COVID-19 pandemiyasına qarşı mübarizədə qalib gəlmək istəyiriksə, yeganə yolun vaksinasiya olduğunu bilməliyik
Dünya
ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyası Azərbaycandan
da yan keçmədi. Bunu nəzərə alan dövlətimiz ölkəmizdə virusun yayılmasının
qarşısının alınması istiqamətində ilk gündən təxirəsalınmaz tədbirlər həyata
keçirdi. Azərbaycan koronavirusla mübarizənin başladığı ilk
gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında icra etdi və ölkə
əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atdı. Əminliklə
deyə bilərik ki, ölkə
Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və
tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam
etdirilir.
Bütün
dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı vaksinasiya
prosesi həyata keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan
yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə məqədyönlü işlər
görülür.
Nazirlər Kabinetinin 2021-ci il
16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub ki, bu
da insanların sağlamlığı üçün atılan ən uğurlu addımlardan biridir. Bu gün əminliklə
qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi
daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir. Bunun nəticəsidir
ki, bu gün ölkəmizdə
artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və
təhlükəsizdir.
Digər mühüm
amillərdən biri də odur ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı
şəkildə aparılır. Çünki Azərbaycan
dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya
təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin
göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə
2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Bundan əlavə, qabaqlayıcı tədbirlər çərçivəsində
ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən
çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini
müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı da 20-dən çoxdur. Azərbaycan
dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq
əksəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Bu istiqamətdə atılan digər mühüm addımlardan biri də
maarifləndirmə tədbirləridir ki, məhz həmin tədbirlərlə vətəndaşlara vaksinasiyanın
əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası çatdırılır, bununla bağlı
görülmüş işlərin məqsədi, insanların sağlamlığına xidmət etməsi barədə ətraflı
məlumatlar verilir.
Hər kəs yaxşı bilməlidir ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm
hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen
kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə
virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və
ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və
onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə
yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
"İmmunitet sertifikatı” nədir və onun etibarlılıq
müddəti nə qədərdir?. "İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra
yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər "İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan
sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən "İmmunitet sertifikatı”nın
etibarlılıq müddəti 6 ay qəbul edilib.
Bəs 1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş
"İmmunitet sertifikatı”nın müddəti nə qədərdir? "İmmunitet sertifikatı”nın müddəti
bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul
tarixindən sonra 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı” müddətsiz
olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər
isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
"Peyvənd sertifikatı” nədir? "Peyvənd sertifikatı” COVID-19
xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə
qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki
dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı” verilir. "randevu.its.gov.az”
saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə
etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə
götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında
qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə
baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr
arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4
istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria
(İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).
"Peyvənd sertifikatı”nın etibarlılıq müddətinə gəlincə,
"Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan
sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması
istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri
açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum
olduqdan sonra bu məsələyə yenidən baxılacaq.
Fərqli vaksinləri vurdurmaq imkanı. 2-ci dozadan 6
ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən
vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2
doza haqqında məlumat əks olunacaq.
Vaksinin 3-cü dozasına ehtiyac və "buster doza”. 2-ci
dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri,
yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza
(buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən
vaksin növü istifadə oluna bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci
il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda
da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis
Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup
üzvləri tərəfindən Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19
infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq,
COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin
nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq
maarifləndirmə, təbliğat tədbirləri aparılır.
Bu gün əminliklə deyə
bilərik ki, Qazaxda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət
nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən
rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata
keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 86 min 712 doza
vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 46 min 006, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 40 min 706 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 62,4% təşkil edir.
Ümumiyyətlə, hər kəs onu da yaxşı
bilməlidir ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq
naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd
verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş
olar.
GOYEZEN.AZ
Facebook-da paylaş