Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Qoy həmişə sülh olsun” mövzusunda videokonfrans keçirilib

Qazaxda “Qoy həmişə sülh olsun” mövzusunda videokonfrans keçirilib


31-08-2020, 18:34


Bu gün cəbhə bölgələrində yerləşən Qazax, Ağstafa, Tərtər, Ağdam və Füzuli Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 21 avqust - 21 sentyabr "Beynəlxalq sülh aylığı” ilə əlaqədar "Qoy həmişə sülh olsun” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Mərkəzin əməkdaşları, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elçin Cəfərzadə, elmi işçi Yunis İbrahimov və digər əməkdaşlar, Füzuli Heydər Əliyev Mərkəzinin direktoru Ruhin Balakişizadə iştirak ediblər.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfrans iştirakçılarını salamlayaraq birgə əməkdaşlığa görə minnətdarlıq edib. Bildirib ki, ölkəmiz illərdir ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşir və nəticədə minlərlə günahsız uşaqlar, ordumuzun əsgər və zabitləri, dinc əhali həlak olur, erməni vəhşiliyinin qurbanına çevrilir. Bu illər ərzində Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atıb. Məhz ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük uzaqgörənliklə qan tökülməsinin qarşısının alınması məqsədilə 12 may 1994-cü ildə cəbhədə atəşkəs əldə edilməsi üçün saziş imzalayıb və bu dövlətçiliyimizin sülh arzusunun ifadəsi idi. C.Hüseynova "Beynəlxalq sülh aylığı”nın əhəmiyyətindən danışaraq qeyd edib ki, Ermənistanla sülhə nail olmaq üçün dövlətimiz əlindən gələni edir. Ermənistanın cinayətkar əməlləri isə tükənmək bilmir. Avropa Şurası, BMT, ATƏT, NATO kimi beynəlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həllinə çalışsa da Ermənistan yenə də işğalçılıq siyasətini davam etdirir. 1993-cü ildə BMT erməni işğalçılarının zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması haqqında 4 qətnamə qəbul etmiş, bu qətnamələrdə həmçinin ermənilərin təcavüzkar siyasəti pislənilmiş, lakin Ermənistan bu qətnamələrdəki tələblərin heç birini yerinə yetirməmişdir.

Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elçin Cəfərzadə, Füzuli Heydər Əliyev Mərkəzinin direktoru Ruhin Balakişizadə, Ağdam Heydər Əliyev Mərkəzinin elmi işçisi Yunis İbrahimov çıxış edərək ölkəmizə, dünyamıza sülh arzu ediblər. Bildiriblər ki, cəbhə bölgələrində yerləşən rayonların "Beynəlxalq sülh aylığı” ilə əlaqədar təşkil etdiyi bu cür tədbirin keçirilməsi təqdirəlayiqdir, xalqımız tam əminliklə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasətə inanaraq torpaqlarımızın erməni işğalçılarından azad olunacağı günü səbirsizliklə gözləyir. Videokonfrans iştirakçıları Azərbaycan dövlətinin sülhü müqəddəs amal kimi qoruyan bir dövlət olduğunu vurğulayaraq dövlətimizin Qafqazda sülh və sabitlik məkanına çevrildiyini qeyd ediblər. Ermənistanın isə qatı millətçi, nasist ideologiyasından ikiəlli yapışan dövlət kimi təcavüzkar, aqressiv siyasətini pisləyiblər.













GOYEZEN.AZ


Geri qayıt