İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Sentyabrın 20-də şəhidimizin atası Məmmədov Veyis Həsən oğlu dünyasını dəyişib. Bu gün mərhumun üç mərasimi olub. Sentyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kəmərli kəndində olub. Rayon rəhbəri şəhid atası mərhum Veyis Məmmədovun vəfatından kədərləndiyini bildirib, şəhidin qardaşına, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını vurğulayıb. Şəhidlərimizlə yanaşı, onların ata və analarının, övladlarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını qeyd edib.
Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Birinci Qarabağ müharibəsində mənfur düşmənin qurbanı olmuş oğullarımızdan biri də şəhid Məmmədov Elburus Veyis oğludur. Elburus Məmmədov 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 11 may 1996-cı ildə Kəmərli kəndində mal-qara otararkən ermənilər tərəfindən odlu silahdan atəş açılması nəticəsində gülə yarası almışdır. 13 may 1996-cı il tarixdə şəhid olmuşdur. Kəmərli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Facebook-da paylaş














