• Təqvim

  • Maraq



Bu yolu özü seçmişdi


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı igid oğullarımızı döyüş meydanında qisas almaq, torpağı azad etmək üçün birləşdirdi. Onlar bu yolda şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu haqqında yer almış "Bu yolu özü seçmişdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Bu yolu özü seçmişdi


Keçən hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı isə yaddaşlarda qalmır. Unudulanı da var, yaddaşda əbədi qalanı da. Adi bir günü unudulmaz edib tarixə çevirən isə şəhidlərdir. Vətən, torpaq yolunda öz şirin canından keçib əbədiləşən şəhidlər. 

İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan köçüb gedər. Amma elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşurlar. Özündən sonrakı nəsillərə örnək olur, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədirlər. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olurlar. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə isə hamı baş əyir.

Fərid Kamran oğlu Nəbiyev adi bir ömür yaşamadı, Şəhidlik zirvəsinə ucalaraq adını tarixin pozulmaz səhifələrinə yazdırdı. Acılı-şirinli bir xatirəyə dönüb könüllərə köçdü, dillərdə Fərid adlı qəhrəmanlıq dastanına çevrildi - zaman ötüb keçdikcə vərəqlənəcək, xatırlanacaq bir dastana.  

2001-ci ilin yanvarın ilk günündə dünyaya gələn Fərid evin böyük oğlu idi. Ona görə də hamı onu çox istəyir, bir sözünü iki eləmirdi. Atası Kamran, anası Humay xanım sevə-sevə övladlarını böyüdürdülər. Amma Fərid ən çox İmran babası ilə vaxt keçirirdi. Onunla gah balıq tutmağa gedir, gah da musiqi alətlərində müxtəlif mahnılar ifa edirdilər. İmran Nəbiyev 33 il polis orqanlarında çalışmış, polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdı. Sonra oğlu Kamran atasının yolunu davam etdirməyə başladı.  

...Sonradan ailə bir qədər də böyüdü. Fəridin qardaşı Xalid, bacısı Aytac dünyaya gəldi. Beləcə qayğısız günlər bir-birini əvəz edir, zaman-zamana calanır, Fərid boy atıb böyüyürdü. Ata-anasının, elə nənə-babasının da Fəridlə bağlı saysız-hesabsız arzuları var idi. Həsrətlə onun məktəbə gedib oxumasını gözləyirdilər. 

2007-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirdi. Qəbul imtahanlarında biliyini sınadı, çünki ali təhsil almaq arzusunda idi. Nisbətən az bal topladığı üçün Bakı Qida Sənayesi Kollecinə daxil oldu. Lakin 6 ay burada oxuduqdan sonra təhsilini yarımçıq saxlayıb 2019-cu ildə həqiqi hərbi xidmətə getdi. 2021-ci ildə isə hərbi xidməti başa vurub Qazaxa qayıtdı.

...Neçə gün idi ki, Fərid götür-qoy edir, gələcək həyatı ilə bağlı qərara gəlmək istəyirdi. Hərbi xidmətdə olan zaman bu sahə onu özünə cəlb eləmişdi. Fərid ruhən də hərbçi idi. Qayda-qanunu, nizam-intizamı çox sevirdi. Torpaqlarımızın işğal altında olması isə ona yaman təsir edirdi. "Bu nə qədər davam edəcək" deyə öz-özünə sual verir, cavab isə tapa bilmirdi. Bir xeyli düşünüb-daşınandan sonra Fərid hərbçi olmaq qərarına gəldi. Ailədə də onun bu qərarına qarşı heç bir söz demədilər. Seçimi özü eləmişdi.

Fərid Nəbiyev 2021-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər kimi xidmət etməyə başladı. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində əsgər vəzifəsini qürurla yerinə yetirir, verilən tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Elə ona görə də az bir zaman içində əsgər və zabitlərin hörmətini qazandı. Fərid çox fəxrlə xidmət edir, bilik və bacarıqlarını artırır, təcrübə toplayırdı.

Uşaq vaxtlarından çox bacarıqlı və istedadlı olub, bu və ya digər sahələrdə özünü göstərə bilib. Hələ aradabir şeirlər də yazırmış. Bu barədə söz düşəndə anası Humay xanım qeydlər apardığım dəftərçəmin yanına açıq göy rəngli bir dəftər qoydu. 

- Bu, Fəridin şeir dəftəridir, - dedi. - Atası alıb vermişdi ki, qələmə aldığı şeirləri bura yazsın. Boş vaxtı yox idi. Şikayətlənirdi ki, "Ürəyimdən keçən şeirləri yazmağa da vaxt tapmıram".   

Söhbət zamanı Fəridin babası özünü ələ ala bilmirdi. Sanki o, nəvəsi yanındaymış kimi xatirələri ilə danışır, həmin anı əbədi göz yaddaşında saxlamaq üçün elə hey bir nöqtəyə baxır, fikirləşir, göz yaşları axıb gedirdi. Birtəhər özünü toplayan baba dedi:

- Fərid mənim nəvəm olmasından əlavə o, həm də mənim dostum idi. Günümün çox hissəsini onunla keçirirdim. İndi oğlumun, qızımın, nəvələrimin yanımda olmasına baxmayaraq, elə bilirəm ki, tək qalmışam. Onun yoxluğunu hələ də qəbul edə bilmirəm.

Fəridin nənəsi Bəsti xanıma isə nə qədər təsəlliverici sözlər desələr də, ovundura bilmirlər.

Şəhidin bacısı Aytac xanım isə qardaşı ilə fəxr etdiyini deyir: 

- Fəxr edirəm ki, qardaşım Fərid belə vətənpərvər bir övlad olub, Şəhidlik zirvəsinə ucalıb. Mənim bir qardaşım vardı, indi bütün şəhid oğulların hamısı mənim qardaşımdır. 

Ata dərdi ürəyində çəkir, qar kimi əridir kədəri sinəsində. Nə ah-vay edir, nə də ki, göz yaşları axıtmır kimsənin yanında, içində çəkir Tanrıdan gələn bəlanı. Şəhidin atası Kamran sanki dərd heykəlinə dönüb, susub danışmır, elə bil ki, nitqi tutulub. 

- Oğlumun Vətənə, hərbi xidmətə sevgisi böyük idi, - deyir. - Elə ona görə də hərbçi peşəsini seçmişdi. Şərəflə də qulluq edib Vətənə xidmət göstərirdi. Antiterror əməliyyatlarına qatılan oğlum düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət nümayiş etdirib, Vətənə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdi. Fəxr edirəm ki, belə bir oğul tərbiyə etmişəm. Vətən sağ olsun.

Oğlunu Vətənə ərməğan edən ata 19-20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi rayonunda aparılan antiterror tədbirləri zamanı oğlunun şəhid olması xəbərini də çox təmkin və əzmkarlıqla qarşılayıb başını uca tutdu.

Ailə üzvləri ilə söhbətə yekun vurandan sonra Fəridin şeir dəftərini vərəqləyirəm. Gözəl, necə deyərlər, muncuq kimi xətlə yazılmış bir qəzəl elə ilk oxunuşdan diqqətimi özünə cəlb edir. "Gözəlim" adlı bu qəzəl Fəridin yüksək istedada malik olmasından xəbər verir. Oxuyub qurtarandan sonra məndə belə bir sual yarandı ki, "Fərid, görəsən hansı qızı sevirmiş?" Çünki sevməsəydi, belə gözəl şeir yaza bilməzdi. Amma özüm öz sualıma cavab tapa bilmirəm. Heç valideynlərindən də soruşmuram. Yəqin ki, bu sualın cavabını bir Fərid bilirdi, bir də həmin qız.

Baş əyər fəxr ilə yarım, güllər sənə gülşəndə,

Sən çox gözəlsən həm güldən, həm çiçəkdən, gözəlim.

Gəlsə dünya üzünə hər nə qədər huri mələk,

Ola bilməz sənə tay huri mələkdən, gözəlim.

Ölsəm də, dəyişmərəm səni heç bir kəsə əsla,

Bağlanıb ürəyim sənə sidqi-ürəkdən, gözəlim.

Saqi dolu baxışından süzülər ruhuma nur,

Yoxdur bir gözəl duyğu səni sevməkdən gözəlim.

Sənsiz üzüm gülməz heç vaxt, hey qan ağlar ürəyim,

Tökərəm damla-damla yaş hər bəbəkdən, gözəlim.

Aşiq gərəkdir ki, çəksin hər nazın yarının,

Usanmaram sənin nazını çəkməkdən, gözəlim.

Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli sərəncama əsasən əsgər Fərid Kamran oğlu Nəbiyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Fərid Nəbiyevin adı verilmişdir. 




Facebook-da paylaş