və dinləmişdik.
Koronavirus böyük planlarımıza mane ola bilməsə də, bu niyyətimizə maneçilik
törətdi. Amma boşuna demirlər ki, xeyirlisi belə imiş. Təhsil Məqsədləri üçün
İngilis dili proqramımızın tərtibçisi və tədris edəni pedaqoq Lisa xanım
Donohoe Luscome Amerika Birləşmiş Ştatlarının dillərin tədrisi və tərcümə
sahəsində ən nüfuzlu universitetlərindən biri olan Monterey Beynəlxalq
Münasibətlər Universitetinin müəllimidir. ADA Universitetinin bir sıra dil
proqramlarını tərtib və tədris edən Lisa COVID-19 virusuna yoluxduğundan,
həmçinin pandemiya qaydalarına əsasən biz 5 gün karantinə göndərildiyimizdən
proqramımızın açılışını 17-si edə bilmədik. Düzdür, dərslər planlaşdırdığımız
tarixdən onlayn şəkildə başladı. Proqramın başlanğıc mərasimi isə Azərbaycan
xalqının ən böyük və ən müqəddəs xəyalı olan müstəqilliyimizin bərpası uğrunda
mübarizə apardığı, o xəyalın gerçəkləşməsi üçün canlarından keçdikləri o gündə
‒ 20 Yanvar günündə baş tutdu. Bizim milli qürur və mənəviyyat günümüzdə. "Azad
Azərbaycan” arzusunda olan yüzlərlə azərbaycanlının və bu ideya uğrunda
canlarını qurban edən şəhidlərimizin anım günündə. Onların Vətənim Azərbaycanı
müstəqil, azad görmək xəyalları var idi və o xəyallar gerçəkləşdi. Biz də 32 il
sonra bu xəyalların reallaşması nəticəsində mavi səmalarda dalğalanan
bayrağımızın fonunda başqa arzuları gerçəkləşdirmək üçün okeanın digər
tərəfində toplaşdıq. Rektor Paşayev
hər dəfə qeyd edir ki, bu proqramın əsas məqsədi müəllimlərimizdə özlərinə
inamı gücləndirməkdir. Hər zaman olduğu kimi sadə, amma incə və dərin
düşüncədir. Özünə inamı olan müəllim özünə inamı olan nəsillər deməkdir.
Özünəinam nədir? Özünəinam ən birincisi, öz milli kimliyimizi, irsimizi,
mədəniyyətimizi, tariximizi dərindən bilmək, ona dəyər vermək, onunla
qürurlanmaqdır. Özünəinam güclü azərbaycançılıq ruhudur. Bu sevginin, qürurun
daşıyıcıları məhz vətənpərvərlik ruhu yüksək olan müəllimlərdir. Əgər biz,
doğrudan da, o şəhidlərimizi ehtiramla anmaq istəyiriksə, bunu öz
əməllərimizlə, yəni gənc nəsli azad dəyərləri olan azərbaycanlılar kimi
yetişdirməklə bu borcumuzdan çıxa bilərik. Bu vəzifə, ilk növbədə,
müəllimlərimizin üzərinə düşür. Bax, belə bir patriotik notlarla proqrama
Vaşinqtonda start verdik. Dərslərdən
sonra sanki Bakıdakı ADA-nın mini modelini yalnız xatırlatmaqla qalmayan,
həmçinin fəlsəfəsini: müasirlik və azərbaycançılığı təbliğ edən ADA-nın
Vaşinqtonda yerləşən Mərkəzinin kiçik, amma çox isti və işıqlı otaqlarında
tez-tez söhbətlər edirik. Azərbaycan və Amerika mədəniyyətini qovuşduran bu
məkan Azərbaycan incəsənəti və Amerika arxitekturasını özündə birləşdirərək,
doğrudan da, buraya gələnləri həm azərbaycançılıq məfkurəsi altında
birləşdirirərək yeniliyə səsləyir. Azərbaycan xalçaları, Azərbaycan
yazıçılarının və rəssamlarının əsərləri, Vaqif Mustafazadənin şəkilləri, çay
mədəniyyətimizin xüsusi göstəricisi olan armudu stəkanlar burada xüsusi bir
məna kəsb edir. ADA Universiteti dəfələrlə ABŞ-da təhsil alan azərbaycanlı
doktorantları ilə birlikdə konfranslar təşkil edərək bu gün özünün ən yaxşı
professor heyətini məhz bu məkanda kəşf edib və kəşf etməkdə də davam edir. Bu
məkanda ADA Universitetinin idarə heyəti (dekanlar, direktorlar, prorektorlar)
universitetin strateji xəritəsini ən nüfuzlu ABŞ universitetlərinin idarə
heyəti ilə bərabər hazırlayıb. Bu məkanda tələbələr ADA və Corc Vaşinqton
Universitetlərinin ikili diplom proqramı üzrə təhsil alırlar. Bu məkan yenilik,
intellekt, mədəniyyət, mübadilə, əməkdaşlıq mərkəzidir. Maraqlıdır ki, Bakıda
ADA Universitetində tələbələr necə ki dərs bitdikdən sonra evə getmək
istəmirlər və kampusda qalmaq istəyirlər, burada da eynilə müəllimlərimiz
ADA-da qalmaq istəyirlər. Burada müəllimlərlə söhbətlərimiz təhsilimiz və onun
üçün nələr edə bilərik mövzusu ətrafında təşkil edilir. Bu söhbətlərdə
müəllimlərimiz tez-tez deyirlər ki, bilirsiniz kənddə bütün müəllimlər ingilis
dilini öyrənir ki, onlar da bu proqramda iştirak edib Vaşinqtona gəlsinlər. Bu,
proqramın öz missiyasına çatmasının göstəricisidir. Bu o deməkdir ki, artıq
inam var, arzu var və o arzuya gedən yol var. İngilis dilində bir gözəl ifadə var. Son vaxtlar onu
tez-tez işlədirəm "Stars are aligning”, yəni ulduzlar cərgəyə düzülür. Əgər
ulduzlar cərgəyə düzülürsə, bu o deməkdir ki, kainat da o işi dəstəkləyir. "Bir
müəllimin manifesti” o qədər nəcib bir missiyadır ki, hətta ulduzlar belə bu iş
üçün cərgəyə düzülüb. Proqramın başlanğıc mərasiminin Azərbaycan xalqının
müstəqilliyini şəhidlərinin qanı ilə qazandığı o günə ‒ 20 Yanvar gününə
təsadüf etməsi, Təhsil Nazirliyinin təşkil etdiyi vebinar gördüyümüz işin nə
qədər doğru, müqəddəs olduğunu göstərən sanki kainatdan bizə göndərilən bir
işarə idi. Firidun bəy Köçərlinin ad günü yanvar ayının 26-sı
idi. Yanvarın 28-i Təhsil Nazirliyinin təşəbbüsü və Cəsarət Valehovun virtuoz
moderatorluğu ilə proqram iştirakçılarının iştirak etdiyi vebinar keçirilir və
ADA Universitetinin ABŞ-dakı Mərkəzindən birbaşa yayım olur. Cəsarət müəllim
yayıma başlamadan bizim hamımıza baxır, səmimi, könüllü, müasir, birlik və
bərabərlik ruhunu hiss edib: "Mən də qalstuku çıxarım”,- deyərək qalstukunu
çıxarır və yayıma başlayır. Bütün auditoriya isə onu alqışlayır. O, qalstuku
çıxarmaq deyildi, o, formallığı qırmaq, bir olmaq, səmimi olmaq, yaxın olmaq,
güvənmək idi. Dəyişiklik və yenilik ancaq belə sərbəst, güvən, inamla dolu olan
əməkdaşlıq mühitində mümkündür. Cəsarət müəllim o mühiti hiss etdi və o anda
ona qoşulmaq qərarına gəldi. 100 il əvvəl Qazaxda dayanan qatar bu dəfə təyyarə
ilə davam etdi. Yeni ümidlər, yeni arzular, yeni fikirlər və təhsildə yeniliklər
bu təyyarədə idi. Firidun bəyin ad gününü anmağın bundan daha gözəl yolu,
məncə, ola bilməzdi. Proqram iştirakçılarının gərgin və həyəcan dolu
Vaşinqton təcrübəsi davam edir. Proqram mart ayında müəllimlərin yekun
layihələri ilə tamamlanacaq. "Bir müəllimin manifesti” adlı təhsil proqramı
çərçivəsində iştirakçıların qazandıqları təcrübə və nailiyyətləri, ən əsası,
təqdim edəcəkləri layihələrin nəticələrini oxucularla paylaşmağı davam
edəcəyik.
Facebook-da paylaş