Əsas Səhifə > Səhiyyə > COVID-19 pandemiyasına qarşı mübarizədə qalib gəlmək istəyiriksə, yeganə yolun vaksinasiya olduğunu bilməliyik

COVID-19 pandemiyasına qarşı mübarizədə qalib gəlmək istəyiriksə, yeganə yolun vaksinasiya olduğunu bilməliyik


30-07-2021, 12:50


Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Bunu nəzərə alan dövlətimiz ölkəmizdə virusun yayılmasının qarşısının alınması istiqamətində ilk gündən təxirəsalınmaz tədbirlər həyata keçirdi. Azərbaycan koronavirusla mübarizənin başladığı ilk gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında icra etdi və ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atdı. Əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir.
Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə məqədyönlü işlər görülür.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub ki, bu da insanların sağlamlığı üçün atılan ən uğurlu addımlardan biridir. Bu gün əminliklə qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
Digər mühüm amillərdən biri də odur ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır. Çünki Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Bundan əlavə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı da 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Bu istiqamətdə atılan digər mühüm addımlardan biri də maarifləndirmə tədbirləridir ki, məhz həmin tədbirlərlə vətəndaşlara vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası çatdırılır, bununla bağlı görülmüş işlərin məqsədi, insanların sağlamlığına xidmət etməsi barədə ətraflı məlumatlar verilir.
Hər kəs yaxşı bilməlidir ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
"İmmunitet sertifikatı” nədir və onun etibarlılıq müddəti nə qədərdir?. "İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər 
"İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən "İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

Bəs 1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş "İmmunitet sertifikatı”nın müddəti nə qədərdir? "İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
"Peyvənd sertifikatı” nədir? "Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı” verilir. "randevu.its.gov.az” saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).
"Peyvənd sertifikatı”nın etibarlılıq müddətinə gəlincə, "Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.
Fərqli vaksinləri vurdurmaq imkanı. 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.
Vaksinin 3-cü dozasına ehtiyac və "buster doza”. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab  olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılır.
Bu gün əminliklə deyə bilərik ki, Qazaxda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 86 min 712 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 46 min 006, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 40 min 706 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 62,4% təşkil edir.
Ümumiyyətlə, hər kəs onu da yaxşı bilməlidir ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.
GOYEZEN.AZ


Geri qayıt