Qorxu nə olduğunu bilmirdi
Neçə-neçə igid Vətən övladı düşmən tapdağında olan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzün tam olması üçün şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” söyləyən oğullarımız bu amal uğrunda bir yumruq tək birləşdilər. Hərb tariximizdə qanları ilə şanlı tarix yazan oğullarımız illər keçsə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Qocayev Niftalı Zakir oğlu haqqında yer almış "Qorxu nə olduğunu bilmirdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Qorxu nə olduğunu bilmirdi
Anadan qorxmaz doğulmuşdu Niftalı. Heç nədən çəkinməz, qorxulu nədirsə, düz üstünə gedər, öz qorxmazlığı ilə qorxunu ram edərdi. Yaşıdları arasında da qorxmaz, mərd, mübariz bir gənc kimi tanınmışdı. Qorxmaz olduğu qədər də çox saf, təmiz, xeyirxahlıq yolunda əlindən gələni əsirgəməyən idi.
Qocayev Niftalı Zakir oğlunun keçdiyi şərəfli həyatı ilə yaxından tanış olduqca onun şəkillərdə gördüyüm nurlu siması gözlərim önündən gəlib keçir. Şəhidin ömür yoluna işıq salmaq üçün Niftalıdan yadigar qalmış şəkilləri, ona aid olan sənədləri vərəqləyirəm. Xəyal məni 26 il əvvələ, Niftalı Qocayevin anadan olduğu ilə aparır. 1994-cü ilin payız günlərində, noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olan Niftalı Qocayevin uşaqlıq illəri çox mənalı və asudə keçib. Evin tək oğlu olduğu üçün ailə üzvlərinin hamısı, necə deyərlər, onun nazı ilə oynayıb, başına dolanıb, bir sözünü iki eləməyiblər.
Atası Zakir oğlunun ildən-ilə böyüyən boyuna baxıb fəxarət hissləri keçirir, ürəyində övladı ilə bağlı bir-birindən gözəl arzular kök atırdı. Anası Gilas xanım hər kəlməsinə "Can oğul" deyib əzizləyərək balasının başına dolanırdı. Bacısı Fəridə ondan yaşca böyük olsa da, həmişə qardaşını böyük bilir, sözündən heç vaxt çıxmırdı. Beləcə, Qocayevlər ailəsi öz sadə, səmimi günlərini, illərini yaşayır, sabaha ümidlə baxırdılar.
Niftalı Qocayev 2001-ci ildə Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olaraq oxumağa başlamış, 2012-ci ildə həmin məktəbin onbirinci sinifini bitirərək orta təhsil almışdır. 18 yaşına çatanda bütün həmyaşıdları kimi, Niftalı da "kişilik məktəbi"ndən keçmişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda xalqımızın bütün vətənpərvər oğulları Vətənin müdafiəsinə qalxdılar. Ələlxüsus, gənclər ordumuza dəstək göstərərək cəbhəyə getməyə can atır, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirdilər. Əli silah tutan bütün insanların ürəyi cəbhə ilə döyünür, xalq ilə ordunun birliyi nümayiş olunurdu. Hər kəs ön cəbhədə döyüşmək istəyir, əlindən gələni əsirgəməməyə çalışırdı.
Həmin günlərdə Niftalı Qocayev də müharibəyə getməyə can atır, cəbhəyə yola düşəcəyi günü gözləyirdi. Çox keçmədi ki, həmin gün gəlib çatdı. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Niftalı Qocayev ürəyində düşməndən intiqam almaq hissi ilə cəbhəyə yola düşdü.
Qorxu nə olduğunu bilmirdi. Elə bu səbəbdən də müharibə zamanı həmişə öndə olan həmlə bölüyünə də birinci o, yazılmışdı. Döyüşdə mərdlik, mübarizlik nümayiş etdirir, qorxunun üzünə dik baxır, təhlükələrdən çəkinmirdi. Onun Füzulidən başlanan döyüş yolu sonradan Xocavənddən, Cəbrayıldan, Zəngilandan keçib.
Döyüş yoldaşı Azər Məmmədov danışır ki, 1 noyabr 2020-ci il tarixində Xocavənddə döyüş zamanı mən ağır yaralanmışdım. Niftalı güllə yağışının altında yaramı sarıyıb məni döyüş meydanından çıxartdı və təcili tibbi yardım maşınına qoydu. Niftalı Qocayev yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb yenidən səngərə qayıdan zaman birdən düşmən gülləsinə tuş gəldi. Həmişə qorxmazlığı ilə təhlükələrin özünü məhv edən igid əsgər bu dəfə təhlükədən qurtula bilməyib qəhrəmancasına şəhid oldu.
Niftalı Qocayev Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş