• Təqvim

  • Maraq



Qəhrəman kimi döyüşürdü...


İgid, qəhrəman oğullarımızı hər zaman “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı birləşdirdi. Onlar döyüş meydanında bu amal uğrunda şirin canlarından keçdilər. Canlarını bu yolda Vətənə fəda edərək bir daha sübut etdilər ki, torpağın hər qarışı bizim üçün doğma və əzizdir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Daş Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin anasına təqdim ediblər.


Kitabda 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş gizir Kərimov Azad Zakir oğlu haqqında yer almış "Qəhrəman kimi döyüşürdü..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Qəhrəman kimi döyüşürdü...


Ana yurdumuz Azərbaycan ta əzəldən qəhrəmanlar diyarı kimi tanınır. Xalqımıza, Odlar yurduna xas olan qəhrəmanlıq ənənəsi bu gün də yaşayır. Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlər məhz bizim dövrün qəhrəmanlarıdırlar. Onların adı nəsildən-nəslə keçərək daim yaşayacaq, ruhları ağ göyərçinlərə dönüb Vətənin göylərində uçacaqdır.

Azad Zakir oğlu Kərimov 27 may 1994-cü ildə, günəşli may səhərində, Qazax rayonunun Daş Salahlı kəndində gəlmişdi dünyaya. Ailənin ilk övladı, ilk oğlan uşağı, beş qardaşın böyüyü idi. Anasına bağlı olan uşaqlar daha həssas, daha duyğulu və kövrək olurlar. Zəhməti sevir, böyüklərə hörmətlə yanaşır, verilən tapşırığı sözsüz yerinə yetirirlər. Azad da anasına bağlı olduğu üçün belə bir xarakterə, belə bir qabiliyyətə və xüsusiyyətlərə malik idi. Ona görə də nəinki ailədə, eləcə də bütün kənddə, qohum-əqrəba arasında onu çox istəyir, yüksək qiymətləndirirdilər. Bu səbəbdən də onun sabahına böyük ümidlə baxır, "Gələcəkdə böyük adam olacaq" deyirdilər. Azad Kərimov 2000-2011-ci illərdə oxuduğu 1 nömrəli kənd tam orta məktəbində də sinif yoldaşlarından fərqlənirdi.

Azad mübarizə aparmaq, döyüşmək, qələbə qazanmaq üçün gəlmişdi dünyaya. Onun amalı düzlük, bərabərlik, sülh və rifah halında yaşamaq idi. Amma zaman Azada başqa şeyləri diktə edir, gördüyü haqsızlıqlar, nahaq yerə tökülən qanlar və torpaqlarımızın işğal altında olması onu bir an olsun belə rahat buraxmır, gənc qəlbi döyüşmək eşqi ilə alışıb-yanırdı. Anası Nəzakət xanım Azadın başqa sahəni deyil, məhz hərbini seçməsini də sadaladığım bu səbəblərlə əlaqələndirdi. Hətta, uşaq vaxtı Xocalı qətliamından bəhs edən filmə baxıb evə gələndə:

- Mən əsgər olacağam, silah götürüb düşmənləri qıracam, uşaqların hayfını alacağam, - demişdi Azad. 

"Uşaqdır" deyə onun bu sözünə əhəmiyyət verməmişdilər. "Sözdür də deyir", deyə ciddiyə almamışdılar. 2012-ci ildə həqiqi hərbi xidmətə yola düşdü. Azad böyüyüb hərbi xidmətini 2014-cü ildə başa vurandan sonra da yenə eyni sözü dedi:

- Mən hərbçi olacağam, bundan başqa yolum yoxdur.

Bu sözü deyəndə artıq onun 20 yaşı var idi. Ona görə də əvvəlki kimi deyil, bu dəfə ciddi qəbul edib "uğur olsun" dedilər. 

Azad həqiqi hərbi xidmətdən yenicə qayıtmışdı evlərinə. Aradan iki ay keçəndən sonra  payızda yenidən ordu sıralarına qayıtdı, bu dəfə həmişəlik və ciddi. Əvvəlcə sürücü oldu. Amma o, sadəcə sürücü deyil, qorxmaz bir döyüşçü idi. İdarə etdiyi hərbi texnikanı gecə vaxtı təhlükəsizlik baxımından işıqsız halda elə mövqelərə, elə yerlərə sürürdü ki, məəttəl qalmaya bilmirdin. 

Azad Kərimovun özü kimi taleyi də qəribədir. Onun hərbçi ömrü bütün döyüşlərdən keçib, bu yolda min bir məhrumiyyətlərə, çətinliklərə düçar olub, təhlükəli anlarla qarşılaşıb, ölümlə üz-üzə gəlib. Amma heç vaxt qorxmayıb, mərdi-mərdanə həmişə irəli gedib, yorulmaq bilmədən, qorxunun nə olduğunu anlamadan döyüşüb. Çünki döyüşmək onun alın yazısı, qismətinə düşən tale payı idi. O, döyüşmək üçün doğulmuşdu, döyüşürdü də. Özü də qəhrəman kimi. 

2018-ci ildə sinəsinə ilk medal - "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı taxılanda xidmətinin ilk "bəhrəsini" gördü. Sonrakı illərdə isə Azad Kərimov daha 8 medalla təltif olundu.

...Valideynləri Azadın toyunu səbirsizliklə gözləyirdilər. Ona görə də onu tələsdirir, "vaxt ötür" deyirdilər. Azad da valideynlərinin sözündən çıxmadı, 24 yaşında ikən Birinci Qarabağ müharibəsi şəhidi Azər Rüstəmovun qızı Ayişə xanımla ailə həyatı qurdu. Azad Göygöl rayonunda xidmət etdiyi üçün gənc ailə də orada yaşamağa başladı.

