Qorxu nə olduğunu bilmirdi
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Qocayev Niftalı Zakir oğlu haqqında yazılmış "Qorxu nə olduğunu bilmirdi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Qorxu nə olduğunu bilmirdi
Anadan qorxmaz doğulmuşdu Niftalı. Heç nədən çəkinməz, qorxulu nədirsə, düz üstünə gedər, öz qorxmazlığı ilə qorxunu ram edərdi. Yaşıdları arasında da qorxmaz, mərd, mübariz bir gənc kimi tanınmışdı. Qorxmaz olduğu qədər də çox saf, təmiz, xeyirxahlıq yolunda əlindən gələni əsirgəməyən idi.
Qocayev Niftalı Zakir oğlunun keçdiyi şərəfli həyatı ilə yaxından tanış olduqca onun şəkillərdə gördüyüm nurlu siması gözlərim önündən gəlib keçir. Şəhidin ömür yoluna işıq salmaq üçün Niftalıdan yadigar qalmış şəkilləri, ona aid olan sənədləri vərəqləyirəm. Xəyal məni 26 il əvvələ, Niftalı Qocayevin anadan olduğu ilə aparır. 1994-cü ilin payız günlərində, noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olan Niftalı Qocayevin uşaqlıq illəri çox mənalı və asudə keçib. Evin tək oğlu olduğu üçün ailə üzvlərinin hamısı, necə deyərlər, onun nazı ilə oynayıb, başına dolanıb, bir sözünü iki eləməyiblər.
Atası Zakir oğlunun ildən-ilə böyüyən boyuna baxıb fəxarət hissləri keçirir, ürəyində övladı ilə bağlı bir-birindən gözəl arzular kök atırdı. Anası Gilas xanım hər kəlməsinə "Can oğul" deyib əzizləyərək balasının başına dolanırdı. Bacısı Fəridə ondan yaşca böyük olsa da, həmişə qardaşını böyük bilir, sözündən heç vaxt çıxmırdı. Beləcə, Qocayevlər ailəsi öz sadə, səmimi günlərini, illərini yaşayır, sabaha ümidlə baxırdılar.
Niftalı Qocayev 2001-ci ildə Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olaraq oxumağa başlamış, 2012-ci ildə həmin məktəbin onbirinci sinfini bitirərək orta təhsil almışdır. 18 yaşına çatanda bütün həmyaşıdları kimi, Niftalı da "kişilik məktəbi"ndən keçmişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda xalqımızın bütün vətənpərvər oğulları Vətənin müdafiəsinə qalxdılar. Ələlxüsus, gənclər ordumuza dəstək göstərərək cəbhəyə getməyə can atır, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirdilər. Əli silah tutan bütün insanların ürəyi cəbhə ilə döyünür, xalq ilə ordunun birliyi nümayiş olunurdu. Hər kəs ön cəbhədə döyüşmək istəyir, əlindən gələni əsirgəməməyə çalışırdı.
Həmin günlərdə Niftalı Qocayev də müharibəyə getməyə can atır, cəbhəyə yola düşəcəyi günü gözləyirdi. Çox keçmədi ki, həmin gün gəlib çatdı. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Niftalı Qocayev ürəyində düşməndən intiqam almaq hissi ilə cəbhəyə yola düşdü.
Qorxu nə olduğunu bilmirdi. Elə bu səbəbdən də müharibə zamanı həmişə öndə olan həmlə bölüyünə də birinci o, yazılmışdı. Döyüşdə mərdlik, mübarizlik nümayiş etdirir, qorxunun üzünə dik baxır, təhlükələrdən çəkinmirdi. Onun Füzulidən başlanan döyüş yolu sonradan Xocavənddən, Cəbrayıldan, Zəngilandan keçib.
Döyüş yoldaşı Azər Məmmədov danışır ki, 1 noyabr 2020-ci il tarixində Xocavənddə döyüş zamanı mən ağır yaralanmışdım. Niftalı güllə yağışının altında yaramı sarıyıb məni döyüş meydanından çıxartdı və təcili tibbi yardım maşınına qoydu. Niftalı Qocayev yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb yenidən səngərə qayıdan zaman birdən düşmən gülləsinə tuş gəldi. Həmişə qorxmazlığı ilə təhlükələrin özünü məhv edən igid əsgər bu dəfə təhlükədən qurtula bilməyib qəhrəmancasına şəhid oldu.
Niftalı Qocayev Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş