• Təqvim

  • Maraq



İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş “General Aslanov” mövzusunda videokonfrans keçirilib


Bu gün Qazax və Ağstafa Rayon Heydər Əliyev Mərkəzlərinin və Həzi Aslanovun Ev Muzeyinin birgə təşkilatçılığı ilə hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun xatirəsinə həsr olunmuş "General Aslanov” mövzusunda videokonfrans keçirilib. "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli sərəncamına əsasən təşkil olunmuş videokonfransda hərbi xadimin ömür yoluna nəzər salınıb, xatirəsi yad edilib.

Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Həzi Aslanovun Ev Muzeyinin direktoru Cəmilə Şərifova çıxış edərək Həzi Aslanovun keçdiyi həyat yolundan, Böyük Vətən Müharibəsində göstərdiyi şücaətlərdən danışıblar. Çıxış edənlər qeyd ediblər ki, Həzi Aslanovun keçdiyi ömür yolu bu gün hər bir Azərbaycan gənci üçün örnəkdir. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna şücaətləri torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan gəncliyi üçün əsl qəhrəmanlıq nümunəsidir. Bildiriblər ki, Həzi Aslanovun Azərbaycan naminə göstərdikləri şücaətlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev hərbi xadimin anadan olmasının 110 illiyinin layiqincə qeyd olunması haqqında xüsusi sərəncam imzalamış və həmin sərəncama uyğun olaraq respublikanın hər yerində müvafiq tədbirlər keçirilmişdir.

Videokonfransdan sonra Həzi Aslanovun Ev Muzeyinə virtual ekskursiya təşkil edilib. Muzeyin bələdçisi Nərmin Məmmədli generalın həyat yolu, azad etdiyi torpaqlar, misilsiz qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib, şəxsi əşyaları, generala həsr edilmiş kitabları, onun döyüş şəkillərini onlayn formatda təqdim edib.











 

GOYEZEN.AZ



Facebook-da paylaş