• Təqvim

  • Maraq

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur... Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı "Bu Vətən bizimdir" deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir.Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Altay Qafarovun, gizir Azad Kərimovun, baş gizir Azər Məmmədovun, baş leytenant Yunis Kazımovun, çavuş Xaliddin Veyislinin, Babək Həsənovun, Nüsrəddin Pirvəliyevin, Tural Məmmədovun, İsmandiyar Mürsəlovun, Şərif Namazovun, İlham İsmayılovun, əsgər Fərid Nəbiyevin, gizir Elvin Əhmədovun, əsgər Akşin Nəsibovun, gizir Elvin Əhmədovun, baş çavuş Ramin Hüseynovun əziz xatirəsini ehtiramla yad edirik.

Qafarov Altay Sadıq oğlu

Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbdə təhsil almışdır. “N” saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur.Subay idi.

Gizir Kərimov Azad Zakir oğlu

Gizir Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı”medalları, ölümündən sonra 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Daş Salahlı kəndində adını yaşadan bulaq tikilib, dayanacaq qoyulub.

Baş gizir Məmmədov Azər Mustafa oğlu,

Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub.

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”,bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub.

Baş leytenant Kazımov Yunis Qasım oğlu

Baş leytenant Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta ümumtəhsil məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır.

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 1 övladı var.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”,bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı”3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.

Çavuş Veyisli Xaliddin Zərgər oğlu

Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1999-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur.

Xaliddin Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013-cü il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır.

"N” saylı hərbi hissəsinin manqa komandiri, (MAHHXHQ), çavuş Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Respublika Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Şəhərin mərkəzində Heydər Əliyev prospektində adını əbədiləşdirən bulaq inşa olunub. Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.

Həsənov Babək Saleh oğlu

Şəhid Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin"Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb.

Vətən uğrunda canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Respublika Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Pirvəliyev Nüsrəddin Hüseyn oğlu

Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur.

Məmmədov Tural Elxan oğlu

Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif “N” saylı hərbi hissələrində xidmət edən, “Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun “Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi.İki əkiz -Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”,24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Respublika Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Qazax-Yuxarı Əskipara avtomobil yolunun kənarında şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub. Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.

Mürsəlov İsmandiyar Musa oğlu

Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1948-ci ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.

Namazov Şərif Yolçu oğlu

Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin 1-ci sinifinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.

İsmayılov İlham Məhəmməd oğlu

İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var.

Əsgər Nəbiyev Fərid Kamran oğlu

Nəbiyev Fərid Kamranoğlu 1 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2021-ci ildə hərbi xidməti başa vurmuşdur. 2021-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində MAHHXHQ işləyirdi. Orta təhsilli idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz Fərid Nəbiyevin adı verilib.

Gizir Əhmədov Elvin Qələndər oğlu

Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.

Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib.

2024-cü ildə qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı ev "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən əsaslı şəkildə təmir olunmuşdur.

Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.

Əsgər Nəsibov Akşin Vasif oğlu

Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.

Gizir Şəmşiyev İlham Şakir oğlu

Gizir Şəmşiyev İlham Şakiroğlu 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2003-cü ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə gizir hərbi rütbəsində xidmətini davam etdirib. Şəmşiyev İlham Şakir oğlu 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı N saylı Komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20.09.2023-cü il tarixdə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Şəmşiyev İlham Şakiroğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir İlham Şəmşiyevin adı verilib.

Baş çavuş Hüseynov Ramin Rövşən oğlu

Şəhid Hüseynov Ramin Rövşənoğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQişləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən baş çavuş Hüseynov Ramin Rövşən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz baş çavuş Ramin Hüseynovun adı verilib.




Facebook-da paylaş


{sape_links}