• Təqvim

  • Maraq



Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşüb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.

Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, digər əməkdaşlar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 50 ədəd eldar şamı, 400 ədəd tuya, 50 ədəd sərv ağacı olmaqla, ümumilikdə, 500 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.



Facebook-da paylaş