• Təqvim

  • Maraq

Qazaxda icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi

Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində 2020-ci ilin 27 sentyabrında şanlı tarix yazan Azərbaycan dövləti bu gün də möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində 2024-cü il də xalqımızın, xüsusilə də qazaxlıların yaddaşına qızıl hərflərlə yazıldı. 2024-cü ildə bir güllə belə atılmadan Qazax rayonunun dörd kəndi düşmən tapdağından azad edildi. Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. İşğaldan azad edilmiş kəndərin sakinləri doğma yurdlarını onlara qaytaran Müzəffər Ali Baş Komandanla qürur duyurlar. Qürurverici olan odur ki, işğaldan azad olunmuş həmin kəndlərdə bu gün minatəmizləmə işləri davam etdirilir. Kəndlərin layihə-smeta sənədləri hazırlanıb, yaxın zamanda həmin 4 kəndin bərpasına başlanılacaqdır.

Vətən yolunda minlərlə şəhid verdik, neçə-neçə qəhrəman oğullarımız sağlamlığını bu yolda qurban verdi. Birinci Qarabağ müharibəsi Allahverənovlar ailəsinin qəlbinə ömür boyu onları göynədəcək, sızladacaq bir dağ çəkdi. Bəli, bu müharibə bir ailədən ata və oğulu aldı. Allahverənov Dursun Vəli oğlu öz oğul övladı İmran Allahverənovla birlikdə onlar üçün doğma, əziz olan Aşağı Əskiparanın harayına səs verdi, çətin anda Vətənin keşiyində dayanmağı özlərinin həyat amalı bildilər. Məhz Vətənə, torpağa, yurda, elə-obaya olan sevgi ata və oğulu bir anda Şəhidlik zirvəsinə ucaltdı. Beləcə 1992-ci ilin 21 martı ata və oğulun eyni gündə, anda, saatda Şəhidlik zirvsinə ucaldığı gün kimi Allahverənovlar ailəsinin yaddaşına əbədi həkk olundu.

Bir gündə ömür-gün yoldaşını və canından pay olan oğlunu Vətənə qurban verən Məmmədova Gülnaz Hümbət qızı nə az, nə çox düz 34 ildir ki, igid Vətən oğullarının həsrəti, niskili ilə yaşayır. Vətən həsrəti ilə yanaşı, onların niskilini də qəlbində daşıyır. İllərdir Gülnaz ananın bir istəyi, arzusu vardı ki, ömrünün ahıl çağında, 77 yaşında bircə dəfə olsa belə həyat yoldaşının və oğlunun işğaldan azad olunmuş Aşağı Əskipara kənd qəbiristanlığında olan qəbirlərini ziyarət etsin.

Bu gün Gülnaz ananın o arzusu gerçək oldu. Hər zaman şəhid ailələrinin, qazilərin, məcburi köçkün ailələrinin yanında olan, onlara qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 77 yaşlı bu ananın arzusunun reallaşması üçün əlindən gələni əsirgəmədi. Uzun həsrətdən, niskildən sonra doğma yurd yerlərinə, Aşağı Əskiparaya elə Gülnaz ana ilə birlikdə ayaq basdı.

Gülnaz Məmmədova, onun övladları Əhliman Allahverənov və Aytəkin Hacıyeva illər öncə mənfur düşmən üzündən çıxmalı olduqları Aşağı Əskipara kəndində oldular. 34 illik həsrətdən sonra ana həyat yoldaşına və oğluna, ananın övladları isə ata və qardaşlarına qovuşdular.

Dağıdılmış, uçurulmuş qəbirləri görmək Gülnaz ana üçün nə qədər çətin olsa da, uzun illərin ayrılığından sonra doğmalarına qovuşduğu üçün ürəyi toxtaqlıq tapır. “34 illik həsrətdən sonra balama qovuşdum. Artıq ölsəm də gözüm arxada qalmayacaq”, - deyən Gülnaz ana bu anı ona yaşadan, doğma torpağı görmək şansını ona verən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə minnətdar olduğunu dilə gətirdi. Gülnaz ana doğma kəndlərinə getmək, həyat yoldaşının və övladının qəbirlərini ziyarət etmək üçün onlara şərait yaratdığına görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevə, sərhədçilərə minnətdarlıq etməyi də unutmadı. Onun illərdir ürəyində yaşatdığı bu aruzunun gerçəkləşməsində göstərdiyi dəstəyə görə rayon rəhbərinə sonsuz təşəkkürünü ifadə etdi.

Şəhid qızı və bacısı olan Aytəkin Hacıyeva fikirlərini belə bölüşdü: “13 yaşım vardı atamla qardaşımı doğma kəndimizdə dəfn edəndə. Kim bilərdi ki, onların yoxluğu yetməyəcək, həm də məzarlarına həsrət qalacağıq. Bu həsrət düz 34 il çəkdi. Arzu edərdim ki, bu gün bizi burada atamla qardaşım özləri qarşılayardılar. Allah nəsib etmədi. Bu gün onların dağılmış məzarlarını ziyarət etmək nəsib oldu bizə. Buna da şükr edirəm. Bu fürsəti bizə bəxş edən şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm, bir ömür onlara borclu olduğumu dilə gətirirəm. Prezident, Müzəffər Ali Baş Komandanla qürur duyduğumuzu, şanlı zəfəri bizlərə bəxş edənlərə hər zaman minnətdar olacağımızı deyirəm”.

Şəhid oğlu və qardaşı olan Əhliman Allahverənov bildirdi ki: “Bu gün bizim üçün çox çətindir. İllər öncə körpə ikən itirdiyim doğmlarımı bu cür görmək. Gəlib onların dağıdılmış, uçurulmuş məzarlarını axtarmaq, tapmaq. İllər ötsə də biz əmin idik ki, bir gün onların qəbirlərini ziyarət edəcəyik. Çünki əmin idik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu bizi doğma yurd yerlərimizə qovuşduracaq. Bu yolda şəhidlər verdik, qazilərimiz oldu. Lakin bu gün qüururluyuq ki, torpaqlarımız mənfur düşməndən azad edildi. Və biz gəlib öz doğmalarımızı ziyarət edə bildik”.

Şəhid ailəsinin ağrı-acısını onlarla birlikdə çəkən rayon rəhbəri bu çətin anda onların yanında olduğu üçün özünü şanslı hiss etdiyini qeyd edib. “Özümə borc bildim ki, bu çətin anda sizlərin yanında olum, kədərli gününüzdə sizləri tək qoymayım. Dərdinizi birlikdə çəkək”, - deyən icra başçısı Rəcəb Babaşov işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərdə yaşayacaqları günün elə də uzaqda olmadığını bildirib. Ölkə Prezidentinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş yurd yerlərimizin yenidən cənnətə çevriləcəyini söyləyib.




Facebook-da paylaş


{sape_links}