• Təqvim

  • Unutma

  • Maraq



İtaliya ilə Azərbaycan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır


Mədəniyyət, incəsənət, musiqi və rəssamlıq sahələrində dünya xəzinəsinə möhtəşəm nümunələr bəxş edən, dünyanın musiqi konservatoriyası sayılan İtaliya ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edən mükəmməl hüquqi bazaya malik münasibətlər mövcuddur. İtaliya Avropa dövlətləri arasında xüsusi siyasi çəkiyə və güclü iqtisadi potensiala malik dövlətdir. Bu baxımdan Azərbaycanla İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. 

1992-ci il yanvarın 1-də Azərbaycanın müstəqilliyini tanıyan İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də qurulmuşdur. 1997-ci ilin mart ayında İtaliyanın Cənubi Qafqaz dövlətləri arasında ilk dəfə Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. 1997-ci ilin mart ayında isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Yüksək səviyyəli qarşılıqlı əlaqələr prezidentlərin qarşılıqlı səfərləri fonunda uğurla inkişaf etdirilməkdədir. Beynəlxalq müstəvidə də iki ölkə arasında tərəfdaşlıq mövcuddur. Qarabağ münaqişəsi mövzusunda İtaliya hər zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti məhz İtaliyadan olub. Eyni zamanda Azərbaycanın azad edilmiş Qarabağ torpaqlarında energetika infrastrukturunun yaradılmasında İtaliya ilə əməkdaşlıq edəcək. Beləliklə, İtaliya və Azərbaycan yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 

Möhkəm təməllər üzərində qurulan əlaqələr bu gün də dinamik inkişaf etdirilir. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilmişdir. 

Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir. Ölkələrimiz arasında siyasi dialoqun olduqca fəallığından və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olmasından danışan dövlət başçısı bildirmişdir ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır. Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir.

Prezident həmçinin qeyd etmişdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu. Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Azərbaycanın təbii qaz ehtiyatlarına tələbatın artmasından danışan ölkə başçısı İlham Əliyev qeyd edib ki, bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Prezident həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektivlər vəd etməsini də vurğulamışdır. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.

Azərbaycanın dövlət başçısı 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə energetika infrastrukturunun hazırki vəziyyəti mövzusuna da toxunmuş və bildirmişdir ki, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.

Prezident qeyd etdi ki, bu gün Azərbaycan uğurlu müstəqil siyasət həyata keçirir. Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib. Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir. Beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş