Ürəklərdə yaşayacaq
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz əsgər Allahverdiyev Sakit Şahin oğlu haqqında yazılmış "Ürəklərdə yaşayacaq" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... Ürəklərdə yaşayacaq
Vətən
müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda Böyük Qələbə ilə başa çatan hərb
tariximizin böyük Zəfər Salnaməsi! Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində
qazandığı Böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf
rayonlarımızın işğaldan azad olunması 2020-ci ilin Zəfər Salnaməsi kimi
xalqımızın yaddaşına əbədi həkk olundu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ
münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün
dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və
nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının əsas qayəsi, əsgər
və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44
gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında
sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın
müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb
tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Azərbaycan Ordusunun əsgər və
zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ
müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız
Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun
gücünü, qüdrətini bir daha gördü. 44
günlük Vətən müharibəsində iştirak edib qəhrəmanlıqlar göstərən və adını Şəhidlik
adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də əsgər Allahverdiyev
Sakit Şahin oğludur. Onun
ömür yolunu vərəqlədikcə qısa, lakin örnək olası və mənalı həyat tarixçəsi gözlərim
önündə canlanır. Doğum şəhadətnaməsində qeyd edildiyi kimi, Sakit, 24 dekabr
2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. O, 2007-ci ildə
Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə oxumağa
başlamış, 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. Əsgərlik
yaşına çatdığı üçün 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən
Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı
Qüvvələrin (XTQ) sıralarında hərbi xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə
hərbi silah və sursatlardan istifadə qaydalarını ətraflı öyrənib öz biliyini zənginləşdirmiş,
hərbi sahədə olan təcrübəsini daha da artırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin
mərd, mübariz əsgəri kimi yetişərək Vətən torpaqlarını yağı düşməndən azad etməyə
hər an hazır olmuşdur. Qardaşı İlkin danışır: -
Sakitin arzusu hərbçi olmaq idi. Ona görə də yüksək səviyyədə xidmət edirdi.
Əsgərlikdən sonra qalıb işləmək istəyirdi. Amma qismət olmadı. Sentyabrın
27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun bütün əsgər və zabitləri
kimi, Sakit Allahverdiyev də 30 ildir ki, düşmən əsarətində olan Vətən
torpaqlarının yağı düşmənlərdən azad olunması uğrunda gedən qanlı döyüşlərə
qatılmışdır. Qəlbindəki
Vətən sevgisi, düşmənə qarşı olan intiqam hissi böyük idi Sakitin.
"N" saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının
3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev Füzulinin, Hadrutun,
Ağdərənin işğaldan qurtarması uğrunda gedən döyüşlərdə mərdlik göstərmiş, əsgəri
borcunu ləyaqət və şərəflə yerinə yetirmişdir. Döyüşlərdə onun gözündən heç nə
yayınmır, sərrast atış ilə düşməni yerə sərirdi. Sakit
Allahverdiyev 9 noyabr 2020-ci ildə ömrünü canı qədər sevdiyi Vətənə
bağışlayaraq şəhidlik zirvəsinə ucalmışdır. O, Çaylı kəndindəki Şəhidlər xiyabanında
izdihamla dəfn edilmişdir. Subay idi. Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən
sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə" medalları ilə təltif edilmişdir. Vətən
müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz
kimi, Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim
yaşayacaqdır. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid Sakit Allahverdiyevə
Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş