İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
Yanğın zamanı Qazax Rayon Psixiatriya Xəstəxanasına bitişik ümumi sahəsi 180.82 kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Həmçinin, yeməkxananın daxilində yerləşən 16.08 kv.m qab yuyulan yer, 26.32 kv.m işçilər üçün otaq, 9.52 kv.m yemək bişirilən yer, 68.90 kv.m xəsətələrin yemək yediyi yer (40 nəfərlik), 60 kv.m ərzaq saxlanılan anbar yanaraq yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, yeməkxananın və anbarın içərisində olan məişət əşyaları (soyuducu, stol, stul və digər avadanlıqlar, ərzaq məhsulları) tamamilə yanmışdır. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əmkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın zamanı xəsarət alan olmamışdır. Baş vermiş hadisənin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Sentyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, icra aparatının məsul şəxsləri, Rayon Fövqəladə Hallar Komissyasının üzvləri Qazax Rayon Psixiatriya Xəstəxanasında olmuşlar. Səhər saatlarında sözügedən xəstəxanaya baş çəkən icra başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə axşam yenidən xəstəxanaya gedərək, xəstələrin şam yeməyi zamanı yanlarında olub, onlar üçün yaradılan şəraitlə maraqlanıb. Qeyd edək ki, yanğın hadisəsindən sonra mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi addımlar atılıb. Belə ki, müalicə alan xəstələr yemək yemələri üçün 5 günlük ərzaq təminatı ilə təmin olunmuş, mətbəx təmir olunana kimi xəstəxananın həyətində 50 nəfərlik çadır qurulmuş, yemək bişirmək üçün müvəqqəti mətbəx yaradılmış, qab-qacaq, eləcə də digər ləvazimatlar alınmışdır. Eyni zamanda, baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir. Nazirlik tərəfindən rayon icra hakimiyyəti ilə mütəmadi olaraq əlaqə saxlanılır, sözügedən hadisə hər iki qurum tərəfindən qarşılıqlı olaraq diqqət mərkəzində saxlanılmaqla lazımi tədbirlər görülür.
Qeyd etdiyimiz kimi, 22.09.2026-cı il tarixdə gecə saat 02:15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansında olan, Qazax şəhəri Heydər Əliyev prospekti 1 ünvanında yerləşən, hazırda 98 nəfər xəstənin müalicə aldığı ikimərtəbəliQazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi barədə məlumat saat 02:31-də Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə daxil olmuşdur. Qazax Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən saat 02:32-də çıxış, 02:36-da hadisə yerinə çatma, 02:47-də məhdudlaşma (yanğının yayılmasının qarşısının alınması), 03:09-da yanğın tamamilə söndürülmüşdür. İlkin olaraq yanğın hadisəsi baş vermiş əraziyə yaxın 1-ci mərtəbədə olan 44 nəfər xəstə xəstəxananın təhlükəsiz ərazisinə təxliyə olunmuşdur. 















Facebook-da paylaş














