İcra başçısı “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı təmir olunan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olub
Əvvəlki
yazılarımızda da vurğuladığımız kimi, ADA Universitetinin "Bir müəllimin
manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası
əsaslı təmir olunur. Məlumat üçün qeyd edək ki, ötən ilin oktyabrın 1-də ADA
Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Seminariyanın
qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları
arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə
həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. Sənədi Heydər Əliyev
Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL
Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev
və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi
imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun
binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər. Yanvarın
11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra
aparatının məsul şəxsləri ilə birlikdə Qazax Müəllimlər Seminariyasında olub,
binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından maraqlanıb. Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev görülmüş
işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini
qeyd edib. ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy
Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu
Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və
Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə
yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri
toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin
növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə
və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur. GOYEZEN.AZ
Facebook-da paylaş