• Təqvim

  • Maraq



Uşaqların düzgün inkişafında məktəbəqədər təhsil müəssisələrinin rolu


Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə ­yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa ­çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib. Müstəqil Azərbaycanımızda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti də məhz ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəldilib. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı məqsədyönlü addımlar,Birinci vitse-prezident, Heydər Əilyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmin yaradır.

Bu gün hər kəsə o da yaxşı məlumdur ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir. Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə qadir olan məktəbəqədər təhsil müəssisəsidir. Odur ki, tam əminliklə deyə bilərik ki, uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında bağçaların rolu əvəzsizdir.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənc və yeniyetmələrə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əsas götürülür. Rayonda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində təqdirəlayiq işlər görülür.  Son illər rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-i tam müasir standartlara cavab verən səviyyədədir. Bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpə fidanların istifadəsinə verilən 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası bu dediklərimizin bariz nümunəsidir.

GOYEZEN.AZ saytı olaraq uşaqların düzgün inkişafında, təlim-təbiyəsində məktəbəqədər təhsil müəssisələrinin rolu barədə bağça müdirinin və ibtidai sinif müəlliminin fikirlərini öyrənməyə çalışdıq.

İlk müsahibimiz Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri İradə Mustafayeva bağçaya gələn uşaqlarla gəlməyən uşaqlar arasında sonrakı inkişaflarında böyük fərq yarandığını bildirdi.

Onun sözlərinə görə əvvəlcə ailədə yalnız valideynləri ilə münasibət quran azyaşlı getdikcə öz yaşıdları ilə münasibət qurma ehtiyacı hiss edir. Çünki o, öz "mən”ini sosial mühitdə, ”digərlərinin” yanında daha asan kəşf edir. Uşaq evdə anasının ”bir dənəsi”, atasının "qiymətlisi", baba və nənəsinin "toxunulmazı”dır. Bu səbəbdən valideynlər istəsələr belə övladlarının tərbiyəsini arzuladıqları kimi qura bilmirlər. Xüsusilə təkuşaqlı ailələrin əksəriyyətində hər şey övladın üzərində qurulur. Hətta yeməklər belə onun arzusu ilə hazırlanır. Uşaq təkbaşına oynayır, heç nəyini paylaşmaq istəmir. İstəkləri çox və zamansız olur. Bu cəhətdən uşaqların cəmiyyətdə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyətinin formalaşmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var.

İ.Mustafayeva qeyd edir ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövründə əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanaqlığının estetik tərbiyəsinin əsası qoyulur. Onların sadə əmək vərdişlərinə yiyələnməsi, şəxsi sağlamlığın qorunması, zəruri həyati bacarıqlarına yiyələnməsi, şəxsiyyətinin formalaşması prosesi başlayır. Məktəbəqədər təhsil müəssisəsinin faydalarından ən önəmlisi azyaşlının bağçada evdəki "uşaq” rolunda olmamasıdır. Uşaq bağçaya başladığında artıq anasının "birdənəliyindən” çıxıb 15-20 nəfərlik qrupun üzvlərindən birinə çevirilir və sosiallaşır. Özü kimi uşaqlarla bir qrup daxilində olma sınağı başlayır.

İradə müəllimin də qeyd etdiyi kimi, eyni zamanda, bağça həyatı uşaqların məktəbə hazırlanmasında da böyük rol oynayır. Bağçaya getməyən uşaq məktəbə başlarkən analarından ayrılmaqda əziyyət çəkirlər və məktəb-ailə-uşaq münasibətlərində bəzi problemlərlə üzləşə bilirlər. Bağçada sosiallaşmağı, gün rejiminə uyğun hərəkət etməyi, kollektiv qaydalara uyğunlaşmağı öyrənən uşaqlar isə məktəb həyatına atıldıqda bu cəhətdən çətinlik çəkmirlər.

Bu mövzu ilə əlaqədar Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hürü Vəliyevanın da fikirlərini öyrəndik.

 "Bağçadan gələn uşaqlarla, evdən gələn uşaqların fərqli cəhətləri olduqca böyükdür”, - deyən H.Vəliyeva bağçaların uşaqların həyatındakı rolundan danışdı:

- Uşaqların düzgün istiqamətdə inkişaf etməsində, məktəbə hazırlığının təşkilində bağçaların çox böyük köməyi və dəstəyi var. Uşaqların cəmiyyətdə və ictimai yerlərdə özlərini düzgün aparmasında böyük rolu olur. Lakin, evdən gələn uşaqlarda belə vərdiş və xüsusiyyətlər çox az olur.

Uşaqlar bağçalarda məktəbə hazırlıq qruplarında bəzi ilkin bilik və bacarıqlara yiyələnirlər. Elə valideynlər var ki, onlar uşaqlarını bağçaya qoymurlar. Bu fikir çox yanlışdır. Çünki artıq ölkəmizdə müasir tipli bağçalarımız var. Yeni tipli bağçalarımızda uşaqlar üçün hər cür şərait yaradılıb. Bu zaman uşaqlar müxtəlif qruplara bölünürlər: kiçik, orta, böyük və məktəbəhazırlıq qrupları. Bu zaman onların yaş fərqləri nəzərə alınır. Belə bir şəraitdə bağçadan gələn uşaqlarla, evdən gələn uşaqların fərqi daha tez nəzərə çarpır.

Hürü müəllimə vurğulayır ki:

- Bağçadan gələn uşaqlarda Ana dilini, təbiətlə tanışlıq, ilkin riyazi biliklər, sensor tərbiyə, fiziki tərbiyə, musiqi və intellektual səviyyələri inkişaf etmiş olur və sonrakı məktəb fəaliyyətlərində onların daha da fəallığında böyük bir dönüşə səbəb olur. Ancaq evdən gələn uşaqlarda sadaladıqlarımız hazırlıqlar olmur, bağça uşaqlarına nisbətən aktivlik və fəallıqda geridə qalırlar.

Bağçalarda keçirilən Ana dili məşğələləri uşaqlarda ilkin nitqin inkişafı, səslərin sözlərdən fərqləndirilməsində düzgün cümlələr qurulmasında böyük rol oynayır. Bu zaman onların məktəb yaşları çatanda şifahi şəkildə hərfləri əzbərdən bilirlər. Ancaq belə vərdişlər evdən gələn uşaqlarda ya kortəbii olur, ya da heç olmur.

Bağçada ilkin riyazi biliklər isə uşaqlarda əşyaları saymağı, hansının az, hansının çox olduğunu, 10 dairəsində ədədləri, 20 dairəsində saymağı öyrənirlər. Məktəb yaşına çatanda isə elə uşaqlar var ki, 100 dairəsində ədədləri saymağı bacarırlar. Lakin, evdən gələn uşaqlarda belə vərdişlər olmur.

Təbiətlə tanışlıqda uşaqlar bağçanın həyətindəki bitkilərlə, yarpaqlarla, onlara qulluq etməyi öyrənməklə yanaşı, fəsillər haqqında geniş məlumat əldə edirlər. Sensor tərbiyə uşaqların əqli cəhətdən inkişafına böyük təsir edir. Bağçada keçdikləri fiziki tərbiyə planlı şəkildə uşaqlarda hərəki fəallığı inkişaf etdirir. Evdən gələn uşaqlarda isə sensor tərbiyə ümumiyyətlə heç formalaşmır, fiziki tərbiyə isə kortəbii şəkildə inkişaf edir.

Bağçalarda keçirilən musiqi dərsləri uşaqlarda uşaq mahnılarını öyrənmək bacarıqlarını inkişaf etdirir, onlar həmin mahnıları öyrənir və artıq musiqi ilə rəqs etməyi bacarırlar. Bağçada olan uşaqlar öz yoldaşları ilə necə davranacaqlarını, oyun zamanı heç kimə mane olmamağı öyrənirlər. Böyüklərə hörmət və özlərindən kiçiklərə qayğı göstərmək vərdişlərinə yiyələnirlər. Evdən gələn uşaqlarda isə bu sadaladıqlarımız bəsit şəkildə olur və yaxud heç olmur.

Bağçada uşaqlar rəsm çəkməklə, düzəltdikləri əl işləri ilə estetik zövqə yiyələnir və ilkin əmək bacarıqlarını formalaşdırırlar. Onlar rəsm zamanı rəngləri tanıyır, onları fərqləndirirlər. Əl işləri zamanı isə onlarda zəhmətə böyük hörmət aşılanır. Artıq bağçada onlarda əmək fəaliyyəti formalaşmış olur. Bütün bu sadaladıqlarımız bağçadan gələn uşaqlarla evdən gələn uşaqların böyük fərqini büruzə verir.

Hürü müəllimə sonda bir ibtidai sinif müəllimi kimi, bütün valideynlərə uşaqlarını vaxtında bağçalara göndərmələrini də tövsiyə etdi.



Facebook-da paylaş