Müqəddəs amallar uğrunda
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz əsgər Qurbanov Davud Tariyel
oğlu haqqında yazılmış "Müqəddəs amallar uğrunda" başlıqlı xatirə
yazısını oxuculara təqdim edirik... Müqəddəs amallar uğrunda
Amal
insanın yaşamaq qayəsi, ömrünün məqsəd və məramıdır. Amal sadə bir arzu,
sıradan gələn bir istək deyil, böyük məqsədlərə tuşlanmış məramdır. O insandan
böyük sevgi, əyilməz iradə, yenilməz şücaət, bu yolda yanmaq və həyatını qurban
vermək tələb edir. Bu amalın adı şəhidlikdir. Ancaq müqəddəs amallar uğrunda
vuruşan, Vətən və xalq yolunda, torpaqlarımızın qorunması uğrunda canını fəda
etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər şəhidlik
zirvəsinə. Müqəddəs amallar insanı da müqəddəsləşdirir, onu əlçatmaz zirvələrə
qaldıraraq əbədiləşdirir. Qəlbində Vətən
sevgisi, xalq yanğısı olan, torpaq uğrunda çarpışıb bu yolda canından keçən
insanlar müqəddəs amal sahibi ola bilir, həyatını qurban verərək şəhidlik zirvəsinə
ucalırlar. Bu
yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik
qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər həmişə minnətdarlıq
duyğuları ilə yada salınır, xatirələrinə daim dərin ehtiram bəslənilir. Şəhidlər
bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz,
ölməzliyimiz, örnəyimizdir. Ölkəmizin
ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şə-hidlərimizdən
biri də Qurbanov Davud Tariyel oğludur. O, müqəddəs amallar yolunda
vuruşaraq gənc həyatını qurban vermiş, adı tarixin silinməz səhifələrinə
yazılmışdır. Davud
Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə
Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin birinci sinfinə
daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi
bitirmişdir. Məktəbdə oxuduğu müddətdə dərslərini yaxşı oxuması, fənlərdən yüksək
qiymət alması, nizam-intizamlı olması ilə diqqəti cəlb etmişdir. Müəllimləri
Davudun işıqlı gələcəyinə inanır, sabahına böyük ümid bəsləyirdilər. Davud
Qurbanov ona bəslənilən ümidləri doğrultdu və test imtahanlarında yüksək bal
toplayaraq 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat
proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil oldu. 2017-ci ildə Azərbaycan Dövlət Neft
və Sənaye Universitetini (ADNSU) bitirdi. Amma bu, son deyildi. Davud Qurbanov
həmin il universitetin magistratura pilləsinə qəbul oldu və 2019-cu ildə
magistraturanı bitirərək yüksək ixtisaslı mütəxəssis kimi yetişdi. Arzularına
öz biliyi və bacarığı ilə işıq salan Davud Qurbanov ilk illər başqa bir sahədə
çalışmağa başladı. 2019-cu ilin fevral ayında "Space" televiziya və
yayım şirkətində montajçı vəzifəsində işlədi və sonradan əmək fəaliyyətini
"Azad Azərbaycan" (ATV) teleradio və yayım şirkətində montajçı kimi
davam etdirdi. Qarşıda
onu hərbi xidmət gözləyirdi. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə çağrıldığı üçün iş fəaliyyətini dayandırıb həqiqi hərbi xidmətə
yollandı. Vətən
müharibəsi başlayanda Davud Qurbanov hərbi xidmətdə idi. O, 2 oktyabr 2020-ci
ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Böyük amallarla yaşayan və ona çatmağa bütün varlığı ilə çalışan Davud
Qurbanov Suqovuşanda canından keçərək şəhidlik zirvəsinə yüksəldi, adı tarixin
silinməz səhifələrinə yazıldı. Şəhid
Davud Qurbanov Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn
olunmuşdur. Subay idi. Vətən
müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimiz kimi, Davud
Qurbanovun da qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən
döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Nə
qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Davud Qurbanov kimi igid
oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz
tutulacaqdır!
GOYEZEN.AZ
Facebook-da paylaş