Qazaxda 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr edilmiş videokonfrans keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzi, Gəncə Şəhər Heydər Əliyev Mərkəzi və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr edilmiş videokonfrans keçirilib. Videkonfransda Gəncə 16 saylı kitabxananın, Qazax Multimedia kitabxanasının müdirləri, Qazax, Gəncə, Şəmkir Heydər Əliyev Mərkəzlərinin bələdçiləri, elmi işçiləri və digər əməkdaşlar iştirak ediblər.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq qeyd edib ki, avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycanda dövlət gənclər siyasəti gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. "Heydər Əliyev və gənclər siyasəti” mövzusunda danışan C.Hüseynova ölkəmizdə gənclərə gösərilən dövlət qayğısından söz açıb.
Qeyd edib ki, "XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub yaratmaq və inkişaf etdirmək dövrüdür”- deyən Ulu Öndərin gənclərə olan etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Bu da cənab Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı qarşıya qoyduğu vəzifələrin reallaşmasının nəticəsidir. Bu gün ölkə prezidenti gənclərin ən yaxın dostu və himayədarıdır. Qazax gəncləri də öz dövləti və lideri ətrafında sıx birləşərək Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin ən böyük dəstəkçisidirlər.
Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova çıxış edərək tədbirdə iştirak edən gəncləri əlamətdar gün münasibətilə təbrik edib, Gəncə gənclərinin dövlətin apardığı siyasəti dəstəklədiklərini və bu işdə yüksək fəaliyyət göstərdiklərini bildirib. "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışının da məhz Gəncə Şəhər Heydər Əliyev Mərkəzində keçirildiyini vurğulayıb.
Şəmkir Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Maisə Məmmədova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edir. Bu siyasətin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq addımlar atır.
Sonra Gəncə 16 saylı kitabxananın müdiri Tünzalə İsmayılova, Qazax Multimedia kitabxanasının müdiri Rufina Namazova, Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova, elmi işçisi İlahə Məmmədova çıxış edərək ölkəmizdə gənclər siyasətinin çox uğurla həyata keçirilməsindən danışıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş