• Təqvim

  • Maraq

Qazaxda “Ədalətsiz tarixi prosesi dəyişdirən tarix” başlıqlı tədbir keçirilib

Sentyabrın 23-də Qazax Rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Ədalətsiz tarixi prosesi dəyişdirən tarix” başlıqlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu gizir Orucov Elvin Rövşən oğlunun anası Səidə Orucova, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin sinif müəllimi Aynur Mahmudova, IV sinif şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini özündə əks etdirən “Qarabağ Azərbaycandır!” abidə-kompleksini ziyarət edib, memorial kompleks üzərinə tər çiçəklər düzüb, igid oğullarımızın əziz xatirələrini yad ediblər.

Qazax Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan ərazilərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu qeyd edib. C.Hüseynova bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm qürur, həm də ümid dolu bir gün kimi həkk olunub. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı. Azərbaycan hərbçilərinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibə ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndi.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanı qalib dövlət səviyyəsinə qaldırıb. Azərbaycan regionun ən güclü ölkəsinə çevrilib, ordu müasir silahlarla təchiz edilib, diplomatik müstəvidə Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Vətən müharibəsində məhz bu hazırlığın nəticəsi olaraq Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi. Xalq və dövlət bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi.

Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, 27 sentyabr həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günü, həm dövlətimizin gücünün təsdiqi, həm də gələcək nəsillərə vəsiyyət olunan milli əmanətdir. Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

Qazax şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktou Ramil Qurbanov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması xalqımızın qələbə əzmini sarsıda bilmədi. Ali Baş Komandanın dəmir iradəsi, xalqın birliyi və ordunun gücü 44 gün ərzində torpaqlarımızı azad etdi.

Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Artıq işğaldan azad olunan ərazilər cənnətə çevrilir. Həmin torpaqlar ölkəmizin ən gözəl, inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevrilib. Bundan sonra xalqımız o doğma yurd yerlərində xoşbəxt və firavan yaşayacaq.

Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxış edərək bildirib ki, hər il şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, onların fədakarlığı xalqın mənəvi varlığında və milli yaddaşında əbədi yaşayır. Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Keçmişimizi unutmamağımız və gələcəyimizi xoşbəxt qurmağımız üçün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün əsgər və zabitlərimizi, bütün şəhidlərimizi daim anmalıyıq.

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktou Çiçək Maşayeva çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şücaət göstərən şəhidlərimizin rolu misilsizdir və onların xatirəsi daim uca tutulur.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu gizir Elvin Orucovun anası Səidə Orucova çıxış edərək oğlu ilə bağlı xatirələrindən danışıb və Vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərin ailələrinə göstərilən yüksək dəyərə görə Ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri şəhidlərimizə, Vətənə, Müzəffər Ali Baş Komandana həsr olunmuş şeirlər səsləndiriblər.




Facebook-da paylaş


{sape_links}