İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə ön planda dayanır. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Ölkə başçısının söylədiyi kimi, “"ASAN xidmət” Azərbaycan məhsuludur. Azərbaycan ixtirasıdır. Azərbaycan brendidir”. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar. Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri 1 sentyabr 2025-ci il tarixdən 26 sentyabr 2025-ci il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstərirlər. 26 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Sentyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Səyyar "ASAN xidmət” avtobusunun yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. “ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstərmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərlə görüşən rayon rəhbəri onlara necə xidmət göstərilməsi barədə fikirlərini öyrənib. Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı rayon rəhbərliyinə məlumat verərək avtobusun fəaliyyətə başladığı ilk andan bu günə kimi vətəndaşların fəallıq göstərdiklərini qeyd edib. Bu günə kimi müraciət etmiş 1049 nəfər vətəndaşdan 967 nəfər vətəndaşın xidmətdən yararlandığını bildirib. Qrup rəhbəri məcburi köçkünlər üçün xidmətlərin, xüsusilə də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsinin tam ödənişsiz olduğunu diqqətə çatdırıb. Qrup rəhbəri vətəndaşların əsasən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət etdiklərini vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab ediblər. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun (30 gün), 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), 2-27 sentyabr 2024-cü il (26 gün), Bakı Səyyar “ASAN xidmət” avtobusu isə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün), 2-29 aprel 2024-cü il (28 gün), 2-31 iyul 2024-cü il (30 gün), 2-20 dekabr 2024-cü il (19 gün), 3-28 aprel 2025-ci il (26 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.
Facebook-da paylaş