• Təqvim

  • Maraq



Qazaxda vətəndaşın etdiyi daha bir müraciət artıq müsbət həllini tapıb

Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarında hər zaman səsləndirir ki, “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!”. 

Bəli, bu fikir bir daha onu göstərir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Vətəndaşlar bunu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğıda hər zaman hiss edirlər. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən avqustun 9-da keçirilən qəbul zamanı vətəndaşın etdiyi müraciətin müsbət həllini tapması dediklərimizin bariz nümunəsidir.

Belə ki, Qazax şəhəri Bakı küçəsi 4 ünvanında yaşayan Orucova Natəvan Qələndər qızı qəbulda olan zaman cari ilin iyunun 20-də rayonda əsən güclü küləkli hava şəraiti ilə əlaqədar irigövdəli şam ağacının aşması nəticəsində yaxınlarına məxsus qəbir daşlarına ziyan dəydiyini qeyd edərək ona köməklik göstərilməsini, qəbir daşlarının bərpa edilməsini xahiş etmişdi.

Rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna nümunədir. Qazax Bələdiyyəsi də rayon rəhbərliyinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim vətəndaşların, xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinə həssaslıqla yanaşır.

Hər zaman olduğu kimi, Qazax Bələdiyyəsi bu dəfə də vətəndaşın etdiyi müraciətə biganə qalmadı. Sözügedən məsələnin aradan qaldırılmasında vətəndaşa öz köməyini göstərdi. 

N.Orucovanın yaxınlarına məxsus 3 qəbir daşı və yaxınlıqda olan əlavə 1 qəbir daşı Qazax Bələdiyyəsi tərəfindən yenidən bərpa edilərək əvvəlki vəziyyətinə qaytarıldı. Vətəndaş N.Orucova ona göstərilən qayğıya, eləcə də müraciətinə həssaslıqla yanaşılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və əziyyəti keçən insanlara minnətdarlığını bildirir.



Facebook-da paylaş