Qazax Müəllimlər Seminariyası və “Bir müəllimin manifesti” təşəbbüsü
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin
mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə 30 ildən çox fasilədən sonra
keçirilən "Xarıbülbül” festivalı onu izləyən hər Vətən övladının qəlbini
həyəcan və qürurla doldurdu. Zəngin mədəni irsimizi bizim üçün müqəddəs sayılan
bir məkandan izləyərkən "qayıdış” və "dirçəliş” prosesinin sözdən əmələ
keçdiyinin bir daha şahidi olduq. Ali Baş Komandanın rəhbərliyi ilə əzəli
Azərbaycan torpaqlarını işğaldan azad edən şanlı ordumuzun qələbəsi bu gün hər
sahənin dirçəlişinə töhfə verəcək səylərlə genişləndirilməli, dövlətçilik
tariximizin müasir səhifəsinə yeni sətirlər əlavə etməlidir. Müstəqilliyimizin
bu fəxarətli və ilham verən məqamı ADA Universitetini də yeni zirvələrə
yönəldir. Bu fikirlər ADA Universitetinin rektoru Hafiz
Paşayevin "Qazax Müəllimlər Seminariyası və "Bir müəllimin manifesti”
təşəbbüsü” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında
suverenliyini möhkəmləndirəcək yenidənqurma işlərinin ən qabaqcıl və innovativ
şəkildə aparılmasına dair Prezidentin tapşırıqları ölkənin təhsil və elm icması
qarşısında yeni vəzifələr qoyur. Böyük Qayıdış prosesinin hərtərəfli həyata
keçirilməsi və gələcək nəsillər üçün dayanıqlı olması ölkədə mükəmməl təhsilli
insan kapitalının yetişdirilməsini zərurət edir. Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə,
bu keyfiyyətin təminatçısı müəllimdir. ADA Universiteti özünün
müəyyənləşdirdiyi təhsil standartlarına çatması üçün yarandığı ilk gündən
müvafiq tələblərə cavab verən müəllimlərin aşkarlanmasını qarşısına məqsəd
qoyub. Bu, Universitet üçün ardı kəsilməyən bir prosesdir. Əgər başlanğıc
mərhələdə ADA-nın müəllimləri Azərbaycanın müstəqilliyinin ilk illərində elm
həvəsi ilə xaricə gedən, bakalavr, magistr və doktorantura üzrə dünyanın
aparıcı ölkələrində təhsilini bitirənlər idisə, son illər onların sırasına
Xaricdə Təhsil Dövlət Proqramının məzunları qoşulmağa başlayıb. Və ümid edirik
ki, növbəti illərdə onların sırasına Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının
yetirmələri də qatılacaqlar. Biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında
qurulduğunu dərk edirik. Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı
məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan
müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri,
sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və
qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi
ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs
saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis
yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir. Müəllim missiyasına bu cür yanaşmanın icadına ehtiyac
yox idi - qarşımızda unudulmaz tarixi bir nümunə var idi - Qazax Müəllimlər
Seminariyası. XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında
fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin, demək
olar ki, varisi olan Qazax Müəllimlər Seminariyası milli irsimizin gözəl
yadigarlarından biri kimi bütün azərbaycanlıların qürur mənbəyidir. Necə də
olmasın- axı, Qori Seminariyasından və Qazax Seminariyasından yüzlərlə
azərbaycanlı "müəllim” adı qazanaraq məzun olub: Firudin Bəy Köçərli, Rəşid Bəy
Əfəndiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səfərəli Bəy Vəlibəyov,
Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir
Hacıbəyli, Əhməd Seyidov, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman
Sarıvəlli və başqaları. Bu şəxsiyyətlər müəllimlik adını yüksək tutub,
