Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiyaşarlıq zirvəsini fəth etmiş siyasi lider” mövzusunda onlayn videokonfrans keçirilib
Mayın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Əbədiyaşarlıq zirvəsini fəth etmiş siyasi lider” mövzusunda onlayn videokonfrans keçirilib.
Zoom platforması üzərindən onlayn formatında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Mədəniyyət Mərkəzinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin, Mərkəzin direktor və əməkdaşları iştirak ediblər.
Videokonfransda Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın dahi oğlu, böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatı, idarəçilik və dövlətçilik sahəsində siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərəkvideokonfrans iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almış, müharibənin başlaması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1941-1944-cü illər Naxçıvan Xalq Daxili İşlər Komissarlığında müxtəlif vəzifələrdə çalışmış, 1944-cü ildən Dövlət Təhlükəsizlik Orqanlarına işə göndərilmişdi. Bu dövrdə Təhlükəsizlik Orqanlarında çalışaraq 1964-cü ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə yüksəlmişdir. Həmin illərdə Leninqrad şəhərində xüsusi ali təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KPMK iyul plenumunda I katib seçilməsi ilə xalqımızın taleyində çox böyük əhəmiyyətli hadisələr baş vermiş, Azərbaycan dövlətinin və dövlətçiliyinin, xalqın özünə qayıdışının və milli məfkurəsinin yüksəlişi dövrü başlamışdır. Mərkəzi Komitənin katibi seçilməsi ilə Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlanmışdır. O, Sovet İttifaqı kimi böyük bir İmperiyanın zəngin iqtisadi potensialından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başlamışdır. Məhz Heydər Əliyevin əzmi sayəsində 1970-1985-ci illər Azərbaycanda quruculuq dövrü kimi tarixə düşmüş və bütün bu xidmətləri ilə Heydər Əliyev müstəqilliyimizin təməl daşını qoymuşdur.
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək Heydər Əliyevin siyasi gücü və qüdrətinin sayəsində müstəqil Azərbaycanın böyük uğurla Avropaya və dünya birliyinə inteqrasiya etdiyini bildirib. Bugünkü müstəqil, suveren Azərbaycanın hərtərəfli inkişaf və tərəqqi yolunda olduğunu qeyd edib. Bütün bu uğurlara, nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı düşünülmüş və praqmatik siyasət sayəsində nail olduğumuzu vurğulayıb.
Qazax Rayon Mədəniyyət müəssisələri YAP-sı Ərazi İlk Partiya Təşkilatının sədri, şəhər 2 saylı Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərdən danışıb. Dahi şəxsiyyət Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi və təşəbbüskarlığı sayəsində ölkəmizin sürətli inkişaf yoluna çıxdığını bildirib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxışı zamanı Heydər Əliyevin zəngin həyat və siyasi təcrübəsindən danışıb. Məhz Ulu Öndərin uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitliyin təmin olunduğunu, uğurlu iqtisadi layihələrin həyata keçirildiyini söyləyib. Gələcəyə ölçülüb-biçilmiş bu siyasəti bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin dünya miqyasında söz, nüfuz sahibi olan ölkəyə çevrildiyini qeyd edib.
Videokonfransın sonunda Qazax Rayon Mədəniyyət Mərkəzi Qaymaqlı kənd Mədəniyyət Evinin müdiri Kazım Kazımov Ulu Öndərə həsr etdiyi "Heydər Ata, Heydər Baba” şerini söyləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş