Qazaxda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyyət simvolu” mövzusunda onlayn videokonfrans keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin qurucusu olan ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Əbədiyyət simvolu” mövzusunda onlayn videokonfrans keçirilib.
Qazax Tarix Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Mədəniyyət Mərkəzinin, Qazax M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, kənd mədəniyyət evlərinin və kitabxanalarının direktorları və əməkdaşlarının birgə iştirakı ilə keçirilən videokonfransda ümummilli lider Heydər Əliyevin ömür və həyat yoluna bir daha nəzər salınıb, dahi şəxsiyyətin Azərbacan dövləti və xalqı naminə gördüyü misilsiz işlərdən söz açılıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq təşkil olunmuş videokonfransın əhəmiyyətindən danışıb. Bildirib ki, taleyinə Azərbaycanın müstəqilliyini bərpa etmək və bu müstəqilliyi dönməz etmək vəzifəsi yazılmış və sonuna qədər bu missiyaya sadiq qalmış insan, xalqın böyük oğlu Heydər Əliyev fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan zəfər çalaraq qaliblər sırasında inamla gələcəyə addımlayır.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva videokonfransda çıxış edərək bildirib ki, 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev Azərbaycanın haqq səsini dünyanın ən yüksək tribunalarından ucaldır. Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Azərbaycan xalqının və dövlətinin əbədi yaşaması, inkişaf etməsi naminə durmadan çalışır. Bunun bariz nümunəsi bu gün dünyada tanınan və nüfuza malik olan Azərbaycan, inkişaf etmiş regionlar, firavan xalq, sabit ölkə və düşmən əsarətindən azad edilmiş QARABAĞdır.
Videokonfrans iştirakçılarından Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, M.P.Vaqif və M.V.Vidanin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək vurğulayıblar ki, bu gün Ulu Öndərin ruhu şaddır. Məhz onun siyasi məktəbinin layiqli davamçısı, praqmatik düşüncəli, dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən Prezident İlham Əliyevin bu illər ərzində apardığı uğurlu və düşünülmüş xarici, daxili siyasət uğurlu iqtisadi islahatlar hesabına inkişaf etmiş, güclü ordu sayəsində düşmən tapdağında olan Qarabağ öz tarixi sahibinə qaytarıldı. Noyabr ayı xalqımızın yaddaşında zəfər ayı kimi qaldı. 44 günlük Vətən müharibəsində İlham Əliyevin komandanlığı altında ordumuz tariximizə şərəfli günlər yazdı. Çıxışlarda bildirilib ki, bu qələbə İlham Əliyevin son 17 ildə Heydər Əliyev ideyalarına sadiq qalaraq həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur. Əsl ölməzlik və əbədiyyət məhz budur.
GOYEZEN.AZ
Facebook-da paylaş