ADA Universiteti yeni təhsil proqramına başlayıb - VİDEO
ADA Universiteti "Bir müəllimin
manifesti” ixtisasartırma proqramına başlayıb. Oktyabrın
1-də ADA Universiteti milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan
Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib. Tədbirdə Universitet "Bir müəllimin
manifesti” ixtisasartırma proqramına hazırlıqların tamamlandığını və bu gündən
etibarən Proqramın öz fəaliyyətinə başladığını elan edib. Rektorların, Proqrama seçilən və
regionlarımızı təmsil edən 40 iştirakçının, bölgələrimizdəki orta məktəb
müəllimləri və direktorlarının iştirakı ilə keçirilən tədbirdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və ADA Universitetinin ABŞ-dakı Mərkəzinin
prezidenti Qalib Məmməd çıxış ediblər. Mərasim çərçivəsində ADA
Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının
bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi
imzalanıb. Sənədi Heydər Əliyev Fondunun
"Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL
Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev
və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla tərəflər
Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını
öz üzərlərinə götürdüklərini bəyan ediblər. Sonra "ADA Məclisi Qazaxda”
mövzusunda panel müzakirə keçirilib. Müzakirədə ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Xəzər
Universitetinin təsisçisi Hamlet İsaxanlı, Milli Məclisin deputatı Nizami
Cəfərov çıxış ediblər. Rektor Hafiz Paşayev növbəti ilin
sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında dərslərin
başlayacağını bildirib. ADA Universitetinin Akademik işlər
üzrə prorektoru Vəfa Kazdalın moderatorluğu ilə keçirilən panel müzakirə
sual-cavab sessiyası ilə başa çatıb. Seminariya binasının önündə başlayan
tədbir Bakı Dövlət Universitetinin Qazax filialında yekunlaşıb. Burada "Bir müəllimin manifesti”
proqramının iştirakçılarının təlim keçməsi üçün nəzərdə tutulan və yeni təmir
edilmiş sinif otaqları ilə tanışlıq olub. Sözügedən birillik təhsil
Proqramının əyani formatı Bakı Dövlət Universitetinin Qazax filialında (ilk
ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil
olunacaq. ADA Universiteti bu il "Bir
müəllimin manifesti” təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin
başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təhsil
missiyasını davam etdirəcəyini elan edib. Artıq memarlıq-tikinti işlərinə
başlanılıb.
Facebook-da paylaş