Azərbaycanın qonşu dövlətlərlə güclü siyasi əlaqələri yüksələn xətlə inkişaf etməkdədir
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Litva
Respublikası dövlətimizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu.
Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1995-ci ildən quruldu. Belə
ki, hər iki ölkə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olmuş
və yüksək səviyyəli dialoq və əməkdaşlıqlar qurmuş, hazırda bu əməkdaşlıqların
davam etdirilməsi üçün mühüm layihələr həyata keçirirlər. Litva hər zaman
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, Azərbaycan isə müxtəlif iqtisadi və
ya humanitar sahədə birgə layihələrin həyata keçirilməsində xüsusi maraqlı
olmuşdur. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan
sənədlər nəticəsində daha da inkişaf etdirilməkdədir. Mayın 17-də Litva Respublikasının Prezidenti Gitanas
Nausedan Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Mayın 18-də rəsmi
qarşılanma mərasimi olmuş, hər iki ölkənin dövlət bayraqları dalğalanan meydanda
fəxri qonağın şərəfinə fəxri qaraul dəstəsi düzülmüş, Litva və Azərbaycan
Respublikasının dövlət himnləri səsləndirilmişdir. Səfər çərçivəsində
prezidentlərin görüşü, Azərbaycan-Litva biznes forumu keçirilmiş, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti
Gitanas Nauseda mətbuata bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyev 18
may tarixli bəyanatında Litva- Azərbaycan münasibətləri, Azərbaycanın Cənubi
Qafqazdakı sülhü təmin etmə missiyası, post müharibə dövrü, işğaldan azad
edilmiş ərazilərdə aparılan bərpa, quruculuq, yenidənqurma işləri, sərhədlərin
delimitasiya məsələləri və s. haqqında geniş açıqlamalar yer almışdır. İki ölkə
arasında münasibətlərdən danışaraq Prezident İlham Əliyev qeyd etmişdir ki,
Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə
arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini
əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun
təzahürüdür. Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət
bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq
formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi
Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs
göstərmir; Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı
olduğunu bildirən dövlət başçısı "Cənubi
Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin
vaxtıdır”, -
deyərək vurğulamışdır ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı
Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci
Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin
bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını
dəstəkləməyə başlamışdır. Prezident həmçinin bildirmişdir ki, Azərbaycanın təklif
etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq
normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən
ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Sərhədlərin delimitasiyasına da münasibətini ifadə
edən ölkə başçısı bildirmişdir ki, bu proses artıq başlamalıdır. Təxminən 30 il
ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini
təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin
delimitasiyası zərurəti aydındır. Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq
doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini
ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış
görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün
keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni
tarixləri gözləyirik. Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünümüdafiə
hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı.
Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən
sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi,
onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana
qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü
hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın
qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra
etdi. Respublika Prezidenti İlham Əliyev həmçinin qeyd
etmişdir ki, indi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması
məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan
edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı
"Qafqazın Hirosiması” adlandırırlar. Avropa İttifaqı Azərbaycanın əsas ticarət
tərəfdaşıdır. Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir.
Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq
istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz
qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı
ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq
strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa
İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Biz əminik ki, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı
dövlətlərin sayı gündən-günə artacaq. Çünki bu gün Azərbaycan sürətli və
dinamik inkişaf mərhələsində olan bir dövlətdir, sabit, xalq və dövlət
birliyinin ən yüksək səviyyədə olduğu bir ölkədir. Azərbaycan tezliklə işğaldan
azad edilmiş torpaqların bərpa və yenidənqurulmasını başa çatdıracaq və
ərazilərimiz tarixi sahiblərinə qucaq açacaqdır. Bu, isə ölkəmizin dünya dövlətləri sırasında özünəməxsus
mövqeyini daha da möhkəmləndirəcək və yeni tərəfdaşlıqlara, yeni əməkdaşlıqlara
vəsilə olacaqdır. Ceyhunə HÜSEYNOVA, Qazax
Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş