Gün o gün olsun ki...
Vətəni canından əziz tutmaq, uğrunda şirin canından keçmək amalı hər zaman oğullarımızı bir yumruq tək birləşdirdi. “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atıldılar. İgid qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, yurda olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Xalqımıza şanlı zəfər yaşadan oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, kitabın müəllifi, şair-publisist Elçin İsmayıl İkinci Şıxlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Omarov Elmar Elvar oğlu haqqında yer almış "Gün o gün olsun ki..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Gün o gün olsun ki...
Böyük Səməd Vurğunun yazdığı, dilimizin əzbəri olmuş bu misralar qəlbimizin sarı tellərinə toxunur, hər birimizi intiqam almaq havasına kökləyirdi. Ələlxüsus da 30 ildir Qarabağ torpaqları işğal altında olduğu bir dövrdə bu misralar hər birimizin ürəyimizdən keçir, bizi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə səsləyirdi:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Doğrudan da, müharibələrin son qoyulmasına, sülhə səsləyən bu şeir parçası bizim gündəlik arzu və niyyətimizə çevrilmişdi. 2020-ci ilin sentyabrın 27-nə qədər. Səbr kasasının daşdığı, intiqam məqamının yetişdiyi, azadlıq şərbətinin içildiyi günə qədər.
Haqqında söhbət açdığım Omarov Elmar Elvar oğlu 2001-ci ilin Novruz bayramı günlərində, martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlmişdi. Bu şeiri də çox eşitmişdi. 2008-ci ildən 2019-cu ilə qədər oxuduğu Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində. Kim bilir o zaman ürəyindən nələr keçmişdi? Bilmirəm. Bəlkə də o zamanlar uşaq düşüncəsi ilə bu misralarda tərənnüm edilən arzuların, intiqam atəşinin odunu bir o qədər də dərindən hiss etməmişdi. Bəlkə də...
Amma 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılandan sonra bu misralardakı yanğı, istək ona daha dərindən bəlli oldu. Ağcabədinin Şükürbəyli kəndində əlinə silah alıb hərbi xidmət etməyə başlayan gündən intiqam hissi ilə alışıb yandı, döyüşüb torpaqlarımızı azad etmək arzusu gəlib keçdi ürəyindən. Həmin məqamı, həmin günü isə gözləməyə çox vaxt lazım olmadı.
2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına cavab olaraq Şanlı Azərbaycan Ordusu əks-hücuma keçdi. Elmar Omarov ön cəbhədə döyüşlərə qatılaraq düşməndən qisas almaq üçün igidliklə vuruşmağa başladı. Bir-birinin ardınca qəhrəman əsgərlərimizlə birlikdə kəndləri, şəhərləri azad edib düşməndən təmizlədilər. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq, şücaət göstərərək adını ölməzlər sırasına yazdırdı.
Atası Elvar kişi, anası Şövkət xanım deyirlər ki, Elmar həmişə döyüşlərdə olduğu üçün onunla tez-tez əlaqə saxlaya bilmirdik. Hər dəfə telefonla danışanda isə böyük ruh yüksəkliyi ilə danışır, hər şeyin yaxşı olacağını deyirdi. Qardaşları Mahmuddan, Eldardan yaşca kiçik olan Elmar böyük ürəyə sahib idi. Ona görə də döyüş meydanlarında mərdliklə vuruşurdu. Füzulinin, Xocavəndin azad olunmasında qorxmaz bir əsgər kimi onun da payı var.
Elmar Omarov sonuncu dəfə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda döyüşdü. 8 noyabr 2020-ci ildə - Zəfər günü elan olunduqdan sonra Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 2001-ci ildə İkinci Şıxlı kəndindən başlayan qısa, lakin mənalı ömür yolu həmin gün Şuşada başa çatdı. Qəhrəman döyüşçü qələbə sevincini dadmadı, zəfər anını görə bilmədi.
İgid Vətən oğlu İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxan əsgər Elmar Omarovun göstərdiyi igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq inşa olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Elmar Omarovun adı verilmişdir.
Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edirik. Əbədilik zirvəsinə yüksəlmiş, azadlıq, müstəqillik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır!
Gün o gün oldu... torpaqlarımız düşmən işğalından azad edildi. Elmar Omarov isə Şəhidlik zirvəsinə yüksəlib ürəklərə köçdü.
Facebook-da paylaş