• Təqvim

  • Maraq



Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb


Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur. Bu, eyni zamanda bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

İyulun 20-də rayonun Alpout kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı sakinlərin Alpout kəndindən Göyəzən dağına gedən 2,2 km uzunluğunda avtomobil yolunun təmiri ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün sözügedən yolda cari təmir işlərinin aparılması, sakinlərin müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş