• Təqvim

  • Maraq



Şəhid oldu son sözü də...


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı uğrunda birləşən oğullarımız döyüş meydanında elə bu amalla da silaha sarıldılar. Düşməndən qisas almaq, torpağı azad etmək üçün birləşdilər. Onlar bu yolda şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş əsgər Nəsibov Akşin Vasif oğlu haqqında yer almış "Şəhid oldu son sözü də..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Şəhid oldu son sözü də...


Sözün qüdrətini heç vaxt danmaq olmaz. Əsas məsələ odur ki, onu yerində və zamanında deyəsən. Əbəs yerə deməyiblər ki, söz də insan kimidi. Elə ona görə də sözün də qalib gələni, yaralananı, şəhid olanı var. Söz insanın tutan əli, görən gözüdür. Söz var nə qədər ucadan deyib, hətta, qışqırsan belə, eşidilmir. Söz də var adi qaydada, lap elə pıçıltı ilə deyilməsinə baxmayaraq dəyərli olduğu üçün yaddaşlara köçüb zaman-zaman yaşayır. Elə sözlər də var ki, deyilməmiş qalır. Dildən, dodaqdan qopub qarşısındakına belə çatmır. Ürəkdə doğulub, elə ürəkdə də donub qalır. Bu sözün varlığından, mənasından söz sahibindən başqa kimsənin xəbəri olmur - şəhid əsgərin şəhid olmuş sözü kimi. 

Səngərdə əlində silahla dayanan döyüşçü heç zaman danışmır, nifrətini, qəzəbini, içindəki yanğını silah adlı sözlə deyir. Döyüşdə silah döyüşçünün sözünə çevrilir, nə qədər çox atəş açıb düşmən məhv edirsə, bir qədər də çox söz deyir, düşmənə öz nifrətini bildirir, döyüşçü. 

Bəzən isə bir kəlmə söz min bir dəyər qazanıb insanı düşüncələrə qərq edir, bəlkələrə meydan açır. Öz-özlüyündə dəfələrlə götür-qoy edir, görəsən nə demək istəyirdi deyə sualların əlində qalırsan. Gumanlar səni gah o tərəfə, gah da başqa bir səmtə aparıb gedir, bəlkələr burulğanına düşürsən. Çox düşünüb daşınsan da, bir nəticəyə gələ bilmir, məchul bir nöqtədə donub qalırsan. Bayaqdan bəri cavabını axtardığın suala yenə də cavab axtarırsan. Görəsən nə demək istəyirdi son dəfə? Görəsən son sözü nə idi? Bu sualların cavabını isə son sözünü deyə bilməyən Nəsibov Akşin Vasif oğlundan başqa heç kim bilmir. O, isə artıq həyatda yoxdur.

...2004-cü ilin baharına az qalmışdı, martın 10-nu idi. Qazax rayonunun Canalı kəndində hamı kimi Nəsibovlar ailəsi də Novruz bayramına hazırlaşırdı. Amma bu ailənin sevinci daha böyük, arzuları daha çox idi. İki qızdan sonra ailədə oğlan uşağı dünyaya gəlmişdi. Vasifin, Məsumənin bir ata, bir ana kimi sevincləri yerə-göyə sığmırdı. Uşaq olmalarına baxmayaraq Rəvanə ilə Rəqsanənin də üzləri gülür, qardaşları doğulduğu üçün sevinirdilər. Ailədə bayram bayrama qatışmış, Novruz özü ilə bərabər yeni bir nəfəs gətirmişdi Nəsibovlar ailəsinə. Akşin ilk dəfə ayaq açıb yeriyəndə, ilk dəfə söz deyəndə isə ailənin sevincinin üstünə bir sevinc payı da gəlmişdi.

Məsumə xanım Akşinin uşaqlığından söz düşəndə dedi ki:

- Oğlum çox sakit uşaq idi. Əksinə, qızlarım dəcəllik edir, sözə baxmırdılar. Akşin isə çox mülayim təbiətli, ağıllı və sözə baxan idi. Bir sözümü iki eləməzdi. Elə ona görə yanıram ki, bir dəfə də olsun belə sözümdən çıxmadı.

2010-cu ildə Akşin Canalı kənd orta məktəbin birinci sinifinə gedəndə də sanki ailədə bir bayram idi. Zarafat deyil, Akşin artıq böyüyüb böyük oğlan olub məktəbə gedirdi. Məktəbdə də nümunəvi idi. Dərslərini yaxşı oxuyur, verilən tapşırıqları yerinə yetirir, ata-anasını incitmirdi. Doqquzuncu sinifi bitirdikdən sonra - 2019-cu ildə təhsilini Qazax Dövlət Sosial-İqtisadi Kollecində davam etdirdi, mühasibat uçotu fakültəsində oxumağa başladı. 

Akşinin idmana çox böyük marağı var idi. Ona görə də müntəzəm olaraq idmanla məşğul olur, sağlam həyat sürürdü, həyata yüksək düşüncəli bir gənc kimi yetişirdi. Boş vaxtlarında isə gələcəyini necə quracağını düşünür, öz-özlüyündə planlar qururdu. Bu planlar sırasında ilk yerdə isə ali təhsil almaq arzusu dayanırdı. Amma ali təhsil almaq Akşinə nəsib olmadı. Kolleci bitirəndən dərhal sonra hərbi xidmətə yola düşdü.

27 oktyabr 2022-ci il. Bu payız günündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin yerləşdiyi binanın qarşısında böyük qələbəlik var idi. Gənclər hərbi xidmətə yola düşürdülər. Akşin də bu gənclərin arasında idi. Bir qədər keçmiş ailə üzvləri ilə görüşüb ayrıldılar. Amma bu ayrılıq çox uzun çəkdi, Akşini aparan yollar geriyə qayıtmaz oldu.

Hərbi xidmətdə adına "karantin" deyilən bir müddət var. Akşin həmin müddətdə Gəncədə oldu, karantini orada çəkdi. Məsafə kəndlərindən çox uzaq olmadığı üçün ailə üzvləri tez-tez onun görüşünə gedirdi. Məsumə xanım deyir ki:

- Demək olar ki, hər həftə yanına gedir, Akşinlə görüşürdük. Xidmətindən razılıq edirdi, "hər şey yaxşıdır" deyirdi bizə. Düz üç ay yanına gedib gəldik. Sonra Bakıda xidmət etməyə başladığı üçün onunla görüşə bilmirdik.

Akşin həyatda olduğu kimi, hərbi xidmətdə də nümunəvi idi. Zabitlərin əmr və göstərişlərini sözsüz yerinə yetirir, tapşırıqlarına əməl edir, tələb olunan hərbi normativləri yüksək səviyyədə həyata keçirirdi. Qüsursuz xidmətinə görə Akşinə vaxtından əvvəl, iyul ayında məzuniyyət verilmişdi. Kəndə gələndə qonşuda toy idi. Toyda iştirak elədi, qohum-əqrəba ilə görüşdü. 10 gündən sonra isə hərbi xidmət yerinə yola düşdü. Bu, Akşinin Canalıya sonuncu gəlişi oldu.

Ailə üzvləri danışırlar ki, Akşin, Ağdama getməmişdən 2 gün qabaq xalası oğlu Röyala telefonla göndərdiyi bir mesajda özünün şəhid olmasından yazıb. Yazıb ki, "Qardaş, mən şəhid olsam, başınızı uca tutun. Rəqsanəyə deyərsən ki, oğlu olsa, mənim adımı qoysun". 

2023-cü il sentyabrın 19 idi, Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlamışdı. Həmin gün saat 11 olardı. Bu vaxt birdən Akşindən zəng gəldi. Anası zəngə cavab verib oğlu ilə danışmağa başladı. 

Məsumə xanım həmin dəqiqələri belə xatırlayır:

- Gündüzlər heç vaxt zəng eləməzdi. Ona görə də narahat oldum, ürəyim çırpınmağa başladı. Qorxdum ki, nəsə olub. Səsi qırıq-qırıq gəlirdi. Dedim ki, "Akşin niyə belə danışırsan"? Dedi ki, "Səngər qazırıq". Dedim ki, "Ehtiyatlı ol, özünü qoru, oğlum". Cavabında qayıtdı ki, "Əgər qismətimdə Şəhidlik varsa, o da olacaq". Sonra isə telefonu kiçik bacısı Rəqsanəyə verməyimi istədi. Telefonu qızıma verdim. Mən hardan biləydim ki, Akşinin həyatının son dəqiqələridir.

Rəqsanə telefonu anasından alıb başqa otağa keçdi. Qardaşının səsini eşidən kimi üzü güldü. Hal-əhval tutmaq istəyirdi ki, Akşin onu qabaqladı. 

- Anamın yanından aralan, sənə söz deyəcəm" - dedi. Dedim ki, "Anam yanımda yoxdu, de". Elə bu vaxt əlaqə kəsildi. Telefon susdu. Akşin son sözünü deyə bilmədi. Sonradan məlum oldu ki, o, düşmən gülləsinə tuş gəlib. Akşinlə bərabər onun sonuncu sözü də şəhid olub.

- Yanıb-yaxılıram, - deyir Rəqsanə. - Qardaşım mənə nə deyəcəkdi görəsən?...

Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncama əsasən əsgər Nəsibov Akşin Vasif oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Akşin Nəsibovun adı verilmişdir.




Facebook-da paylaş