• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və bu gün” mövzusunda onlayn videokonfrans keçirilib


Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və bu gün” mövzusunda onlayn videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli və Regional İdarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin - Qazax Tarix- Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Mədəniyyət Mərkəzinin, Qazax şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin rəhbər və əməkdaşları iştirak ediblər.

Videokonfrans Ulu Öndər Heydər Əliyevin Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, ümumilikdə Qarabağ haqqında dediyi tarixi fikirləri, Şuşanın azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətini özündə əks etdirən görüntülərdən ibarət filmin nümayişi ilə başlayıb.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, onlayn görüşün məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova bildirib ki, yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”.

"Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında”ölkə Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamını və Sərəncamda qeyd edilən dəyərli fikirləri tədbir iştirakçılarına çatdıran müavin həmin Sərəncamın qələbəmizin daha bir rəmzi, şuşasevərlər, xalqımız üçün əsl töhfə olduğunu bildirib. G.Həsənova Sərəncamda da qeyd edildiyi kimi, Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu,1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini vurğulayıb. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldığını söyləyib. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsindəErmənistan Respublikasının 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdiyinivə şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirdiyini bildirib. 44 günlük Vətən müharibəsindən ürəkdolusu söz açan müavin 8 noyabr 2020-ci ildə Qarabağın göz bəbəyi sayılan Şuşanın işğaldan azad olunmasını xalqımızın bu gün də qürur hissi ilə xatırladığını bildirib. Qazandığmız həmin tarixi Qələbəyə görə Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu qeyd edib.

 

G.Həsənova 12-13 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən "Xarıbülbül” musiqi festivalında "Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq”, - deyən Prezident İlham Əliyevin çıxışı zamanı bunu bir daha vurğulamasını vətəndaş olaraq bizim də üzərimizə böyük bir məsuliyyət qoyduğunu, hər zaman şəhidlərimizi yad etməli, onların xatirəsini daim əziz tutmalı olduğumuzu diqqətə çatdırıb.  

G.Həsənova bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Ölkə Prezidentinin tövsiyəsi ilə keçirilən builki "Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Builki "Xarıbülbül” festivalında bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi. Prezident İlham Əliyevin dediyi kimi, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Necə ki, Azərbaycan bunu illərdir bütün dünyaya nümayiş etdirir.

G.Həsənova vurğulayıb ki, 2 günlük festivalla bütün dünya bildi və agah oldu ki, bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar. Festivalın yaddaqalan məqamlarından, tarixi anlarından biri isə 11 ayın sultanı olan müqəddəs Ramazan bayramında təşkil olunması idi. Çünki bu qayıdışın digər bir simvolik başlanğıcı da məhz Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması oldu.

G.Həsənova qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Qarabağın tacı olan, əcdadlarımızdan bizə miras qalan müqəddəs və qədim Şuşanın 28 il 6 aydan sonra azad edilməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyinin döyüş meydanında qəhrəmanlarımızın uğuruna çevrilməsinin nəticəsi idi. Bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru, dövlət başçımızın qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin Azərbaycan xalqı üçün böyük tarixi mənəvi dəyəri, tarixi-mədəni əhəmiyyəti vardır. Ona görə də Şuşaya hər zaman xüsusi həssaslıqla yanaşan Prezident dəfələrlə qədim diyarı səfərə gedir, orada aparılan tikinti-quruculuq və bərpa işləri ilə yaxından maraqlanır, bir sıra infrastruktur layihələrin inşasına tapşırıqlar verməklə Şuşanın əsl tarixi-mədəni simasının özünə qaytarılması üçün əvəzolunmaz xidmətlər göstərir. 30 illik fasilədən sonra Şuşada keçirilən "Xarıbülbül” festivalı Azərbaycanda ən yüksək səviyyədə multikultural dəyərlərin olmasını bütün dünyaya əsl nümunə göstərdi.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ o zamanlar Şuşanın necə əhəmiyyətli olmasını bu cür vurğulamışdı: "Şuşa Azərbaycan xalqının yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi abidədir”. Ona görə də Şuşa hər zaman Ulu Öndərin diqqətində olub. O, Şuşaya adi bir şəhər kimi deyil, tarixi abidə kimi, Azərbaycanın qəhrəmanlıq rəmzi kimi baxırdı. Bütün bunlar isə həmin qədim diyarın tarixini, etnik mənsubiyyətini dünyaya çatdırmaq məqsədi daşıyırdı.

Videokonfrans iştirakçılarından Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Qazax MKS-nin direktoru Solmaz Babanlı, Qazax  şəhər 2 saylı Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış ediblər. Çıxışlarda ümumi fikir ifadə olunub ki, Ümummilli Lider Dağlıq Qarabağ məsələsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edirdi. Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadiyyatını mükəmməl bildiyi üçün bu istiqamətdə məqsədyönlü və düşünülmüş siyasət həyata keçirirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ali Baş Komandan kimi ölkə başçısı ata vəsiyyətinə layiqincə əməl etdi. Bu gün Şuşa azaddır. Şuşanın azad edilməsi Zəfər günü kimi tariximizə yazıldı və Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Və Şuşada yenidən festivallar keçirilir, məscidlərdə bayram namazları qılınır, Şuşa dağlarında, Cıdır düzündə Bayatı-Şiraz muğamının sədaları eşidilir. Bu isə Azərbaycanın mədəniyyət paytaxtından dünyaya verilən mesajlardır.

 








 

GOYEZEN.AZ



Facebook-da paylaş