• Təqvim

  • Maraq



"Öldü var, döndü yoxdur"


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz çavuş İsgəndərov Pərvin Pərviz oğlu haqqında yazılmış "Öldü var, döndü yoxdur" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Öldü var, döndü yoxdur"


Bu sözləri İsgəndərov Pərvin Pərviz oğlu Vətən müharibəsinə yollananda demişdi. Necə demişdisə, elə də elədi. Döyüş meydanında qəhrəmanlıqla şəhid oldu, amma geri dönmədi.

27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin Böyük Zəfər salnaməsində hər zabitin, hər əsgərin öz yeri, öz payı var. Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır!" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi oldu. İldırım sürəti ilə davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.

Qazanılan Şanlı Zəfərdə xidməti olanlardan biri də Pərvin İsgəndərovdur. O, 1995-ci ilin 25 iyununda Qazax rayonunun gözəl təbiəti olan Xanlıqlar kəndində dünyaya göz açmışdır. Evin tək oğlu idi. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil aldığı gündən ta qurtarana - 2013-cü ilə kimi tədris müəssisəsində özünü bacarıqlı, çalışqan bir şagird kimi göstərmişdir. Ona vaxtilə dərs deyən müəllimlər Pərvindən bu gün də ağızdolusu danışır, razılıqlarını bildirirlər.

Məktəb illəri arxada qalmışdı, "kişilik məktəbi" səsləyirdi onu. Pərvin 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur.

Hərbçi olmağa qərar verən Pərvin 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. O, xidməti dövründə həmişə fərqlənmiş, çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra hərbi hissələrdə xidmət etməyə başlamışdır.

Onu da qeyd edim ki, Pərvinin atası Pərviz İsgəndərov da vaxtilə hərbçi olmuşdur. O, Ağstafa rayonu ərazisində yerləşən "Ballı qaya" adlanan ərazidə ermənilərə qarşı gedən döyüşlərdə şəhid olmuş, 21 yaşında dünyasını dəyişmişdir. Atası şəhid olanda Pərvin ana bətnində olub. Doğulduqdan sonra o, nənə-baba himayəsində böyüyüb.

Pərvin İsgəndərovun keçdiyi döyüş yolu qısa olsa da, çox mənalı və qürurvericidir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutanda düşmənə layiqli cavab verənlərdən biri də Pərvin İsgəndərov olub. O, Tovuz döyüşlərində öz fədakarlığı ilə fərqlənib.

Həyat yoldaşı Fidan xanım danışır ki, oktyabrın 10-da axşam Pərvin evə gəlmişdi. 2 saatdan sonra tələsik hərbi hissəyə qayıtdı. Bu, onun son gedişi oldu. Bir daha görə bilmədim.

Sonra Pərvin İsgəndərovun sədası Füzulidən gəldi. O, həmlə taborunun manqa komandiri idi, çavuş rütbəsində xidmət göstərirdi. Döyüşlərdə əsl qəhrəmanlıqla vuruşur, necə deyərlər, düşmənə qan uddururdu. Hərbçi yoldaşları danışır ki, hər dəfə müharibədən söz düşəndə Pərvin "Öldü var, döndü yoxdur, axıra qədər gedəcəyik", - deyirdi. 

Hər döyüşdən qələbə ilə qayıdan Pərvin İsgəndərov sonuncu döyüşdən geri dönə bilməyib. O, 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən minaatan silahdan atılan mərmi ilə vurulub və qəhrəmancasına şəhid olub.

Pərvin İsgəndərov Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında şəhid atasının yanında dəfn edilmişdir. Pərviz adlı 1 yaşlı oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə"və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

GOYEZEN.AZ



Facebook-da paylaş