"Atam nə vaxt qayıdacaq?.."
İgid oğullarımızı döyüş meydanında hər zaman “Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” amalı birləşdirdi. Onlar bu yolda şirin canlarından keçərək Vətənin oğlu olduqlarını sübut etdilər. Canları bahasına Vətəni qoruyaraq göstərdilər ki, torpağın hər qarışı bizim üçün doğma, əziz və qiymətlidir. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımızı Vətən sevgisi, yurda olan bağlılıq Şəhidlik zirvəsinə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş gizir Əhmədov Elvin Qələndər oğlu haqqında yer almış "Atam nə vaxt qayıdacaq?.." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Atam nə vaxt qayıdacaq?.."
Uşaqlara nə var ki... Ürəklərindən keçənləri dillərinə gətirir, böyüklərdən israrla cavab gözləyirlər. Üç yaşı yenicə tamam olmuş balaca Əsmərin soruşduğu da adi bir sorğudur. Balaca qızcığaz atasını evlərində görmək, onun üstünə yüyürmək, atasının boynunu bərk-bərk qucaqlayıb öpmək arzusundadır. O, bu pünhan və pünhan olduğu qədər də isti duyğularını həyata keçirmək üçün atasını istəyir və elə ona görə də soruşur ki, "Atam nə vaxt qayıdacaq?".
Öz-özlüyündə bu, çox sadə və çox bəsit bir sualdır. Amma... amma bu sualın cavabı çətindən də çətin, ağırdan da ağırdır. Düzünə qalsa, elə bu sualın cavabı cavabsızlığıdır. Ona görə də neçə gündür ki, balaca Əsmər böyüklərdən, anasından, nənəsindən, daha nə bilim kimlərdən cavab gözləyir. Ona cavab verən isə tapılmır ki, tapılmır. Doğmaları kövrək baxışlarla üzünə baxıb susur, başını sığallayırlar. Elə susmaqla da cavab verirlər ona. Amma hələ bu dünyadan xəbərsiz olan Əsmər bu baxışlardan, bu nəvazişlərdən heç bir şey anlamır. Kövrək, yazıq baxışları ilə "Mən atamı istəyirəm", - deyir.
15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuş şəhid gizir Elvin Qələndər oğlu Əhmədovun evlərində olarkən şəhidin qızı Əsmər məndən də eyni sözü soruşdu. Yerimdə donduğumu və cavab verə bilmədiyimi görüb başını aşağı salaraq küskün halda o biri otağa keçdi. Həyatımda ilk dəfə idi ki, mən bu adi sualın qarşısında susur, cavab verməyə söz tapa bilmirdim. Elə bil sözlər də məndən qaçaq düşmüşdü...
Şəhidin anası Təranə müəllimə məni bu vəziyyətdən çıxarıb:
- Əsmər neçə gündür ki, heç ipə-sapa yatmır, elə hey atasını soruşur, - deyir. - Cavab da verə bilmirik. Hər dəfə bir yalan uydurub deyirik.
Dərindən köks ötürüb oğlunun - Elvinin uşaqlığından söz açaraq danışır:
- Məktəbdə uşaqların gözü idi, bütün dərslərindən əla qiymətlər alırdı, - deyir. - Elə ona görə də 2007-ci ildə M.Hüseyn adına humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil oldu.
Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.
Etiraf edək ki, bütün peşələrdən fərqli olaraq hərbi sahənin öz çətinlikləri, spesifik ağırlıqları var. Tez-tez ailədən aralı düşür, çıxılmaz vəziyyətlərlə qarşılaşır, nəticədə normal həyatdan təcrid olunursan. Belə vəziyyətlərlə qarşılaşanda bəzən geriyə dönür, başladığın yolu davam etdirmirsən. Amma Elvin belə xarakterə malik bir gənc, başladığı yoldan geri dönən hərbçi deyildi. O, nə qədər çətinliklərlə, nə qədər ağır anlarla qarşılaşsa da, həmişə özünü təmkinli aparır, belə vaxtlarda yalnız bir cümlə ilə cavab verirdi yanındakılara. "Narahat olmayın, hər şey yaxşıdı". Bu, onun ondan narahat olan doğmalarına verdiyi cavab idi.
Bəzən isə ona "Evin tək oğlusan, bəlkə işini dəyişəsən, başqa bir peşə ilə məşğul olasan" deyirdilər. Cavabı bu olurdu ki: "Mən kimdən artığam ki?!. Öldü var, döndü yoxdur. Bir də, belə davam eləyən deyil ki. Müharibənin qurtarmasına az qalıb, lap az..."
Təranə müəllimə ilə söhbət etdikcə Elvinin həyat yoldaşı Aişənin üzü bulud kimi dolub boşalır, yerə dikilmiş baxışları ilə nə isə demək istəyir, öz sakitliyi ilə sanki üsyan edir bu həyata. Bəlkə də paramparça olmuş həyatından, yarıda qırılmış ömür-günündən söz açmaq keçir ürəyindən. Çox keçmir ki, o, da qoşulur söhbətə.
- Elvinlə 2019-cu ilin avqustunda ailə həyatı qurmuşuq, - deyir Aişə müəllimə. - Olduqca çox sakit, mülayim bir insan idi Elvin. Evə daxil olan kimi dəyişir, bayırdakı yüksək tonlu danışığı, sərtliyi yox olub gedir, sanki bir mələyə çevrilirdi. Bu, onun ailəsinə olan sevgisindən, bağlılığından, ailəcanlı olmasından irəli gəlirdi.
Aişə müəllimə bir qədər fikrə gedib Elvinli günlərini vərəqləyir, birgə yaşadıqları vaxtları bir anlığa xəyalından keçirib sözünə davam edir.
- Sanki gənc deyil, 50-60 yaşlarında bir kişi idi Elvin, - deyir. - Həmişə yaşından fərqli danışırdı. Elə bilirdin ki, dünyagörmüş bir adam dayanıb qarşında. Danışanda da ağsaqqal kimi öyüd-nəsihət verirdi qarşısındakına. Ona görə mən Elvinə zarafatla "Qoca baba" deyirdim.
Sonra Elvinin yaxın dostlarından söz düşür. Aişə müəllimə deyir ki, Elvinin dostları çox idi. Amma Qazaxdan Ramin Hüseynov onun ən yaxın silahdaşı, həm də ürək dostu idi. Onunla fəxr edir, qürurlanır, haqqında ağızdolusu danışırdı.
Həyatın qəribəliyinə bax ki, sən demə, bu dostların taleləri də bir yazılıbmış. Hər ikisi bir gündə döyüşə girib, eyni yerdə, eyni vaxtda şəhid olublar. Bu da taleyin bir yazısı, bu da bəxtin bir naxışıdır, nə deyəsən...
Əsmərdən söz açan ana qızının adını atasının qoymasından danışır.
- Düzünü deyim ki, mən oğlumuzun olmasını arzu edirdim, Elvin isə qızımızın olmasını istəyirdi. "Beş qızım olsa da, bəs demərəm" deyirdi. Onun istədiyi kimi də oldu və qızımız dünyaya gəldi. Adını da özü qoydu. Əsmər atasına çox oxşayır. Elə bil ki, bir almanı tən bölübsən.
Söz sözü çəkir, xatirələr bir-birini əvəz edir, xoşbəxt ailəli günlərin gözəlliyindən danışır Aişə müəllimə. Söhbət 2023-cü ilin 18 sentyabrına çatanda həmsöhbətimin çöhrəsini yenə də qara buludlar alır, gözlərindəki işıq bir anın içində sönür, baxışları məchulluğa dikilir. Sanki həmin günü yadına salıb danışmağa belə çəkinir. Elvinlə yenidən ayrılacağından, ömür-gün yoldaşını yenidən itirəcəyindən qorxur. Elə ona görə də sonuncu xatirəni göz yaşlarını axıda-axıda danışır:
- Heç nədən xəbərim yox idi. Elə ona görə də sentyabrın 18-də səhər tezdən Elvin məni işlədiyim Gəncə şəhər 31 nömrəli məktəbə gətirib maşından düşürdü. Tələsdiyim üçün heç xudahafizləşmədim də. Sən demə bu, bizim sonuncu görüşümüz imiş, bilməmişik. Məktəbə gedib dərs deməyə başladım. Həmin gün saat 12-də Elvin mənə zəng edib bircə kəlmə dedi: "Gedirəm". Sonradan bildim ki, o, heç evə belə dəymədən gedib. Sonuncu dəfə mən onun nurlu üzünü həmin günü gördüm. Getdi... və bir daha geriyə dönmədi.
Gizir Elvin Əhmədov 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda ölkəmizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid oldu.
...Anasının yanında dayanıb küskün-küskün mənə baxan Əsmər gözlərini üzümdən çəkməyib bayaqdan bəri verdiyi suala cavab istəyir. "Əmi, bəlkə sən deyəsən, atam nə vaxt gələcək" soruşur baxışları ilə. Mən isə cavabı çox çətin və həm də asan olan bu sualın qarşısında susur, qızcığaza cavab verə bilmirəm. Ona görə də Əsmər ulduz kimi parlayan körpə gözlərini qapıya zilləyib hələ də atasının gəlməsini gözləyir. Gözləyir ki, nə vaxtsa atası qayıdacaq...
Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli sərəncamına əsasən gizir Elvin Qələndər oğlu Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Elvin Əhmədovun adı verilmişdir.
Facebook-da paylaş