Şuşada keçirilən “Xarıbülbül” festivalı bütün dünyaya göstərdi ki, biz artıq Şuşadayıq
Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərimiz işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, Ali Baş Komandanın da söylədiyi kimi, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”.
8 noyabr 2020-ci il! Bu tarix də xalqımız üçün əziz və müqəddəsdir. Bu, o tarixdir ki, həmin gün Qarabağın göz bəbəyi sayılan Şuşa işğaldan azad olundu. Xalqımızın üzü güldü, könüllərini fərəh və sevinc hissi bürüdü. Və nə xoşbəxt xalqıq ki, Şuşamızla bağlı fərəh, qürur, sevinc dolu anları bu gün də yaşayırıq. Necə ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində "Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qürur dolu anları izləyib ürəyimiz bir daha dağa döndü.
Bu gün fəxrlə söyləyə bilərik ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirdi.
Həmin festivalı izləyən hər bir Azərbaycan vətəndaşı heç şübhəsiz ki, qazandığımız Qələbəyə, Zəfərə, izlədiyimiz qürur dolu anlara görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən yaralı qazilərimizə minnətdardır. 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da böyük əhəmiyyətə malikdir və igid Vətən oğullarına olan hörmət və ehtiramın təcəssümüdür. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.
"Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq”, - deyən Prezident İlham Əliyevin çıxışı zamanı bunu bir daha vurğulaması bir vətəndaş olaraq bizim də üzərimizə böyük bir məsuliyyət qoydu. O məsuliyyət ki, hər zaman şəhidlərimizi yad etməli, onların xatirəsini daim əziz tutmalıyıq.
Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu ildən başlayaraq hər il Şuşada "Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Bu, düşmənlə yanaşı, bütün dünyaya verilən bir mesajdır ki, Şuşa bundan sonra da özündə ənənələri yaşadacaq.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də bunu bir daha göstərdi.
Keçirilən festivalla bütün dünyaya nümayiş etdirdik ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. 2 günlük festival Azərbaycan tarixinə və xalqın yaddaşına uzun illər arzusunda olduğu, həsrətini çəkdiyi bir bayram kimi yazıldı.
Bu gün Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün var qüvvəsi ilə çalışır və Şuşa üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.
Hələ illər öncə ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik.
Ölkə başçısının da söylədiyi kimi, bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük tarixi Qələbə ilə başa çatan haqq savaşımız bütün dünyaya sübut etdi ki, Ermənistanın illərdir ki, xəyal etdiyi Dağlıq Qarabağ adlı ikinci bir qondarma dövlət heç vaxt qurula bilməzdi və bilmədi də. Biz bu qalibiyyətimizə 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələrinin vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməsi nəticəsində nail olduq. Əldə etdiyimiz tarixi Zəfərlə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoyduq. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdik.
Bu gün tam əminliklə deyə bilərik ki, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Ölkə Prezidentinin tövsiyəsi ilə keçirilən builki "Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Builki "Xarıbülbül” festivalında bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.
Prezident İlham Əliyevin dediyi kimi, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Necə ki, Azərbaycan bunu illərdir bütün dünyaya nümayiş etdirir.
İkinci Qarabağ müharibəsi düşmənin, eləcə də onun havadarlarının sinəsinə elə bir dağ çəkdi ki, illər ötsə belə nə tarix, nə də onlar bu məğlubiyyəti heç vaxt unutmayacaq. Azərbaycan xalqı isə bu gün fəxrlə söyləyir ki, 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü, xüsusən də alınmaz qala hesab etdiyimiz Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır. Və illər ötəcək, həmin qəhrəmanlıq dastanı dillər əzbəri olacaq, gələcək nəsillərə ötürüləcək.
"Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən "Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin "Vətən” şeirinin ifa olunması bir daha onu göstərdi ki, Vətənin hər parçası, daşı, qayası, hər qarışı bizim üçün əzizdir, doğmadır. Hər şeydən pay vermək olar, bir tək Vətəndən pay vermək olmaz. Heç şübhəsiz ki, muğam üstündə "Vətən” şeirinin ifa edilməsi təsadüfi deyil. Hər kəs yaxşı bilir ki, bu parça illər əvvəl "Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmiş və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur. Və illər ötsə belə biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmadıq, unutdurmadıq. Necə ki, Şuşa bunu niskilli qəlbində illər boyu yaşatdı və festival günü şuşasevərlərə təqdim etdi. Həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qaydışının prelüdü də sayıla bilər.
Prezident İlham Əliyevin də bildirdiyi kimi, festival günü Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıtdılar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
2 günlük festivalla bütün dünya bildi və agah oldu ki, bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.
Festivalın yaddaqalan məqamlarından, tarixi anlarından biri isə 11 ayın sultanı olan müqəddəs Ramazan bayramında təşkil olunması idi. Çünki bu qayıdışın digər bir simvolik başlanğıcı da məhz Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması oldu. Nə xoş bizlərə ki, indi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb edir. Çünki Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var.
Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.
Hələ beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada ölkə Prezidentinin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında dövlətimizin başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Və budur həmin gün gəlib yetişdi. 30 illik həsrətdən sonra bütün arzular, xəyallar gerçək oldu. İndi nəinki Şuşa, eləcə də işğaldan azad olunmuş bütün rayonlarımızda milli-mənəvi dəyərlərimizi özündə əks etdirən tarixi abidələrimiz, məscidlərimiz, mədəniyyət obyektlərimiz bərpa edilir. Bizim olan nə varsa, əvvəlki vəziyyətinə qaytarılır. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması da bu istiqamətdə atılan addımlardan biridir. İllər sonra ermənilər tərəfindən qurudulmuş "Xan qızı Natəvan” bulağından artıq su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Düşmən isə hələ də dərk etmir ki, bax, bizim qayıdışımız budur. Ən əsası da bu gün Azərbaycan xalqı işğaldan azad olunmuş torpaqlara Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! söyləyərək ayaq basır, addım atır. Dilimizin ən şirin sözü bu gün Qarabağdır!, Şuşadır!, Azərbaycandır!.
GOYEZEN.AZ
Facebook-da paylaş