Üçüncü Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını azalda bilər
Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Bunu nəzərə alan dövlətimiz ölkəmizdə virusun yayılmasının qarşısının alınması istiqamətində ilk gündən təxirəsalınmaz tədbirlər həyata keçirdi. Azərbaycan koronavirusla mübarizənin başladığı ilk gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında icra etdi və ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atdı. Əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir.
Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə məqədyönlü işlər görülür.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub ki, bu da insanların sağlamlığı üçün atılan ən uğurlu addımlardan biridir. Bu gün əminliklə qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir.
COVID-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozasının vurulmasının əhəmiyyətini bilmək də olduqca vacibdir. İlk öncə də pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıdığını bilməlidir. Çünki vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində "Sinovak”, "AstraZeneca”, "Pfizer” və "Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.
Vaksinin təsir mexanizminə gəlincə immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.
Vaksinasiyanın artan aktuallığı da onu göstərir ki,pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVID-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.
Vaksinin qüvvətləndirici üçüncü Buster dozasının əhəmiyyəti isə onu sübut edir ki, dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.
Yüksək risk qrupuna daxil olunan insanlar üçün Buster dozası olduqca böyük əhəmiyyət kəsb edir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.
Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalına gəlincə bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.
Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.
Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür.
Beynəlxalq təcrübə də göstərir ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir.
Effektiv və etibarlı nəticələr. ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunmuşdur. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.
Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni "Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılır.
Bu gün əminliklə deyə bilərik ki, Qazaxda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 113 min 536 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 58 min 446, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 55 min 090 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 78,5% təşkil edir.
Ümumiyyətlə, hər kəs onu da yaxşı bilməlidir ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.
GOYEZEN.AZ
Facebook-da paylaş