• Təqvim

  • Maraq



“İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda mühazirə oxunub


Respublika Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 28 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən də icra edilir.

Fevralın 17-də Mərkəzin əməkdaşları tərəfindən Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin VII sinif şagirdlərinə "İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda mühazirə oxunub.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva mühazirəsində bildirib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc azərbaycanlı əhaliyə qarşı qeyri-insani cinayət əməlləri törətdilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Ermənilər Xocalıda törətdikləri soyqırım ilə cinayət və vəhşiliyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. 1993-cü ildə Ulu Öndərin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olunmuş, Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi 498 nömrəli qərarı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində davamlı olaraq sistemli fəaliyyət göstərilir. İndiki dövrdə dünya ictimaiyyəti erməni yalanını, erməni təcavüzünü və erməni vəhşiliyini yaxşı bilir. Dəqiq, düzgün məlumatlar dünya ictimaiyyətinə çatdırılır, Xocalıda törədilmiş cinayət beynəlxalq hüquq normalarına uyğun qiymətləndirilməlidir. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq.





 

GOYEZEN.AZ



Facebook-da paylaş