həyatlarını xalqımızın maariflənməsinə həsr ediblər. Onlar Azərbaycanda opera,
teatr, kitabxana yaradıb, qəzet və jurnal nəşr edib, ana dilimizi qoruyub,
ədəbiyyatı, incəsənəti, mədəniyyəti inkişaf etdiriblər. Qori Seminariyasının və
Qazax Seminariyasının məzunları bu ölkəyə mütərəqqi ideyalar, yeni təfəkkür
gətiriblər. Bu günün pəncərəsindən çox uzaqda görünən bu böyük şəxsiyyətlərin
bəzilərini yeniyetmə yaşlarımda gördüyümü yaddaşımda canlandıraraq, özümü də
söhbət apardığımız şanlı tarixin sanki bir parçası hiss etməkdən qürurlanıram. Maarifçilərimiz Qori Seminariyasının Azərbaycan
şöbəsini Vətənə gətirmək üçün çox cəhd etdilər. Məhz Qazax camaatının təşəbbüsü
və maddi və mənəvi dəstəyi nəticəsində Qori Seminariyasının öncə məzunu, sonra
müəllimi olan Firudin bəy Köçərli Azərbaycan şöbəsini fədakarcasına
Gürcüstandan Vətənə köçürə bilmişdir. Firudin bəy Köçərli böyük şəxsiyyət,
maarifçi və pedaqoq idi. Qori və Qazax seminariyalarının məzunları özlərinin
milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun qoruyan və yaşatmaqda
qətiyyətli olan maarifçilərə çevrildilər. Firudin bəy Köçərlinin rəhbərliyi ilə
Qazaxda fəaliyyətə başlayan Müəllimlər Seminariyası da öz ölkəsinin
mədəni-intellektual qüvvəsinə çevriləcək məhz belə toxumlar cücərtmək əzmində
idi. Qazaxda 1918-ci il noyabrın 10-da təntənəli açılışı keçirilən Müəllimlər
Seminariyasının qarşısında türk və Azərbaycan ziyalılarının səsləndirdiyi
fikirlərdən biri də bu idi ki, "Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə,
əqillə qorumaq lazımdır”. Bu kəlamın tarixdə dövr edib zəmanəmizin həqiqətinə
çevrilməsinin biz, bu günlərdə şahidi oluruq. Ötən həftə ADA Universitetinin heyəti Qazax icmasının
ziyalıları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən səfər edən müəllimlər,
məktəb direktorları və tanınmış ziyalılarla birlikdə Qazax Müəllimlər
Seminariyası binasının qarşısında təntənəli mərasimə toplaşaraq yeni layihənin
başlanğıcını elan etdilər. "Bir müəllimin manifesti” təşəbbüsü ölkəmizdə
təhsilin inkişafına qiymətli yatırım edəcək - Qazax Müəllimlər Seminariyası ADA
Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam
edəcək. Burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni
nəsil maarifçilər yetişdirəcək. Bu təşəbbüsə maliyyə dəstəyini Amerikada
1957-ci ildə təsis edilən Azərbaycan Amerika Cəmiyyəti də göstərəcək.
Cəmiyyətin Prezidenti Tomris xanım Azəri Azərbaycan bayrağını həmişə uca tutan,
bu ölkənin müstəqilliyini həsrətlə gözləmiş, Azərbaycanın tanınması üçün
əlindən gələni əsirgəməyən, həyatı boyu Vətənə xidmət edən şəxsiyyətlərdən biridir. ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər
yetişdirmək səylərinə dəstək vermək məqsədilə "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində illərlə topladığı beynəlxalq qabaqcıl elmi-pedaqoji
təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşəcək. Universitetimizin
müəllimləri yerlərdə məktəblərlə işləyib, buradakı aparıcı müəllimləri seçib
ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ABŞ paytaxtı
Vaşinqtonda yerləşən ADA Universitetinin Mərkəzində təhsil ala biləcəklər.
Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq
və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır. "Bir müəllimin manifesti” təşəbbüsü yüz il əvvəl milli
təhsilimizin başlanğıcından od qopararaq ölkəmizin milli maarifçilərini tarixi
qələbəmizi hər sahədə uğura çevirəcək nəslin memarları kimi yenidən
alovlandıracaq. 20.05.2021-ci il
Facebook-da paylaş