Azadın döyüş yolu çox keşməkeşli, zəngin və xatirə dolu bir yoldur. Çox heyif ki, bu yolu tam bilmədiyim üçün onun ən yaxşı halda onda birini qələmə ala bilirəm. Çünki bu yolun "enişini, yoxuşunu, dərəsini, təpəsini" özündən yaxşı heç kim bilmirdi. Özü isə danışan, elədikləri qəhrəmanlıqlardan söz açan, necə deyərlər, özünü öyən deyildi. Azad sadəcə və yenə də sadəcə öz vətəndaşlıq borcunu, oğulluq borcunu və ən nəhayəti əsgər borcunu yerinə yetirirdi.

2016-cı ilin Aprel döyüşləri onun döyüş salnaməsinin ilk sətirləridir. Döyüşdə ordumuzun əldə etdiyi ilk qələbə müjdələri bütün hərbçilər kimi Azad Kərimova da qol-qanad vermişdi. O, da əsgər yoldaşları kimi öz "sözünü" silahla demişdi döyüşlərdə. Lələtəpə yüksəkliyi və digər strateji yüksəkliklər alınanda ilk qələbə sevincini yaşamışdı Azad.

Təhsil alıb irəli getmək, peşəkar hərbçi olmaq onun ən böyük arzusu idi. Bu məqsədlə də 2020-ci ilin may ayında gizirlik kursunu bitirib gizir rütbəsi aldı. Bundan sonra kəşfiyyat qrup rəhbəri kimi xidmətə başladı. Bu da hələ son deyildi. Azadın ürəyində daha böyük arzular, çatmaq istədiyi yüksək məqamlar var idi. Qarşıda onu zirvələr gözləyirdi.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azad Kərimovun döyüşçü taleyinə qızıl hərflərlə yazıldı. O, haralarda vuruşmadı? Kəlbəcərdə, Xocavənddə, Şuşada, demək olar ki, bütün işğal altında olan torpaqlarımızın azad olunmasında igidliklər göstərdi. Bir vətənpərvər oğul kimi döyüşlərdən alnıaçıq, üzüağ çıxdı, Vətənə oğulluq borcunu qaytardı.

Azad Kərimov öz üzərində çalışan, bilik və bacarığını artıran, ona bəslənilən ümidləri doğruldan hərbçi idi. Bu səbəbdən də komandanlıq onu keçirilən kurslara göndərir, püxtələşməsinə şərait yaradırdı. Müharibədən sonra təlimlərdə iştirak etmək üçün Türkiyəyə kursa göndərildi. O, qardaş ölkədə Dağ Komanda Okulu və Egitim Mərkəzi Komandanlığında açılmış 5-ci dönəm Azərbaycan Taborları Komando Təməl kursunu müvəffəqiyyətlə bitirib komando qüvvələrinin tərkibində xidmət göstərməyə başladı. Sonrakı müddətdə isə xidmətini gizir kəşfiyyat komandiri kimi davam etdirdi. 

Təlimlərdə, kurslarda, döyüşlərdə olduğu üçün Azad evlərində çox az olurdu. Sonuncu dəfə kəndə 2022-ci ilin avqustun 20-də gəlmişdi. Ertəsi günü həyat yoldaşı Ayişənin ad günü idi. Şad, xürrəm ailəlikcə qeyd elədilər. Hər şey gözəl idi, həyat öz axarı ilə davam edirdi. 

Ayın 22-də isə səhər tezdən durub xidməti yerinə getdi. Gedəndə də dedi ki, "Uşaqlarım sizə əmanət". Azad bir qayda olaraq əməliyyatlara gedəndə övladlarını tapşırırdı. Bu da həmin əməliyyatların çətin və təhlükəli olmasından irəli gəlirdi.

Və birdən 2022-ci il sentyabr ayının ikinci ongünlüyündə cəbhədə vəziyyət  gərginləşməyə başladı. Ayın 12-dən 13-nə keçən gecə Azadın rəhbərlik etdiyi qrupa Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını almaq tapşırılmışdı. Döyüşçülərimiz düşmənin hücumunu dəf etdikdən sonra "Buğda" adlanan yüksəkliyi ələ keçirməyə çalışırdılar. Çətin coğrafi relyefi olan bu ərazidə Azad döyüş yoldaşları ilə mərdliklə vuruşur, düşmənə aman vermirdi. Lakin bu, onun son döyüşü oldu. Həmin döyüşdə Azad Kərimov gözlərini həyata əbədilik olaraq yumdu. Amma bu, adi ölüm deyildi. Bu, Şəhidlik zirvəsinə ucalmaq idi. 

Həmin gecə anası onun şəhid olmasının yuxusunu görübmüş. Nəzakət xanım danışır:

- Gecə yuxuda gördüm ki, Azadın qoluna üç güllə dəyib. Amma qan onun qolundan deyil, mənim qolumdan axır. Yuxudan sərsəm ayıldım və ağlamağa başladım...

...Azadın uğrunda döyüşdüyü yüksəkliyi əsgərlərimiz döyüşüb ələ keçirdilər. Sonradan həmin yüksəkliyə Azad Kərimovun adı verildi. 

Gizir Azad Zakir oğlu Kərimov 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", 24.06.2021-ci il tarixli sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", bundan əlavə, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. 

Azad Kərimov ölümündən sonra dövlət başçısının 5.11.2022-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Azad Kərimovun adı verilmişdir. 




Facebook-da paylaş