Hər bir azərbaycanlı üçün inam və ümid günü - Zəfər Qurultayı
Azərbaycan xalqı tarixin müəyyən dönəmlərində böyük sınaqlarla üz-üzə qalsa da hər zaman birlik, həmrəylik nümayiş etdirərək bir yumruğa çevrilməyi bacarıb. Dünya azərbaycanlılarının vahid milli dövlətçilik və Azərbaycançılıq ideyası ətrafında birləşməsi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan diasporunun yaradılması istiqamətində səfər etdiyi bütün ölkələrdə mütləq azərbaycanlılarla görüşür, milli həmrəylik, milli birlik naminə birləşmənin tarixi zərurət olduğunu təbliğ edirdi. Heydər Əliyev bu tarixi missiyanın gerçəkləşməsi üçün vaxtını və imkanlarını səfərbər edərək dünyaya səpələnmiş soydaşlarımızın ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs amal ətrafında sıx birləşməsi üçün hər şey etmiş, 1991-ci ildə hələ Naxçıvanda olarkən dekabrın 16-da imzaladığı Fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının HəmrəylikGünü elan etmişdi.
Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid günüdür. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın birlik və həmrəyliyi ilə bağlı ideyalarının həyata keçirilməsi bu gün Prezident İlham Əliyevin siyasətinin prioritetini təşkil edir. Prezident İlham Əliyev bu istiqamətdə qətiyyətli addımlar ataraq II, III, IV Qurultayların keçirilməsini təmin etmiş və Ulu Öndərin siyasətini daha da inkişaf etdirərək təkcə azərbaycanlıların deyil, bütün türk diasporunun birləşməsinin təbliğini həyata keçirmişdir. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporasının 1 nömrəli vəzifəsinə çevrilən erməni riyakarlığlının ifşası məsələsində soydaşlarımızın fəaliyyətində nəzərə çarpacaq irəliləyişlər hiss olunmuşdur. Məhz bu birlik, həmrəylik nəticəsində ermənilər bütün beynəlxalq qurumlarda yalanlarının ifşası ilə üzləşmiş və üzüqara geri dönmüşlər. Nəhayət 2020-ci ilin 27 sentyabrında başlanmış və cəmi 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, müharibə meydanında möhtəşəm qələbə ilə bütün dünya azərbaycanlıları fəxr və qürur hissləri yaşamışlar. Möhtəşəm qələbəmizdən sonra dünya azərbaycanlılarının növbəti qurultayı azad Qarabağda, Şuşada keçirildi. İllər sonra Şuşa öz tarixi sakinlərinin nəfəsləri ilə isindi. Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi və Zəfər adlandırılması bütün dünyaya, xüsusən də ermənilərə böyük mesajlar verdi.
Prezident İlham Əliyev aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında çıxış etdi və çıxışında bildirdi: "Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”. Prezident onu da bildirdi ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir. Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. "Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi” - deyən ölkə başçısı qeyd etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər. Milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız.
İnformasiya təxribatlarından danışan Prezident onu da bildirdi ki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır. Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.
Minsk qrupunun fəaliyyətinə də toxunan dövlət başçısı vurğuladı ki, Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. Məntiqsiz və əsassız bəyanatlar verməklə danışıqlar prosesinə son qoyuldu. Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. "Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq”, - deyə qurultay iştirakçılarına müraciət edən Prezident XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.
Prezident bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş