Qazaxda “Qoy həmişə sülh olsun” mövzusunda videokonfrans keçirilib
Bu gün cəbhə bölgələrində yerləşən Qazax, Ağstafa, Tərtər, Ağdam və
Füzuli Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 21 avqust -
21 sentyabr "Beynəlxalq sülh aylığı” ilə əlaqədar "Qoy həmişə sülh olsun”
mövzusunda videokonfrans keçirilib. Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin
direktoru Ceyhunə Hüseynova və Mərkəzin əməkdaşları, Ağstafa Heydər Əliyev Mərkəzinin
direktoru Ləman Cəlilova, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə
Yusibova, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elçin Cəfərzadə,
elmi işçi Yunis İbrahimov və digər əməkdaşlar, Füzuli Heydər Əliyev Mərkəzinin
direktoru Ruhin Balakişizadə iştirak ediblər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova
videokonfrans iştirakçılarını salamlayaraq birgə əməkdaşlığa görə minnətdarlıq
edib. Bildirib ki, ölkəmiz illərdir ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşir
və nəticədə minlərlə günahsız uşaqlar, ordumuzun əsgər və zabitləri, dinc əhali
həlak olur, erməni vəhşiliyinin qurbanına çevrilir. Bu illər ərzində Azərbaycan
hər zaman münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atıb. Məhz
ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük uzaqgörənliklə
qan tökülməsinin qarşısının alınması məqsədilə 12 may 1994-cü ildə cəbhədə atəşkəs
əldə edilməsi üçün saziş imzalayıb və bu dövlətçiliyimizin sülh arzusunun ifadəsi
idi. C.Hüseynova "Beynəlxalq sülh aylığı”nın əhəmiyyətindən danışaraq qeyd edib
ki, Ermənistanla sülhə nail olmaq üçün dövlətimiz əlindən gələni edir. Ermənistanın
cinayətkar əməlləri isə tükənmək bilmir. Avropa Şurası, BMT, ATƏT, NATO kimi
beynəlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həllinə çalışsa da Ermənistan
yenə də işğalçılıq siyasətini davam etdirir. 1993-cü ildə BMT erməni
işğalçılarının zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz
çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması
haqqında 4 qətnamə qəbul etmiş, bu qətnamələrdə həmçinin ermənilərin təcavüzkar
siyasəti pislənilmiş, lakin Ermənistan bu qətnamələrdəki tələblərin heç birini
yerinə yetirməmişdir. Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Ağstafa
Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağdam Heydər Əliyev Mərkəzinin
baş fond mühafizi Elçin Cəfərzadə, Füzuli Heydər Əliyev Mərkəzinin direktoru Ruhin
Balakişizadə, Ağdam Heydər Əliyev Mərkəzinin elmi işçisi Yunis İbrahimov çıxış
edərək ölkəmizə, dünyamıza sülh arzu ediblər. Bildiriblər ki, cəbhə bölgələrində
yerləşən rayonların "Beynəlxalq sülh aylığı” ilə əlaqədar təşkil etdiyi bu cür
tədbirin keçirilməsi təqdirəlayiqdir, xalqımız tam əminliklə ölkə Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasətə inanaraq
torpaqlarımızın erməni işğalçılarından azad olunacağı günü səbirsizliklə gözləyir. Videokonfrans iştirakçıları Azərbaycan dövlətinin sülhü müqəddəs amal kimi
qoruyan bir dövlət olduğunu vurğulayaraq dövlətimizin Qafqazda sülh və sabitlik
məkanına çevrildiyini qeyd ediblər. Ermənistanın isə qatı millətçi, nasist
ideologiyasından ikiəlli yapışan dövlət kimi təcavüzkar, aqressiv siyasətini
pisləyiblər. GOYEZEN.AZ
Facebook-da paylaş