Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın qonşu dövlətlərlə güclü siyasi əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

Azərbaycanın qonşu dövlətlərlə güclü siyasi əlaqələri yüksələn xətlə inkişaf etməkdədir


21-05-2022, 14:25


Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Litva Respublikası dövlətimizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1995-ci ildən quruldu. Belə ki, hər iki ölkə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olmuş və yüksək səviyyəli dialoq və əməkdaşlıqlar qurmuş, hazırda bu əməkdaşlıqların davam etdirilməsi üçün mühüm layihələr həyata keçirirlər. Litva hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, Azərbaycan isə müxtəlif iqtisadi və ya humanitar sahədə birgə layihələrin həyata keçirilməsində xüsusi maraqlı olmuşdur. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilməkdədir.

Mayın 17-də Litva Respublikasının Prezidenti Gitanas Nausedan Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Mayın 18-də rəsmi qarşılanma mərasimi olmuş, hər iki ölkənin dövlət bayraqları dalğalanan meydanda fəxri qonağın şərəfinə fəxri qaraul dəstəsi düzülmüş, Litva və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Səfər çərçivəsində prezidentlərin görüşü, Azərbaycan-Litva biznes forumu keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyev 18 may tarixli bəyanatında Litva- Azərbaycan münasibətləri, Azərbaycanın Cənubi Qafqazdakı sülhü təmin etmə missiyası, post müharibə dövrü, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq, yenidənqurma işləri, sərhədlərin delimitasiya məsələləri və s. haqqında geniş açıqlamalar yer almışdır. İki ölkə arasında münasibətlərdən danışaraq Prezident İlham Əliyev qeyd etmişdir ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir;

Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı olduğunu bildirən dövlət başçısı "Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”, - deyərək vurğulamışdır ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır.

Prezident həmçinin bildirmişdir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Sərhədlərin delimitasiyasına da münasibətini ifadə edən ölkə başçısı bildirmişdir ki, bu proses artıq başlamalıdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik. Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünümüdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

Respublika Prezidenti İlham Əliyev həmçinin qeyd etmişdir ki, indi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı "Qafqazın Hirosiması” adlandırırlar. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Biz əminik ki, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı dövlətlərin sayı gündən-günə artacaq. Çünki bu gün Azərbaycan sürətli və dinamik inkişaf mərhələsində olan bir dövlətdir, sabit, xalq və dövlət birliyinin ən yüksək səviyyədə olduğu bir ölkədir. Azərbaycan tezliklə işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulmasını başa çatdıracaq və ərazilərimiz tarixi sahiblərinə qucaq açacaqdır. Bu, isə ölkəmizin dünya dövlətləri sırasında özünəməxsus mövqeyini daha da möhkəmləndirəcək və yeni tərəfdaşlıqlara, yeni əməkdaşlıqlara vəsilə olacaqdır.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt