“Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ADA
Universiteti "Bir müəllimin manifesti” ixtisasartırma proqramına başlayıb.
Sevindirici haldır ki, Universitetin "Bir müəllimin manifesti” layihəsi
çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası da əsaslı təmir
olunur. Cari ilin oktyabrın 1-də ADA Universitetinin milli
təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Seminariyanın qarşısında
keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax
Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək
məqsədilə Niyyət sazişi də imzalanıb. Sənədi Heydər Əliyev Fondunun "Regional
İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş
direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA
Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla
tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını
öz üzərlərinə götürdüklərini bəyan ediblər.
Noyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti
Qalib Məmməd və digər aidiyyatı şəxslər Qazax Müəllimlər
Seminariyasında olub, binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından
maraqlanıblar. Seminariyanın bərpa işlərini
həyata keçirən layihəçi və baş podratçı "PMD PROJECTS” MMC-nin İdarə Heyətinin sədri Nəriman
Topçibaşev, baş memar Fizuli Əliyev, bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və digər əməkdaşlar görülmüş işlər barədə ətraflı məlumat verərək hazırda
söküntü və bərpa-gücləndirmə işlərinin aparıldığını qeyd ediblər. Görülmüş işlərlə yaxından tanış olan ADA Universitetinin rektoru
Hafiz Paşayev lazımi tapşırıq və tövsiyələrini də verib. ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy
Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu
Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və
Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə
yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri
toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti
səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir və sonsuz
minnətdarlıq hissi ilə qarşılanır.
GOYEZEN.AZ
Facebook-da paylaş