Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Anılan adlar, ucalan Vətən” başlıqlı tədbir keçirilib
Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Anılan adlar, ucalan Vətən” başlıqlı tədbir keçirilib. Qazax Ədəbiyyat Muzeyində keçirilən anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, təhsil, mədəniyyət işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Monitorda Birinci Qarabağ, Aprel döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsi, Antiterror tədbirləri, həmçinin, digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğullarının şəkilləri nümayiş etdirilib. Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş gizir Tahir İsmayılovun anası Üçgülnaz İsmayılova çıxış edərək əvvəlcə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə şəhid anaları, ataları adından dərin minnətdarlığını bildirib. “Mən 30 ildən çoxdur ki, mənfur düşmənin tapdağında olan Qazax rayonunun Sofulu kəndinin sakiniyəm. Biz kənddən məcbur çıxarılanda Tahirin cəmi 3 yaşı vardı. Hər çətinliyə dözüb, onu igid, qəhrəman oğul kimi böyütdüm. Tahir özünü dərk etməyə başladığı ilk andan qisas hissi ilə yaşamağa başladı. Tək və yeganə arzusu isə işğalda olan torpaqlarımızı, doğma yurdu olan Sofulunu işğaldan azad etmək, Xocalıda xalqımızın, ana və bacılarımızın başına gətirilən müsibətlərin qisasını almaq idi. 44 günlük Vətən müharibəsində Tahir öz silahdaşları, qardaşları ilə məhz bu amal uğrunda döyüşdü və uca bir məqama yüksəldi. Bu gün mən tək Tahirlə deyil, bütün şəhidlərimizlə qürur duyuram. Ona görə qürur duyuram ki, şəhidlərimizin arzusu çin oldu. Torpaqlarımız azad olundu, şəhidlərin, soyqırımı qurbanlarının qisası alındı”, - deyə şəhid anası fikirlərini bölüşüb.
6 il əvvəl hər zaman “Qarabağ Azərbaycandır!” şüarını dillər əzbəri edən qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında haqq savaşına çıxdılar. 44 günlük həmin savaşda qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.


Tədbir iştirakçıları və şəhid ailələri əvvəlcə muzeyin foyesində Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzlərinin 27 Sentyabr - Anım Gününə həsr olunmuş rəsmlərinə baxış keçiriblər. 











Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş tədbiri açıq elana edərək başda şəhid ailələri, qazilər olmaqla, iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Aparıcı qeyd edib ki, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Belə ki, Qazax rayonunda doğulub boya-başa çatmış, Vətən müharibəsində, antiterror tədbirlərində və digər döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmış oğulların adlarını və xatirələrini əbədiləşdirmək üçün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qanları ilə dastan yazanlar", "Vətəni canından əziz bilənlər", "Şanlı Vətən Oğulları" və “Yarımçıq qalmış şeir dəftəri” adlı kitablar ərsəyə gətirilmişdir. Dövlət tərəfindən 36 nəfər mənzillə təmin edilmişdir ki, onlardan 26 nəfəri Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, 10 nəfəri isə Vətən müharibəsi əlilidir. 8 nəfər, o cümlədən 5 nəfər şəhid ailəsinin, 1 nəfər müharibə əlilinin, 2 nəfər müharibə iştirakçısının evi "Arkoz Qazax Sement Zavodu” MMC-nin sosial layihəsi nəticəsində yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Bundan başqa, Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə 30 nəfər şəhid olmuş şəxslərin adları verilmişdir. Eyni zamanda, bayram günləri ərəfəsində, şəhidlərin anım, doğum günlərində, il mərasimlərində məzarları ziyarət edilir və ruhlarına dualar oxunur. Rayon rəhbərliyi daim şəhid ailələrinin xoş günündə, toy və hüzr mərasimlərində onların yanında olaraq sevinclərinə sevinc qatır, kədərlərini onlarla bölüşür. Mütəmadi olaraq onlara mənəvi və sosial dəstək göstərir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qəhrəman oğul böyüdən şəhid analarını, atalarını, şəhidlərimizin ömür-gün yoldaşlarını, qazilərimizi salamlayıb, ünvanlarına səmimi ürək sözlərini bölüşüb. Şəhid ataları, anaları qarşısında baş əydiyini dilə gətirib. Rayon rəhbəri hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü ərəfəsində tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin məzarlarını ziyarət etdiyini, əziz xatirələrini ehtiramla andığını bildirib. İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün örnək olmalıdır. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutaraq həmin qayğının bundan sonra da Qazaxda olduğu kimi davam etdiriləcəyini söyləyib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək şəhid ailələrini və qaziləri salamlayıb, onların qarşısında baş əydiyini dilə gətirib. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazadığımız tarixi Qələbədən söz açan millət vəkili şəhidlərimizin, igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlığın dillərə dastan olduğunu, bugünkü gənclərin həmin dastandan nümunə götürdüklərini qeyd edib. Millət vəkili ölkə başçısının müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edilməsini igid Vətən oğullarına olan böyük hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kazım Kazımlı, BDU Qazax filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Gülər Məmmədli çıxış edərək Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əks-hücuma keçdiyini, 44 gün davam edən Vətən müharibəsində ordumuzun 30 illik işğala son qoyduğunu, torpaqlarımızın azad edildiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini, Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi igidlik və şücaətin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər. Çıxış edənlər qeyd ediblər ki, ölkə başçısının da səsləndirdiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, iki "Vətən uğrunda", “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş İskəndər Mustafayev çıxış edərək 6 il əvvəl şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Qələbədən, hərbçilərimizin əzmkarlığından, mətnliyindən, qorxmazlığından söz açıb. Qanları ilə dastan yazan oğullarımızın döyüş yolunun gələcək nəsillərə örnək olduğunu söyləyib. Şəhidlərimizin qisasının döyüş meydanında alındığını, qanlarının yerdə qalmadığını qeyd edib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 9ç sinif şagirdləri Rəna Ağayeva, Pakizə Məmmədəliyeva və Banu Səmədlişair Barat Vüsalın "Şuşanı alan oğullar" şeirini səsləndiriblər.
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Teymur Hacıyevin övladı, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 6c sinif şagirdi Hüseyn Hacıyev Əsli İsmayılqızının "Atam" şeirini səsləndirərək atasının timsalında bütün şəhidlərimizi ehtiramla anıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş Babək Həsənlinin qızı, Qazax rayon Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbin 1a sinif şagirdi Əfsanə Həsənli Aynur Əhmədovanın "Azərbaycan zəfər günün mübarək" şeirini səsləndirib.
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Emil Kərimovun qızı, Qazax rayon Şahnabad Nəsibova adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbin 6-cı sinif şagirdi Nazənin Kərimli Solmaz Şirinin “Zəfər günün mübarək anam Azərbaycanım” şeirini səsləndirib.
BDU Qazax filialında Turizm işinin təşkili ixtisasının II kurs tələbəsi Məhəmməd Qaravəliyev Məhərrəm Qasımlının “Ordumuz” şeirini səsləndirərək şəhidlərimizə sonsuz ehtiramını ifadə edib.





Facebook-da paylaş














