• Təqvim

  • Maraq



Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş mühazirə oxunub


Otuz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən zülmət dolu bir gecədə Xocalıda soydaşlarımızın qanı tökülmüş, canımızdan can ayrılmışdır. Xocalı hələ də qanayan, qaysaq bağlamamış, dərdinə çarə tapılmamış bir yaradır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımından 30 il ötür.

Respublika Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 28 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da icra edilir.

 

Fevralın 22-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən "İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda növbəti mühazirə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin V sinif şagirdlərinə  oxunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva mühazirəsində bildirib ki, 30 il bundan əvvəl erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük hərbi cinayət törədib, soyqırım siyasəti həyata keçiriblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayla birlikdə ermənilər Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə divan tutdu, uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin, o cümlədən 76 uşaq ağır yaralandı. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 nəfər isə girov götürüldü. 68-i qadın və 26-sı uşaq olmaqla 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayət bir daha Ermənistandakı hakimiyyətin əsl xislətini ortaya qoydu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Soyqırım zamanı və Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmadı. Ərazi bütövlüyümüz təmin olundu. Amma ərazi bütövlüyümüz təmin olunsa da, ermənilərin xalqımıza yaşatdığı faciələri gələcək nəsillərə çatdırmaq, onları yaddaşımızda saxlamaq, unutmamaq üçün hər il dövlət səviyyəsində anım tədbirləri qeyd edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə, dünya dövlətləri arasında tanınması üçün müəyyən tədbirlər həyata keçirilir. 2008-ci ildən bu günə qədər "Xocalıya ədalət” beynəlxalq kampaniyası geniş vüsət almışdır. Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

 

GOYEZEN.AZ



Facebook-da paylaş